Elşad Həsənov: “Bütün bu baş verənlərin arxasında Rusiya prezidenti dayanır”
Hazırda Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin başında Rusiya rəhbərliyi, bilavasitə prezident Vladimir Putin durur.
Çünki Rusiya kimi ölkədə əsla bütün bunlar birinci şəxsin xəbəri və razılığı olmadan həyata keçirilə bilməz. Rusiya əsrlər boyu digər xalqlara qarşı belə siyasət yürüdüb və o baxımdan bu gün Putinin siyasəti də illərlə formalaşmış ənənənin davamıdır, daha sərt formasıdır. Bütün dünya yaxşı görür ki, Rusiya slavyan qardaşı olan Ukraynada əhaliyə qarşı necə amansız davranır, mülki yaşayış məntəqələrini necə məhv edir, dinc insanları öldürür.
O baxımdan maraqlıdır, Putin niyə bu etnik təmizləmə cinayətkar siyasətinə qurşanıb?
“İnsanlar istintaqsız, məhkəməsiz tutularaq öldürülür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, son illər Rusiyanın apardığı siyasət avtoritar rejimin apardığı siyasətə çevrilib: “Bunun nəticəsidir ki, Rusiya hakimiyyəti qardaş slavyan xalqı olan ukraynalıları qırmaqla məşğuldur. Rusiya-Ukrayna müharibəsi məhz belə siyasətin nəticəsində baş verdi. Eyni zamanda, Rusiyada yaşayan digər xalqlara qarşı da həmin diskriminasiya siyasəti həyata keçirilir. Problem ondadır ki, Rusiyada daxildə qeyri-ruslara bir nifrət var. Artıq Rusiyada açıq şəkildə digər xalqların, etniklərin obyektlərinə, özlərinə hücum edirlər. Bütün bunlar da Rusiyanın sonunun yaxınlaşmasının göstəricisidir. Hesab edirəm ki, Rusiyanın apardığı yanlış siyasət ancaq və ancaq bu ölkənin özünə ziyan vuracaq. O cümlədən, təbii ki, orada olan xalqlara və insanlara zərər vuracaq. Bütün bunlar Rusiyanı dağılmağa məhkum edir. Bütün bu baş verənlərin arxasında Rusiya prezidenti dayanır. Putinin razılığı olmadan dövlət strukturları təmsilçiləri digər millətlərə qarşı belə amansız davranmaz. Ən ali səviyyədə qərar verilib ki, digər millətlərin nümayəndələri hədəf alınsın. Çünki son vaxtlar bu siyasət sistemli xarakter alıb. Ona görə də burada hansısa təsadüfdən söhbət gedə bilməz. Görünən odur ki, Rusiya rəsmi səviyyədə şovinist siyasət yeridir. Bütün bunlar məhz Kremldən idarə edilir. Elə Yekaterinburqda baş verən hadisə də onu göstərir ki, onlar Kremldən verilən tapşırığı icra edirlər. Özü də bu açıq şəkildə beynəlxalq və Rusiyanın özünün qəbul etdiyi qanunlar pozulmaqla həyata keçirilir. İnsanlar istintaqsız, məhkəməsiz tutularaq öldürülür. 21-ci əsrdə belə vəhşiliyin törədilməsi Putinin apardığı siyasətin nəticəsidir”.
Vidadi ORDAHALLI