RU

Tahir Gözel “Green Tech”də Özbəkistanın kənd təsərrüfatı naziri ilə görüşdü - FOTOLAR

“Green Tech” MMC-nin təsisçisi, rəhbəri Tahir Gözel və baş direktoru Nizami Heybətov Özbəkistanın kənd təsərrüfatı naziri Ibrokhim Abdurakhmonovla görüşüb. 

Gundem.az xəbər verir ki, görüş zamanı tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.

Nazir Abdurakhmonovun rəhbərlik etdiyi nümayəndə heyəti “Green Tech”in müasir istixana kompleksi ilə tanış olub və Azərbaycanın innovativ aqrotexnologiya və kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətlər barədə geniş təqdimatla qarşılanıb. Tahir Gözel və Nizami Heybətov tərəfindən qonaqlara müəssisənin texniki imkanları, idarəetmə sistemi və məhsullar barədə ətraflı məlumat təqdim olunub. 

Tərəflər kənd təsərrüfatında innovasiya və texnologiya transferi, aqrobiotexnologiyalar, genomika və dayanıqlı istehsal sahələrində əməkdaşlıq potensialını qiymətləndiriblər. Görüş zamanı Tahir Gözel Azərbaycanın kənd təsərrüfatı sektorunda son illərdə baş verən sürətli inkişaf, tətbiq olunan texnoloji yeniliklər və ixracyönümlü istehsal imkanları barədə ətraflı məlumat verib. Eyni zamanda, Gözel Özbəkistanın bu sahədəki təcrübələri və uğurlarına böyük maraq göstərib, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişlənməsinin vacibliyini vurğulayıb.

Nazir Abdurakhmonov Azərbaycandakı səfərindən və “Green Tech”də gördüyü inkişafdan məmnunluğunu və dərin təəssüratlarını ifadə edərək, səfərin gözləntilərini tam qarşıladığını bildirib. 

Görüş zamanı akademik Abdurakhmonov kənd təsərrüfatı sahəsində Özbəkistanın son illərdə həyata keçirdiyi sistemli islahatlar və texnologiya yönümlü yanaşmalar barədə geniş çıxış edib. O, ölkəsində kənd təsərrüfatının müasirləşdirilməsi istiqamətində aparılan işlərə, aqrobiotexnologiyaların tətbiqinə və dövlətin bu sahəyə verdiyi xüsusi önəmə toxunub. Nazir bildirib ki, Özbəkistan artıq Mərkəzi Asiya bölgəsində kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiq olunduğu nüfuzlu mərkəzlərdən birinə çevrilməkdədir.

Abdurakhmonov həmçinin texniki bilik və praktiki təcrübənin inkişafından bəhs edərək, xüsusilə genomika sahəsində əldə olunan nəticələri diqqətə çatdırıb. 21-ci əsrin əsas biotexnoloji nailiyyətlərindən biri olan CRISPR texnologiyasının Özbəkistanda kənd təsərrüfatına tətbiqi üzrə konkret nümunələr təqdim edib. O, bu sahədə əldə edilən bilik və bacarıqları “Green Tech” ilə məmnuniyyətlə bölüşməyə hazır olduqlarını bildirib.

Nazir Abdurakhmonov görüşün sonunda Azərbaycanda gördüklərindən dərin təəssüratla ayrıldığını bildirib və kənd təsərrüfatı sahəsində aparıcı investor kimi Tahir Gözeli Özbəkistana rəsmi səfərə dəvət edib. Gözel isə dəvəti məmnuniyyətlə qəbul etdiyini, ölkədəki yeniliklərlə daha yaxından tanış olmaq üçün Özbəkistana yaxın zamanda səfər etməyi planlaşdırdığını qeyd edib. Görüş çərçivəsində tərəflər arasında kənd təsərrüfatı və innovasiya sahələrində strateji əməkdaşlığı nəzərdə tutan memorandum imzalanması istiqamətində ilkin danışıqlar da aparılıb.

 

Избранный
5
40
gundem.az

10Источники