RU

Raşizm – Müasir dünya üçün təhlükə və etinasız qalmaq olmaz!


Yekaterinburq şəhərində Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlıların yaşadığı mənzillərə edilən basqın, nəticədə bir neçə soydaşımızın həlak olması, bəzilərinin xəsarət alması və 9 nəfərin saxlanılması Azərbaycan ictimaiyyətində dərin narahatlıq doğurmuşdur. Bu hadisə təkcə hüquqi çərçivədə deyil, eyni zamanda etik və siyasi müstəvidə də qiymətləndirilməlidir.

Baş verənlər, təəssüf ki, təsadüfi və ya fərdi davranışlar deyil. Rusiyada uzun müddətdir müşahidə olunan və qeyri-rus xalqlara qarşı yönəlmiş ayrı-seçkilik siyasətinin təzahürüdür. Bu kimi hadisələr həm də Rusiyanın daxili etnik münasibətlər sistemində ciddi problemlərin olduğunu göstərir. Xüsusilə, postsovet məkanından olan xalqlara, o cümlədən azərbaycanlılara qarşı zaman-zaman müşahidə olunan sərt münasibət, artıq sadəcə sosial problemdən daha geniş ideoloji və siyasi mahiyyət alır.
Tarix boyu oxşar yanaşmaları görmüşük: 1990-cı il 20 Yanvar faciəsi, 26 fevral 1992-ci ildə baş verən Xocalı soyqırımı və digər hadisələrdə Rusiya hərbi-siyasi dairələrinin rolu inkarolunmazdır. Bu hadisələr, eləcə də Yekaterinburqda baş verən son basqınlar, bir daha bu münasibətin sistemli xarakter daşıdığını göstərir.
Bu gün beynəlxalq ictimaiyyətin və sülhpərvər qüvvələrin "raşizm" adlandırdığı ideoloji yanaşma, başqa xalqlara qarşı üstünlük iddiası, diskriminasiya və zorakı münasibət, Rusiya daxilində də etirazla qarşılanmalıdır. Çünki, bu siyasət, təkcə başqa xalqlara yox, rus xalqının özünə də təhlükə yaradır. Multietnik, çoxkonfessiyalı cəmiyyətlərdə bu cür ideoloji gedişlər heç vaxt uzunmüddətli sabitlik gətirmir.
Azərbaycan cəmiyyəti olaraq biz baş verən hadisəni kəskin şəkildə pisləyirik. Etnik zəmində törədilmiş istənilən zorakılıq, istənilən cinayət, hansı ölkədə baş verməsindən asılı olmayaraq, insan haqlarına və beynəlxalq hüquqa ziddir.
Əgər bu basqınlarla bağlı Rusiya dövləti məsuliyyət daşımırsa və hüquqi baxımdan özünü məsuliyyətli saymırsa, bununla bağlı açıq şəkildə üzr istəməli, baş verən hadisəni araşdırmalı və günahkar şəxslər barəsində ciddi hüquqi tədbirlər görməlidir. Əks təqdirdə, bu susqunluq və qeyri-şəffaflıq, həmin hadisəyə dolayı dəstək kimi başa düşülə bilər.
Təəssüf doğuran məqamlardan biri də odur ki, bu hadisə həm də regiondakı digər gərginliklərin fonunda baş verir. Müharibə şəraitində olan Ukraynada qeyri-rus xalqların məcburi şəkildə ön cəbhəyə göndərilməsi, mülki obyektlərin hədəf alınması, azad söz və azad iradənin boğulması artıq dünya miqyasında ciddi müzakirə mövzusudur. Bu fonda Rusiyada yaşayan azərbaycanlılara qarşı yönəlmiş sərt addımlar, narahatlıq doğurmaya bilməz.
Azərbaycan vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, ziyalılar və ictimai fəallar olaraq biz bu hadisəyə biganə qala bilmərik. Biz təkcə soydaşlarımıza deyil, ümumilikdə insan hüquqlarına, etnik bərabərliyə və ədalətə qarşı edilən bu hücuma etiraz səsimizi ucaldırıq.
Bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar bu hadisəyə hüquqi və siyasi qiymət verməlidir. Etnik zəmində zorakılıq harada və kimə qarşı baş verməsindən asılı olmayaraq, insanlıq əleyhinə cinayət kimi qəbul edilməlidir.
Unutmayaq: ədalət və insan haqları yalnız bir bölgənin deyil, bütün bəşəriyyətin ortaq dəyəridir. Bu dəyərlərə sadiqlik nümayiş etdirməyən rejimlər isə zamanla özləri də bu dəyərlərin yoxluğundan əziyyət çəkirlər.

Lamiyə İsazadə,
QHT sədri, yazıçı-publisist.

Избранный
10
22
baki-xeber.com

10Источники