RU

“Mən batsam, dövlət xilas edər” dedi - ABŞ niyə "Lehman Brothers"i xilas etmədi?

Amin Fətəliyev
     Vergi məsləhətçisi 

Lehman qardaşları kim idi? Əslində, hadisə ilə əlaqəsi olmayan bu yəhudi tacir qardaşlar şirkətin 1 əsr əvvəlki qurucuları idi. Ad olaraq damğa kimi qalsa da, qardaşlarla heç bir əlaqəsi olmayan lakin onların vaxtilə qurduğu şirkəti bataqlığa aparan və dünya iqtisadiyyatına ballistik raket atan şəxs Richard Fuld idi. Nə etmişdi?

2000-ci illərin əvvəlində ABŞ-da ipoteka sahəsi sürətlə böyüyürdü. Kredit şərtləri yumşaq idi, gəliri az, tarixçəsi problemli, hətta işsiz şəxslərə verilən (subprime) kreditlər artırdı. Kreditləri verən banklar bunları özlərinə yük edib saxlamırdılar, 100-lərlə ipoteka kreditini 1 paket (MBS – Mortgage backed securities) yəni “ipoteka ilə təmin edilmiş isitiqraz” halına salıb investorlara satırdılar. Ən yaxşı alıcıları da Lehman Brothers idi.

Lehman bu MBS paketlərini, fərdi ipoteka kreditlərini alır, onları risk qrupları şəklində birləşdirib daha mürəkkəb (CDO - Collateralized Debt Obligation yəni “girov təminatlı borc öhdəliyi”) paketlər yaradırdı. Bu paketləri azdan çoxa doğru risk dərəcəsi ilə bölüşdürmüşdü. İşin ən kritik nöqtəsi də burada idi. Çünki Moody’s və S&P kimi reytinq agentlikləri bu paketləri qiymətləndirəndə araşdırmırdılar. Ən az riskli paketə “AAA” reytinqi versələr də, tərkibində çox zəif kreditlər də olurdu. Şirkət səhvində, yaxud saxtakarlığında desək, bu əməlində domino effektini nəzərə almadı. Bu hadisə haqqında çəkilmiş məşhur “The Big Short” filmində buna “bu sistem kartdan evdir. Aşağıdakı kartlar yıxılanda bütün sistem çökür” ifadəsi ilə işarə edilir. Lehman yaratdığı bu paketlərin bir qismini fondlara, investorlara satırdı. Qalanlarını da öz balansında saxlamaqla öz maliyyə vəziyyətinin çox yaxşı olduğunu göstərməyə çalışırdı. 

2000-2005 dövründə evlərin qiyməti kəskin qalxırdı. Çünki tələb sürətlə artırdı. Demək olar ki, hər kəsə verilirdi deyə, əhali aldıqca almaq istəyirdi. Filmin bir səhnəsində barda işləyən bir işçi “mənim 5 evim var” deyir.

Ev alan bir neçə ay sonra evini daha baha sata bilirdi. Ev qiymətləri artdıqca faiz dərəcələri də çoxalır, aylıq ödənişlər artırdı. Cəmiyyətdə “hər il qiyməti qalxır” düşüncəsi ilə “sonsuz yüksəliş” illuziyası yaranmışdı. Ağıllı adamlar (sonda kim olduqlarını biləcəyik) “əmlak bazarı şardır” deyirdi. Şar davamlı şişə bilməz, bir yerdə dayanıb partlamalıdır. Belə də oldu.

2006-cı ildə artıq tələb dayanmağa başladı. İnsanlar artmaqda olan evləri almaqdan imtina etdilər. Həmin ilin ortalarında ev qiymətləri stabil dayandı və Titanikin zirvədə bir az dayanıb sonra düşdüyü kimi sürətlə düşməyə başladı. Bu da təhlükə demək idi, çünki insanların aldıqları evlər borc məbləğindən daha ucuz olmuşdu.
İpoteka kreditində bildiyimiz kimi alınan ev özü girov kimi bankın təminatıdır. Yəni sən borcu ödəməsən, bank evi satıb borcunu geri ala bilər. Amma ev 300 min dollara alınıb bazarda 200 min dollara düşübsə?!

