"Boğulan insana yardım edərkən hadisənin vəziyyətinə uyğun olaraq düzgün hərəkət ardıcıllığını izləmək vacibdir".
Bu barədə rusiyalı professor, həkim Marina Kostyuçenko danışıb.
Onun sözlərinə görə, boğulmaya səbəb müxtəlif amillər - qıcolmalar, ürək-damar xəstəlikləri, suya tullanma zamanı alınan travmalar və s. ola bilər. Lakin əsas ölüm səbəbi tənəffüsün və qan dövranının dayanması nəticəsində beyin hipoksiyasıdır.
"Boğulan şəxsi görən zaman dərhal xilasedicilərə məlumat verilməli, zərərçəkmiş mümkün qədər tez sahilə çıxarılmalı və təcili yardım çağırılmaqla ilkin tibbi yardım göstərilməlidir", - deyə o bildirib.
1-ci ssenari: Zərərçəkən şüurundadırsa
Bu halda ilk növbədə nəfəs yollarını su və mayelərdən azad etmək vacibdir.
"Onu önə əyərək öskürməsinə imkan yaradın, onu tək buraxmayın və mütləq təcili tibbi yardım briqadasını gözləyin. Tibbi heyət əlavə müalicəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək", - deyə həkim bildirib.
2-ci ssenari: Zərərçəkən huşsuz vəziyyətdədirsə
Bu zaman hər saniyə əhəmiyyətlidir. Həkimin tövsiyə etdiyi ardıcıllıq belədir:
- Zərərçəkmişi arxası üstə uzadın.
- Onu çiyinlərindən yüngülcə silkələyərək və səslənərək şüur vəziyyətini yoxlayın.
- Əgər şüur yoxdursa, başı arxaya əyərək tənəffüs yollarını açın.
- 10 saniyə ərzində "eşidirəm-görürəm-hiss edirəm" metodu ilə nəfəs alıb-almadığını qiymətləndirin.
- Əgər nəfəs almırsa, dərhal ürək-ağciyər reanimasiyasına başlayın:
"Boğulma zamanı reanimasiyaya beş süni nəfəs ilə başlanılır, sonra 30 sinə sıxması və iki süni nəfəsdən ibarət klassik ardıcıllıqla davam etdirilir. Reanimasiya ya təcili tibbi yardım gələnə, ya da zərərçəkmişin öz nəfəsi bərpa olunanadək davam etdirilməlidir", - deyə həkim əlavə edib.
3-cü ssenari: Zərərçəkənin nəfəsi varsa və ya bərpa olunubsa
Bu halda şəxsi sabit yan vəziyyətə gətirmək lazımdır. Bu vəziyyət dilin geriyə düşərək nəfəs yollarını bağlamasının və ya mədə tərkibinin nəfəs yollarına keçməsinin qarşısını almaq üçün optimal sayılır.
Oxu.az