RU

Bu, vəhşilikdir, bütün bir xalqın ləyaqətinə toxunmaqdır!” – KOMİTƏ SƏDRİ

“Son günlər Rusiya ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən qeyri-qanuni, qəddar və alçaldıcı davranışlar, hamı kimi, məni də dərindən sarsıtdı və qəzəbləndirdi. Bu hadisələr təkcə hüququn pozulması deyil, həm də mənsub olduğum millətə qarşı açıq-aşkar hörmətsizlik, insan ləyaqətinə zidd olan vəhşilik nümunəsidir”.
ONN media “AzPolitika”-a istinadla xəbər verir ki, bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov son günlər Rusiyada azərbaycanılara qarşı artan təzyiqlərlə bağlı danışarkən dilə gətirib.
O, bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının Yekaterinburqda öldürülməsi, digər azərbaycanlıların isə döyülməsi, işgəncə görməsi, ailələrinin qorxu içində saxlanması – bunlar “cinayətkarla mübarizə” adı altında gizlədilən etnik ayrı-seçkilikdir. “Daha dəhşətlisi odur ki, Rusiya tərəfinin bəzi rəsmiləri bu hadisəni sadə bir “əməliyyat” kimi qələmə verir, yaxud da heç bir izah vermədən susmağa üstünlük verirlər. Bu isə açıq şəkildə vəziyyətə müdafiəkar və məsuliyyətsiz yanaşmadır. Bəzi rusiyalı rəsmilər – guya hüquqi dövlət təmsilçiləri – bu hadisələri “təhlükəsizliyin təminatı” kimi təqdim edir, sanki azərbaycanlı olmaq artıq təhlükədir. Bu hansı məntiqə sığır? Hüququn aliliyi adı altında bir xalqı hədəfə almaq, onun fərdlərinə qarşı zorakılıq tətbiq etmək hansı müasir dövlətdə qəbul edilə bilər? Mən Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdə nümayiş etdirdiyi selektiv və vəhşi davranışları qətiyyətlə pisləyirəm. Bu, nə dostluğa, nə qonşuluğa, nə də beynəlxalq norma və konvensiyalara uyğundur”.
S.Qurbanov qeyd edib ki, onu daha çox qəzəbləndirən hadisənin ardınca gələn açıqlamalar və ikili standartdır. “Əgər bu cür zorakılıq hansısa başqa xalqın nümayəndələrinə qarşı baş versəydi, çox güman ki, Rusiya ictimaiyyəti və beynəlxalq KİV ayağa qalxardı. Amma bu gün azərbaycanlılara qarşı edilən vəhşiliklərə qarşı ya səssizlik var, ya da hadisə “fərdi hal” kimi təqdim edilir. Halbuki, bu, sistemli və təhlükəli bir tendensiyanın göstəricisidir. Mən bir azərbaycanlı kimi qürur duyuram ki, mənim dövlətim – Azərbaycan və onun rəhbərliyi vətəndaşlarını, harada yaşamasından asılı olmayaraq, müdafiə edir. Xarici İşlər Nazirliyimizin dərhal reaksiya verməsi, dövlət qurumlarımızın lazımi diplomatik addımları atması məni bir qədər olsun rahatlatdı.
Amma mənim üçün əsas məsələ – xalqımızın bu məsələyə biganə qalmamasıdır. Bu, təkcə Yekaterinburqda yaşayan bir neçə azərbaycanlının problemi deyil. Bu, bütün bir xalqın ləyaqətinə toxunulmasıdır. Və bu toxunuşa susmaq – sabah özümüzə qarşı ediləcək haqsızlığa qapı açmaqdır”.
“Bu hadisələr fonunda biz bir daha sübut etdik ki, azərbaycanlı olaraq harada yaşamağımızdan asılı olmayaraq, bir yumruq kimi birləşməliyik. Təxribatlara uymamalı, emosional deyil, ağıllı və milli maraqlara söykənən davranış ortaya qoymalıyıq. Və hər şeydən önəmlisi Prezidentimizin ətrafında sıx dayanmalıyıq. Çünki bu gün bir xalqın mübarizəsini yalnız ordu deyil, həm də milli həmrəylik və dövlətə inam qazanır”, - komitə sədri fikrini yekunlaşdırıb
Избранный
21
50
onn.az

10Источники