Azərbaycanda "Media haqqında" Qanuna əlavə və dəyişikliklər edilir.
Moderator.az xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.
Qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilmiş, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilmişdir.
Qanuna təklif edilən dəyişikliyə əsasən isə, media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.
Bildirilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.
Vurğulanır ki, Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə “Media haqqında” Qanuna dəyişikliklərin edilməsi təklif olunur.
Qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilir ki, saxta xəbərlərlə mübarizəistiqamətində oxşar təcrübə Türkiyənin qanunvericiliyində mövcuddur.
Belə ki, internet mediasını dövri nəşrin əhatədairəsinə daxil edən və media tərəfindən şərti olaraq “Dezinformasiya ilə mübarizə qanunu” adlandırılan layihə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmişdir.
Bildirilir ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcəkdir.
Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiya agentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətinin əsas istiqamətlərindəndir. Qanuna təklif edilən dəyişikliyə əsasən informasiya agentliyinin azı 20 media subyekti ilə məlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindən istehsal edilmiş olmalıdır.
Əlavə olunub ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər etmiş və bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürmüşlər. Bu amili nəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.
Qanuna təklif olunan dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir.