Bu günlərdə müsəlmanların ən vacib ziyarətgahlarından olan Kəbənin örtüyü dəyişdirilib. 47 hissədən ibarət, 1415 kiloqramlıq örtüyün dəyişdirmə prosesi saatlarla davam edib. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək və 180 kiloqram gümüş və qızıl istifadə olunub. Ümumilikdə örtüyün hazırlanmasına 6 milyon dollara yaxın pul xərclənir.
Kəbə örtüyü Məkkədə Kral Əbdüləziz Kisva Kompleksində istehsal olunur. Dünyanın 16 metrlik ən böyük kompüterlə işləyən tikiş maşını məhz bu fabrikdədir. Xam ipək isə İtaliya və İsveçrədən gətirilir.
Hər il xüsusi həvəs və ehtiramla hazırlanan, böyük vəsatlər hesabına başa gələn Kəbənin qızıl və gümüşlü örtüklə bəzədilməsi İslam alimləri arasında mübahisəyə səbəb olur.
Bəzi alimlər Kəbənin qızıl və gümüşlə bəzədilməsinin Allaha hörmət və ibadətin əhəmiyyətini vurğulamaq üçün edildiyini, digərləri isə bunun israfçılıq və göstəriş olduğunu düşünürlər.
Mövzuyla əlaqədar Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan deyir ki, Kəbənin yaxud hansısa məscidin bahalı örtüklə örtülməsi böyük israf və şöhrətbazlıq, təkəbbür əlamətidir ki, bunlar da İslamda haramdır.
Kəbə artıq ibadət evi yox, biznes mərkəzidir
“Kəbə artıq bir sülalənin biznes obyektidir. Hətta imamın namazda xütbə oxuduğu mikrofonlar da qızıldandır. Peyğəmbər əsla belə tövsiyələr etməyib, sadə yaşayıb və sadəliyi əmr edib. Kərbəlada, Məşhəddə də imamların məzarının günbəzinə tonlarla qızıl işlənib. Ümumiyyətlə İslam dinində məzara yaxud məscidə qızıl vurmaq haramdır. Pula, vara, şöhrətə meylli ərəblər də buna uyub Kəbəni artıq ibadət evi yox, biznes mərkəzi kimi istifadə edirlər. Peyğəmbər kasıb yaşayıb, məscidləri zinətə bürüməyi də yasaq edib. Qəbirlərə nəinki qızıl, günbəz hətta hündür daş qoymağı belə yasaqlayıb”.
İlahiyyatçı bildirib ki, hazırda İslam dininə kənar müdaxilələr çoxdur.
“Müsəlmanlar yolunu azıb. Dini təhrif ediblər. Arzularını və nəfsi istəklərini din adı altında həyata keçirirlər. Qərbin bəzi ideoloji institutları əsasən Səudiyyə Ərəbistanında dinin özəyini, illiyini məhv etmək üçün böyük əmək sərf edir. Kəbəni qızıla tuturlar, Somalidə, Fələstində isə uşaqlar acından ölürlər. Təbii ki, bu ədalətsizlik və zülmdür. Yaxud İmam Hüseynin məzarını qızıla bürüyüblər, ancaq türbənin həyətində dilənən yetimlər var. Bu mövzuda mərhum şairimiz Bəxtiyar Vahabzadənin məşhur şeiri də var ki, “İmamlar qızıl-gümüş içində, ancaq ümməti bayırda dilənir...””
Şəfiqə Şəfa, Bizim.Media