2007-ci ildə ABŞ-da vəziyyət belə idi və “underwater mortgage” adlanırdı. Yəni evin dəyəri borcdan azdır. Bu zaman əhali aylıq ödənişləri gecikdirməyə, ödəməməyə başladılar. Kreditlər batdı, banklar zərər etməyə başladı. “Lehman Brothers”in əlində milyardlarla dollar dəyərində MBS və CDO paketlər var idi. Əmlakların dəyəri düşür, aylıq ödənişlər dayanır və bu paketlərin dəyəri sürətlə düşməyə başlayırdı. Artıq investorlar pullarını tələb edir, kim nə qədər bacarsa geri alırdı. Lehman bu vəziyyətdə çöküşü qəbul etmədi, saxtakarlığa baş vurdu. Maliyyə hesabatlarında girov müqabilində əldə etdiyi pulları satışdan gələn vəsait kimi göstərməklə investorlara “yaxşı” görünməyə çalışırdı. Buna göz yuman rəsmi (məşhur) auditoru sonradan 10 milyon dollar cərimə ödəməklə məsuliyyətdən yayındı. Etik fırıldaqlar da Lehmana kömək etmədi, əlindəki milyardlarla dollarlıq “çürük” kağızlar sayəsində nə borc və kredit ala bilirdi, nə də satıb borclarını ödəyə bilmirdi. Şirkətin ən böyük problemlərindən biri də “Too big to fail” – düşmək üçün çox böyük olduqlarını düşünmələri və maliyyə bazarında “moral hazard” adlanan etik risk etməsi idi. Yəni, “mən batsam, dövlət xilas edər”. Həmin illərdə FED və ABŞ hökuməti “Bear Stearns”, “Fannie Mae”, “Freddie Mac” kimi nəhəng bank və ipoteka qurumlarını xilas etmişdi. Lakin Lehmanı xilas etmədi.

Dövlət düşünürdü ki, daha bir şirkəti xilas etsək, hamısı bizdən asılı risk etməyə davam edəcək. Həmçinin ictimai təzyiqə görə bunu etmək istəmədilər. Çünki bu xilas vergi ödəyicisinin pulu ilə şıltaq sahibkarı şirnikləndirmək idi.

2008-ci ilin sentyabrında Lehman Brothers 613 milyard dollarla rəsmi iflas etdi. Bu təkcə maddi iflas deyildi. Maliyyə bazarlarında etimad da ölmüşdü. İnvestorlar qorxuya düşdü, əmanətçilər pullarını çəkdi, banklar borc, kredit verməyi dayandırdı. Likvidlik qurudu, çünki heç kim sabah nə olacağını təxmin edə bilmirdi. Domino effekti ilə tikinti, istehsal, sənaye sahələri dayandı. Bu da səbəb olurdu ki, ixrac və idxal kəskin azaldı. Bu gedişlə böhran dünya iqtisadiyyatını bürüdü. 

Ardında baş verənlər (kütləvi işsizlik, böhranın təsirləri) hamımıza məlumdur. Bəs bu hadisədə kimlər qazandı? Eyni vaxtda istisnasız hamı itirə bilməzdi, qazananlar da olmalı idi.

Bunlar ipoteka sistemində şar kimi şişən riski əvvəldən görüb qarşı çıxanlar, əhəmiyyət verilmədikdə bu sistemin çökəcəyinə dair mərc edən maliyyəçi və investorlar idi. Adları tarixdə məlumdur. Məqalədə sitat gətirdiyimiz “The Big Short” filmi 2008 böhranı və bu böhranda mərc ilə qazanan həmin şəxslər və hadisələr haqqındadır. Filmdə cahillik tənqid olunur. Çünki maliyyə bazarı anlaşılmaz hala gəldiyində kütlə anlamır və fırıldaq rahat yayılır.

Избранный
4
valyuta.az

1Источники