RU

DİQQƏT: Manat təzyiqlə üzləşə, ərzaq bahalaşa bilər 

“Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi milli valyutaya təzyiq yarada və ölkədə ərzaq qiymətlərində artıma səbəb ola bilər. Xarici ticarət balansının müsbət olması ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycanın əsas xarici valyuta mənbəyi neft və qaz satışlarıdır və bu amil valyuta sabitliyində mühüm rol oynayır”.

Bu sözləri Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib.

SON

“Lakin qeyri-neft sektorunda, xüsusilə, kənd təsərrüfatı sahəsində ixracın əsas hədəf bazarı Rusiya Federasiyasıdır. Azərbaycan fermerlərinin məhsullarını çıxardığı əsas bazarın məhz Rusiya olması bu sahədə riskləri artırır. Rusiya ilə siyasi münasibətlərdə yaşanan hər hansı gərginlik iqtisadi və ticarət rıçaqları vasitəsilə təsir formasında özünü göstərə bilər.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Zəfər paradından cəmi bir gün sonra Azərbaycandan Rusiyaya pomidor ixracına qadağa qoyulmuşdu. Səbəb kimi pomidorlarda bakteriyaların aşkarlanması göstərilsə də, bu addım siyasi müstəvidə qiymətləndirilmişdi. Belə halların təkrarlanması Azərbaycanın qeyri-neft ixracatçıları üçün iqtisadi çətinliklər yarada bilər.

Rusiya bazarına alternativ bazarların tapılması üçün logistika və sənədləşmə məsələlərinin həlli vacib sayılır. Dünya üzrə bir sıra böyük bazarlar olsa da, orada rəqabətə davamlı olmaq və məhsulu vaxtında çatdırmaq üçün ciddi infrastruktur tələb olunur”.

İqtisadçı hesab edir ki, Rusiya ilə ticarətdə yaşanacaq istənilən daralma Azərbaycanın qeyri-neft sektoruna, xüsusilə də aqrar sahəyə mənfi təsir edəcək.

“Bu isə nəticə etibarilə milli valyutaya təzyiq formalaşdıra və daxili bazarda ərzaq məhsullarının qiymət artımına səbəb ola bilər”.

Mütəxəssis bildirir ki, bu risklər əvvəlcədən qiymətləndirilməli və nəzarət altına alınmalıdır. Azərbaycanın qeyri-neft sektoru, xüsusilə, aqrar sahə üçün yeni bazarların açılması və ixrac yollarının diversifikasiyası prioritet kimi qəbul edilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Избранный
19
45
konkret.az

10Источники