Futbol üzrə İspaniya milli komandasının sağ cinah müdafiəçisi Sesar Aspilikueta Madrid “Atletiko”sundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 35 yaşlı Aspilikueta ilə müqavilənin müddəti başa çatıb. Tərəflər yeni sözləşməyə ehtiyac duymayıblar və yollarını ayırıblar.
Xatırladaq ki, Sesar Aspilikueta 2023-cü ilin yayında İngiltərənin “Çelsi” klubundan azad agent kimi ayrılmış və “Atletiko” ilə müqavilə bağlamışdı. O, bu komandanın heyətində bütün yarışlarda 54 matçda iştirak edib və 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aspilikueta karyerası ərzində “Çelsi”, “Osasuna” və “Olimpik” (Marsel) klublarının da formasını geyinib. O, İspaniya milli komandasında da 44 matça çıxıb, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı Aspilikuetanı 1,5 milyon avro məbləğində qiymətləndirir.