RU

Analitik: Azərbaycan İranın düşməni deyil

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Pezeşkianın Azərbaycana növbəti səfəri ziddiyyətləri aradan qaldıra bilər

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Pezeşkian səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək. İyulun 3-4-də keçiriləcək sammitə digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaqlar. Xatırladaq ki, iyunun 26-da Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub. Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Ölkə rəhbəri bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib. Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. M.Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Məhz həmin görüşdə Prezident İlham Əliyev iranlı həmkarını İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət edib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfər etməsi olduqca önəmli hadisələrdən biridir. Ekspertin sözlərinə görə, Pezeşkianın səfəri mühüm proseslərin inkişafı üçün xüsusi əhəmiyyət daşıyan addımdır:

 "Azərbaycan və İran münasibətlərinin daha pozitiv istiqamətlərə yönəldilməsi hər iki dövlət üçün böyük önəm daşıyır. Bu baxımdan Azərbaycanın siyasi rəhbərliyinə daxil olan şəxslərin yüksək rütbəli dövlət təmsilçilərinin, eləcə də İran rəhbərliyində təmsil olunan rəsmilərin qarşılıqlı səfərləri hər iki tərəf üçün faydalıdır. Bu səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verə bilər. Eyni zamanda Pezeşkianın təkrarən Azərbaycana gözlənilən səfəri İranda ölkəmizə qarşı aparılan təbliğatın qarşısının alınmasına təsir göstərə bilər. İranda bəzi dairələr Bakı-Tehran əlaqələrinin gərgin qalmasında maraqlıdırlar. Həmin dairələr artıq anlamalıdır ki, Azərbaycan İrana dost ölkədir".

E.Xalidbəyli əlavə edib ki, iki ölkənin geopolitik, geoiqtisadi, ticari, nəqliyyat, kommunikasiya və s. istiqamətlər üzrə ortaq maraqları mövcuddur: 

"Bu maraqların reallaşdırılması olduqca vacibdir. Azərbaycanı ittiham etməklə, İrana qarşı bir dövlət kimi göstərməklə, reallıqdan uzaq qərəzli uydurmalarla ikili münasibətləri inkişaf etdirmək olduqca çətindir. İran prezidentinin ölkəmizə növbəti səfəri çərçivəsində münasibətlərin səviyyəsinin və bu əlaqələrə zərbə vuran məqamların müzakirə olunacağı şübhəsizdir. Belə səfərlər istənilən halda dövlətlərin bir-birinə yaxınlaşması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ortaq maraqların inkişaf perspektvilərinin gözdən keçirilməsi baxımından önəmlidir. Hesab etmək olar ki, məhz indiki məqamda İran rəhbərinin ölkəmizə səfəri anlaşılmazlıqların aradan qaldırılmasına öz töhfəsini verəcək".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
50
sherg.az

10Источники