RU

Rusiya azərbaycanlılara təzyiqə davam edərsə, nələr ola bilər? 6 ssenari

Azərbaycan və Rusiya arasında münasibətlərdə əvvəllər müşahidə olunmamış dərəcədə ciddi bir çat yaranıb.

Azərbaycan hökuməti artıq uzun müddətdir Moskvanın davranışlarından narazıdır.

Rusiya isə cavab olaraq, Bakıya təzyiq göstərmək məqsədilə Azərbaycan hökuməti üçün ən həssas nöqtəni - iqtisadi səbəblərlə Rusiyaya üz tutmuş Azərbaycan vətəndaşlarını hədəfə almış kimi görünür.

Bu vəziyyət Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı üçün ciddi narahatlıq doğurur və ikitərəfli münasibətlərdə yeni gərginlik mərhələsinin başlandığını göstərir.

Bəs əgər Rusiya öz ərazisində yaşayan azərbaycanlılara təzyiq göstərməyə davam edərsə, nələr ola bilər? 6 mümkün ssenarini təqdim edirik.

Bizə danışın: Rusiyada yaşayan azərbaycanlısınızmı?

1.Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərim gərginləşməsi

Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən polis əməliyyatı, iki nəfərin ölməsi və bir neçəsinin saxlanılması Bakının sərt reaksiyasına səbəb olub. Mədəni tədbirlər və rəsmi səfərlər ləğv olunub.

Əgər bu cür hadisələr və etnik azərbaycanlılara Rusiyada təzyiqlər davam edərsə, Azərbaycan hökumətinin növbəti addımı Rusiyadakı diplomatlarını geri çağırmaq ola bilər və cavab olaraq, Rusiya da öz diplomatlarını geri çağırar.

Bu cür diplomatik eskalasiya isə ilk növbədə sadə vətəndaşlara, xüsusilə Rusiyada yaşayan və ya Rusiya ilə ticarət edən azərbaycanlılara zərbə vura bilər.

2. Ticarət əlaqələrinin kəsilməsi

Azərbaycan və Rusiya arasında əsas ticarət əlaqələrindən biri kənd təsərrüfatı məhsullarının xüsusilə meyvə-tərəvəzin bir-birinə ixracıdır.

Hazırda Rusiya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır. Rusiyanın əsas ticarət partnyorları isə Çin, Türkiyə, Belarus və digərləridir.

Əgər münasibətlər daha da soyuyarsa, gömrükdə yüklərin saxlanılması, ixracatçılara əlavə yoxlamalar, lisenziya və kvotalarla bağlı maneələr kimi inzibati əngəllər arta bilər.

Bu isə Azərbaycanın kənd təsərrüfatı sektoruna birbaşa iqtisadi ziyan vura bilər.

Həmçinin Rusiyada yaşayan yüz minlərlə azərbaycanlının hüquqi və sosial vəziyyəti daha da çətinləşə bilər.

Rusiya isə pomidor və digər kənd təsərrüfatı mallarının yoxluğundan çox da ziyan çəkməz, çünki onlar başqa qonşu ölkələrdən də idxal olunur.

Rusiya Azərbaycan üçün mühüm bazardır, çünki öz kənd təsərrüfatı məhsullarını Avropa bazarlarına çıxara bilmir.

3. Azərbaycanlıların Rusyadan kütləvi geri axını və ya məcburi deportasiya

Məsələ yalnız Rusiyadakı azərbaycanlıların orada yaşayışının pisləşməsiylə bitməz, həm də böyük sayda azərbayanlı miqrantlar Azərbaycana qayıtmağa məcbur edilə bilər.

Azərbaycan quru sərhədlərini bağlı saxladığından bu onlar üçün ikiqat çətin vəziyyət deməkdir, amma bir çoxları da təyyarə vasitəsilə ölkəyə qayıda bilər.

Bu, təkcə Rusiyada tikinti və digər sektorlarda fəhlə sayının azalması demək deyil, həm də Azərbaycan iqtisadiyyatına ağır yükdür.

