İyunun 28-də Dövlət Bayrağı Meydanında Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və CBC Sportun dəstəyi ilə "Red Bull Car Park Drift" yarışması keçirildi.
Offsideplus.az xəbər verir ki, Azərbaycanda sayca 4-cü dəfə keçirilən yarış yüksək sürət, texniki bacarıq və şou elementləri ilə dolu yadda qalan bir axşam yaşatdı.
Pərviz Əzizov yarışmanın qalibi olaraq, 2026-cı ildə keçiriləcək Red Bull Car Park Drift Dünya Finalında ölkəmizi təmsil etmək şansı qazandı.
2-ci yeri Niyaz Bədiyev, 3-cü yeri Elçin Məmmədov, 4-cü yeri isə Fərid Quliyev tutdu.
Bu il yarışma dünya səviyyəli şou proqramla da yadda qaldı: dünyaca məşhur drift ustası Abdo Feqali və Avropanın tanınmış stunt motosikletçilərindən biri – Aras Gibieza ilk dəfə ölkəmizdə eyni arenada çıxış etdilər. Onların performansı zamanı Milli Rəqs Qrupu da şouya qoşularaq avtomobil, moto və rəqsin sintezindən ibarət, unikal və bir ilk olan çıxış nümayiş etdirdi.
Tədbir izləyicilərin böyük marağı ilə keçdi – tribunalar dolu, alqışlar fasiləsiz idi. 28 iyun 2025 tarixində Bakı bir daha drift mərkəzinə çevrildi!