"Renault Qrup"u "Nissan"dakı payının yenidən qiymətləndirilməsi səbəbindən ilin ilk yarısında 9,5 milyard avro zərər görəcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, yenidən qiymətləndirmə "Renault"un mühasibat hesablamalarında edilən dəyişikliklərlə bağlıdır.
Əvvəllər Fransa konserni "Nissan"dakı payını kapital metodundan istifadə edərək qiymətləndirirdi. İndi o, maliyyə aktivi sayılacaq və yapon istehsalçısının birjadakı səhmlərinin dəyəri əsasında qiymətləndiriləcək. Nəticədə, səhmlərin qiymətləndirilməsi iyunun 30-da təsbit olunmuş təqribən 1500-dən 340 yenaya endirilib.
2023-cü ilin əvvəlində "Renault" və "Nissan" alyansda islahat elan ediblər. Bu prosedur çərçivəsində "Renault" Yaponiya şirkətindəki payını 43%-dən 15%-ə endirib, "Nissan" səhmlərinin 28,4%-ni Fransanın trast fonduna köçürüb. Çıxarılan səhmlər sahiblərinə "Nissan"ın idarə olunması ilə bağlı əksər məsələlərdə səsvermə hüququ vermir, lakin onlar sahiblərinə maliyyə faydası verməyə davam edirlər. Eyni zamanda, müqavilə "Renault"un bu səhmləri ya "Nissan"ın özünə, ya da Yaponiya şirkətinin razılığı ilə üçüncü tərəfə satmaq hüququnu nəzərdə tutur. Və Yaponiya şirkəti bu səhmləri almaqdan ilk imtina hüququnu özündə saxlayır. 2023-cü ilin sonunda "Nissan" "Renault"dan öz səhmlərinin 5%-ni geri alaraq bu seçimdən istifadə edib.
Paşa Məmmədəli