Söhbət təkcə yüz minlərlə insanın Azərbaycana gəlməsindən getmir, bu, həm də ölkədəki ailələrə Rusiyadakı azərbaycanlıların göndərdiyi pulun kəsilməsi deməkdir.

4. Azərbaycanda artan anti-rus fikirlər

Azərbaycanda dövlətin maliyyələşdirdiyi rus məktəbləri fəaliyyətinə davam edərsə belə, ölkədəki ictimai rəydə böyük dəyişiklik baş verə bilər.

Əgər dövlətin nəzarətindəki mediada anti-rus təbliğatı başlayarsa, bu, Rusiya və ruslar əleyhinə fikirlərin geniş yayılmasına səbəb ola bilər.

Hazırda Sovet illəriylə müqayisədə Azərbaycanda yaşayan rusların sayı xeyli azdır. 2019-cu ilin rəsmi statistikasına görə, Azərbaycanda 70 mindən çox rus yaşayırdı.

Sovet İttifaqı dağılmazdan öncəki illərdə isə, bu rəqəmin yarım milyona yaxın olduğu bildirilir.

Son illərdə Rusiyaya tətbiq edilən sanksiyalara görə, ruslar Azərbaycandan xarici ölkələrə tranzit kimi də istifadə edir.

Gərginlik rus turistlərin də ayağını Bakı vasitəsilə uçuşlardan kəsə bilər.

5. Rusiyada potensial daxili toqquşmalar

Azərbaycanda anti-rus fikirlərin qisası Rusiya ərazisində alına bilər.

Azərbaycanlılara qarşı təkcə polis reydləri deyil, həm də kütlənin hücumları baş verə bilər. Və belə hücumlar artaraq daha çox insanı əhatə edə bilər.

Yəni bunun təsiri təkcə Azərbaycana və azərbaycanlılara olmaz - qızışan kütlə azərbaycanlıları ermənidən və ya özbəkdən ayırmaya bilər, digər qafqazlı və Orta Asyiyadan gələn immiqrantları da cənginə ala bilər və ''qastarbayterlər'' ümumi hədəfə çevrilər.

Bu isə Rusiya cəmiyyətində yaşayan milyonlarla azsaylı xalqlar üçün sistemli diskriminasiya və zorakılıq riski deməkdir.

Bu cür ssenaridə etnik qarşıdurmalar yalnız Azərbaycan və azərbaycanlıların problemi olmayacaq.

Regionda yerləşən digər ölkələrin - Ermənistan, Gürcüstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və digərlərinin vətəndaşları təhlükə ilə üz-üzə qala bilər.

Beləliklə, Rusiyada daxili sabitliyin pozulması postsovet məkanında genişmiqyaslı bir böhrana yol aça bilər.

6. Qərbə daha da yaxınlıq?

Bunu sual işarəsi altında təhlil edirik, çünki Azərbaycanda hökumətin Qərbə yaxınlığının hazırkı səviyyədən uzağa gedəcəyini proqnozlaşdırmaq çətindir.

Azərbaycanda insan haqlarının ağır vəziyyəti Avropa ölkələrinin hökumətlə münasibətlərinə təsir edə bilməyib.

Səbəb isə Rusiyadır, çünki rus qazından asılılığı azaltmaq istəyən Qərbə Azərbaycanın enerji resursları lazımdır.

Azərbaycan gərginlik yaranacağı halda, Rusiyanın önəm verdiyi enerji layihələrindən çəkilə bilər.

Avropaya bundan artıq yaxınlıq - məsələn, Avropa İttifaqına namizədlik isə Azərbaycan hökumətinin gündəliyində deyil.

Redaktorun qeydi: Bütün bunlar fərziyyələrdir, yalnız vəziyyət gərginləşərsə baş verə biləcək hadisələrin mümkün versiyalarıdır.

Избранный
19
50
bbc.com

10Источники