RU

Səfir: “Malayziya və Azərbaycan ticarət, investisiya və işgüzar əlaqələr üçün yeni istiqamətlər axtarmalıdır”

Malayziya və Azərbaycan arasında ticarət dövriyyəsi son iki ildə 173 % artıb.

"Report" xəbər verir ki, bunu Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza Bakıda keçirilən "Malayziya və Azərbaycan arasında iqtisadi və turizm əməkdaşlığı vasitəsilə əlaqələrin gücləndirilməsi" mövzusunda ticarət, biznes və turizm seminarında bildirib.

O bildirib ki, ötən il Malayziya və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 26 milyon ABŞ dolları təşkil edib: “Bu nailiyyət xüsusilə qısa müddətdə əldə etdiyimiz artım tempini nəzərə alsaq çox əhəmiyyətlidir. 2022-ci ildə bu göstərici cəmi 9,5 milyon ABŞ dolları olub. Bu da cəmi iki il ərzində 173 % artım deməkdir”.

Səfir dəqiqləşdirib ki, 2024-cü ildə Malayziyanın Azərbaycana ixracı 24,9 milyon ABŞ dolları olub. Azərbaycandan Malayziyaya idxal isə təxminən 1 milyon ABŞ dolları təşkil edib: “Bundan əlavə, təkcə cari ilin yanvar-may aylarında Azərbaycandan Malayziyaya idxal artıq 1,4 milyon dollara çatıb. Bu da cari ilin yekunları üzrə 2024-cü ilin göstəricilərinin üstələnəcəyini gözləməyə imkan verir”.

A.Kamrizamil bildirib ki, bu rəqəmlər sadəcə statistika deyil: “Onlar ölkələrimiz arasında ticarət əlaqələrinin nə qədər dinamik inkişaf etdiyini və biznes icmaları arasında hansı etimadın formalaşdığını nümayiş etdirir. Bu, ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə həyata keçirilən uğurlu təşəbbüslərin nəticəsidir”.

Səfir, həmçinin gələcək əməkdaşlıq perspektivlərini vurğulayıb: "Müsbət dinamika qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaradır. Bununla bağlı Malayziya və Azərbaycan ticarət, investisiya və işgüzar əlaqələr üçün yeni istiqamətlər axtarmalıdır".

Избранный
20
report.az

1Источники