İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusuna həsr olunmuş Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunun bağlanış mərasimində çıxış edib.
Bu barədə Operativ Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu forum çərçivəsində keçirilən panel sessiyalarda bir çox mühüm məsələlər üzrə də hərtərəfli müzakirələr aparılıb.
Panel müzakirələrinin mövzuları təkcə parlament komitələrinin fəaliyyətinin əsas aspektlərini deyil, həm də ölkələrimizin bu gün fəal əməkdaşlıq etdiyi istiqamətləri əks etdirir.
Milli Məclisin sədri sonda forumun uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb.
Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva forumun əhəmiyyətindən danışaraq, tədbirdə müzakirə edilmiş məsələlərin vacibliyini qeyd edib.
Tədbirin sonunda Xivə Bəyannaməsi qəbul edilib.