RU

Azərbaycan Polisi 107 yaşında ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məlumdur ki, hər bir dövlətin mövcudluğunun və davamlılığının təməlində dayanan əsas prinsiplərdən biri sabitlik və vətəndaşların etibarlı təhlükəsizliyidir. Bu müqəddəs missiyanın icrası isə həyatını hər an təhlükəyə atmağa hazır olan, qanunu rəhbər tutan, dövlətə sədaqəti və xalqa xidməti fəaliyyətinin ali məqsədi sayan şərəfli peşə sahiblərinin - polislərin çiyinlərinə düşür.

Yeri gəlmişkən, qeyd edək ki, yüz ildən artıq dövrü əhatə edən şanlı dövlətçilik salnaməsində Azərbaycan polisi milli kimliyin, müstəqilliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanmışdır. Hər il iyulun 2-də təntənə ilə qeyd olunan peşə bayramı bu fədakar insanların Vətən qarşısındakı misilsiz xidmətlərinə xalqın və dövlətin dərin ehtiramının təcəssümüdür. Azərbaycan polisinin formalaşması XIX əsrin ortalarına təsadüf edir. Şimali Azərbaycanın çar Rusiyasına birləşdirilməsindən sonra, 1840-cı ildə ilk qəza (uyezd) polis idarələri yaradıldı. Bu idarələr ilkin mərhələdə Bakı, Gəncə, Şamaxı, Naxçıvan, Quba kimi mühüm mərkəzlərdə fəaliyyətə başladı. Həmin dövrdə quberniya rəhbərliyinə tabe olan polis strukturları asayişin qorunması ilə yanaşı, xırda cinayət işlərinə baxaraq qismən məhkəmə funksiyalarını da yerinə yetirirdi. Bu sistem 1918-ci ilin aprelinə qədər davam etmişdir. Milli maraqları ehtiva edən Azərbaycan polisinin təsis olunma tarixi Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi elan edildikdən sonra Fətəli xan Xoyskinin rəhbərliyi ilə təşkil olunan ilk hökumət kabinetində daxili işlər naziri vəzifəsi də ona həvalə edilmişdi. Hökumət Tiflisdən Gəncəyə köçdükdən sonra dövlət quruculuğunun tərkib hissəsi kimi milli polis orqanlarının yaradılması istiqamətində qəti addımlar atıldı. 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycan polis orqanları təsis edildi. Bu, gənc respublikanın suverenliyinin və daxili sabitliyinin təmin olunması yolunda atılmış fundamental addım idi. AXC hökuməti qısa zamanda polis qüvvələrinin fəaliyyətini nizama salmaq üçün ciddi tədbirlər gördü. Əvvəlki dövrdə xidmət etmiş, lakin işdən uzaqlaşmış təcrübəli kadrlar, xüsusilə də azərbaycanlılar yenidən xidmətə cəlb edildilər. AXC-nin 23 aylıq mövcudluğu dövründə Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov kimi görkəmli dövlət xadimləri Daxili İşlər Nazirliyinə rəhbərlik etmişlər. Onların səyləri nəticəsində Azərbaycan polisi o dövrün xarici və daxili təhdidləri şəraitində cinayətkarlıqla mübarizədə, təxribatların qarşısının alınmasında mühüm rol oynadı. Hətta o dövrdə Bakıda müvəqqəti yerləşən ingilis hərbi kontingentinin polis qurumları ilə təcrübə mübadiləsi aparılır, Böyük Britaniyanın daha yetkin polis təcrübəsindən faydalanılırdı.

1920-ci il aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu milli dövlətçilik təsisatlarının, o cümlədən müstəqil polisin fəaliyyətinə də son qoydu. Polis orqanları ləğv edilərək yerində sovet ideologiyasına xidmət edən fəhlə-kəndli milisi yaradıldı. Beləliklə 70 il ərzində Azərbaycanın daxili işlər orqanları SSRİ-nin mərkəzləşdirilmiş sisteminin bir parçası kimi fəaliyyət göstərdi. Bu dövr ziddiyyətli olsa da, cinayətkarlıqla mübarizə, ictimai asayişin təmin sahəsində təcrübə toplanması, peşəkar kadrların yetişməsi ilə səciyyələnirdi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü (1969-1982) daxili işlər orqanlarının tarixində dönüş mərhələsi oldu. Bu illərdə polis orqanlarının maddi-texniki bazası gücləndirildi, sıraları genişləndirildi və şəxsi heyətin milli düşüncə ruhunun formalaşmasına xüsusi diqqət yetirildi. Ulu öndərin uzaqgörən siyasətin nəticəsidir ki, 1980-ci illərin sonunda Ermənistanın hərbi təcavüzü başlayanda və Azərbaycanın hələ nizami ordusu formalaşmayanda, düşmənə ilk müqaviməti milis əməkdaşları və sonradan yaradılan Daxili Qoşunların hərbi qulluqçuları göstərdi. Birinci Qarabağ müharibəsi Azərbaycan polisinin Vətənə sədaqətinin əsl sınaq meydanı oldu. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkədə hökm sürən xaos, daxili çəkişmələr, qanunsuz silahlı dəstələrin fəaliyyət göstərməsi və kriminogen durumun son dərəcə gərginləşməsi dövlətçiliyə təhlükə yaradırdı. 1992-ci il iyunun 6-da milis orqanları polis adlandırıldı. Ölkədəki dərin böhran polis orqanlarının fəaliyyətini faktiki olaraq iflic vəziyyətə salmışdı. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərpası və dövlət quruculuğu prosesi başladı. Ulu öndər qısa müddət ərzində dövlət çevrilişi cəhdlərinin, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısını qətiyyətlə aldı və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə başlandı. Dövlət başçısının 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı bu sahədə proqram sənədi rolunu oynadı. Heydər Əliyevin rəhbərliyi ilə polis orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazası, o cümlədən "Polis haqqında" Qanun qəbul edildi, struktur islahatları aparıldı və polisin nüfuzu artdı. Ulu öndərin tarixi varisliyə olan dərin hörmətinin ifadəsi olaraq 24 may 1998-ci il tarixli fərmanı ilə 2 iyul Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk polis orqanlarının yaradıldığı gün Azərbaycan Polisi Günü kimi təsis edildi.

Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı islahatlar nəticəsində Azərbaycan polisi güclü maddi-texniki imkanlara, peşəkar kadr potensialına malik, müasir texnologiyaları mükəmməl mənimsəmiş, mobil və effektiv quruma çevrilmişdir. "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin yaradılması cinayətlərin açılmasına təkan verir. Bu sistem vasitəsilə respublikanın bir çox şəhər və rayonlarında minlərlə kamera vasitəsilə ictimai yerlərə nəzarət edilir, hadisələrə çevik reaksiya verilir və arxiv görüntüləri istintaq orqanlarına mühüm dəlillər təqdim edir. Polisin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi prioritet istiqamət kimi müəyyən edilib. "ASAN xidmət" mərkəzlərində polisin fəaliyyətinin təşkili, onlarla elektron xidmətin yaradılması, qaynar xəttlərin fasiləsiz işi cəmiyyətlə polis arasında münasibətləri daha da möhkəmləndirir, şəffaflığı artırır. Dövlət başçısının daimi diqqəti sayəsində polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir, əməkhaqları mütəmadi olaraq artırılır, xidmətdə fərqlənənlər dövlət mükafatları ilə təltif olunur, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış binaları istifadəyə verilir.

Onu da qeyd edək ki, Daxili Qoşunların döyüş ruhu və vətənpərvərliyi 44 günlük Vətən müharibəsində bir daha özünü parlaq şəkildə göstərdi. Müharibənin ilk günlərindən Daxili Qoşunların xüsusi təyinatlı dəstələri və polis əməkdaşları döyüş tapşırıqlarını layiqincə yerinə yetirdilər. Onlar Füzuli, Cəbrayıl, Şuşa və digər ərazilərin azad edilməsi uğrunda ən ağır döyüşlərdə misilsiz igidlik və şücaət göstərdilər. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid oldu, 346 nəfər isə yaralandı. Müharibədən sonrakı dövrdə də polisin üzərinə məsuliyyətli vəzifələr düşdü. İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendantlıqların yaradılması, polis şöbələrinin fəaliyyətinin bərpası, minalardan təmizləmə əməliyyatlarında təhlükəsizliyin təmin edilməsi, strateji obyektlərin və kommunikasiya xətlərinin mühafizəsi, eləcə də bərpa-quruculuq işləri aparılan ərazilərdə asayişin qorunması kimi mühüm tapşırıqlar bu gün də Azərbaycan polisi tərəfindən şərəflə yerinə yetirilir. Davamlı inkişaf edən dünyada Azərbaycan polisi yeni çağırışlara adekvat cavab vermək üçün daim fəaliyyətini təkmilləşdirir. XXI əsrin ən ciddi problemlərindən olan kibercinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizə Daxili İşlər Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Xüsusilə, son illərdə vətəndaşların bank kartı məlumatlarını ələ keçirən, fişinq yolu ilə vəsait oğurlayan, onlayn qumar oyunları təşkil edən mütəşəkkil kibercinayətkar şəbəkələrin ifşa edilməsi istiqamətində DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən uğurlu əməliyyatlar həyata keçirilir. Bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirilir, Azərbaycan BMT və Avropa Şurası kimi təşkilatların müvafiq konvensiyalarına qoşularaq qlobal təhlükəsizliyə töhfəsini verir. Polisin fəaliyyətinin rəqəmsallaşdırılması, süni intellekt elementlərinin tətbiqi, kadr hazırlığının müasir proqramlar əsasında qurulması və cəmiyyət-polis əlaqələrinin daha da möhkəmləndirilməsi əsas hədəflərdəndir.

Azərbaycan polisi yüz ildən artıq zamanda keçdiyi keşməkeşli, şərəfli yolda hər zaman dövlətə və xalqa sədaqət andına sadiq qalmışdır. Xalq Cümhuriyyətinin təməl daşlarından biri olmaqdan tutmuş, müstəqilliyin ilk illərindəki xaosun aradan qaldırılmasında, Vətən müharibəsində tarixi Zəfərin bu gün işğaldan azad edilmiş torpaqlarda fəaliyyətə qədər hər bir tarixi mərhələdə Azərbaycan polisi dövlətçiliyə xidmət etmişdir.

Ən əsası, bu gün hər bir vətəndaş evində rahat yaşayır, küçədə sərbəst gəzir, ölkədə sabitlik və əmin-amanlıq hökm sürürsə bu, ilk növbədə, həyatını riskə ataraq gecə-gündüz xidmət aparan polisin fədakar əməyinin nəticəsidir.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
sesqazeti.az

1Источники