RU

Tibb bacısı həkimin köməkçisi deyil, onun işi ... - MÜSAHİBƏ

BAKI, 2 iyul. TELEQRAF

May ayında ÜST dünya üzrə tibb bacısı çatışmazlığının olduğunu bəyan etdi. 2030-cu ilə qədər bunun daha da artacağı proqnozlaşdırılır. Vaxtaşırı müsahibələrdə həkimlər də tibb bacısı çatışmazlığından gileylənirlər.

Digər tərəfdən də ölkədə “saxta tibb kursları”nın fəaliyyəti artmaqdadır. Mənşəyi məlum olmayan bu kurslarda 3-4 ay ərzində tibb bacısı “istehsal edilir”.

Tibb bacısının işi nələrdir, iş necə təşkil edilir? Ölkədə tibb bacıları ilə bağlı vəziyyət nə yerdədir?

"Teleqraf" İnformasiya Agentliyinin suallarını Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsində “Tibb bacısı işi” ixtisası üzrə koordinatoru Fəxriyyə Məmmədova cavablandırıb.

Bizdə tibb bacısına həkimlər dərs deyir, halbuki belə olmamalıdır

- Fəxriyyə xanım, əvvəlcə Tibb Universitetindəki “Tibb bacısı işi” ixtisasının yaradılmasından başlayaq. Bu ixtisas nə vaxt açılıb, necə fəaliyyət göstərir? Ayrıca kafedradırmı?

- Azərbaycanda əvvəllər tibb bacısı ixtisası üzrə tədris yalnız kollec və texnikumlarda həyata keçirilirdi. Dünya praktikasında isə tibb bacısı ixtisası ali təhsil tələb edir. Eyni zamanda, bu, Bolonya Bəyannaməsində də var. Buna uyğun olaraq tibb bacısı ixtisası magistratura və doktorantura pilləsində təhsil üçün əvvəlcə bakalavr təhsili almalıdır. Bu sistem qonşu ölkə Türkiyədə artıq əlli ildir mövcuddur.

Dünya praktikası ilə tanış olduq, xarici ölkələrə ezamiyyətlər oldu və beləliklə, 2020-ci ildən başlayaraq ATU-da “Tibb bacısı işi” ixtisası yaradıldı. Təəssüf ki, hələ ayrıca kafedramız yoxdur. Bu ixtisas hazırda İctimai Səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərir.

- Sizdə verilən bu ixtisasın kollec və texnikumlardan fərqi nədir?

- Fərq ondan ibarətdir ki, bizdə təhsil müddəti 4 ildir. Bizim məzunlar ixtisası bitirəndə “bakalavr” adı alırlar və gələcəkdə magistratura və doktorantura üzrə təhsillərini davam etdirə bilərlər. Kollec və texnikumu bitirənlər isə təəssüf ki, bakalavr hesab edilmirlər. Üstəlik, bizdə bu yaxınlarda ixtisas üzrə magistr təhsili də yaradılıb və ilk məzunlarımız – ötən il ixtisası bitirənlər artıq magistr kimi təhsil alırlar. Magistr təhsilləri bitəndən sonra onlar müəllim kimi fəaliyyət göstərə bilərlər.

Dünya təcrübəsi belədir ki, tibb bacısına tibb bacısı dərs deməlidir. Bizdə isə həkimlər dərs deyir. Kolleclərdə də vəziyyət eynidir. Bizim məzunlarımız magistr təhsilini bitirəndən sonra iki üstünlük qazanır: doktorantura təhsili ala bilərlər və müəllim kimi işləyə bilərlər.

- Doktor, bəs sizin məzunlar magistr təhsilini bitirdikdən sonra Tibb Universitetində təhsil ala bilərlər? Yəni, bu ixtisası bitirmək universitetə qəbul üçün də hansısa üstünlük yarada bilirmi?

- Bəli, Tibb Universitetinə ikinci təhsil kimi daxil olanda bizim məzunlar üçün bəzi güzəştlər tətbiq olunur, yəni qəbul üçün bütün mərhələləri keçmirlər. Amma biz bu ixtisası bitirən tibb bacıları və tibb qardaşlarının həkim olmaqlarını istəmirik. Biz tibb bacısı, tibb qardaşı yetişdirmək istəyirik. İstəyirik onlar başa düşsünlər ki, tibb bacısı (tibb qardaşı) heç də həkimdən aşağı peşə deyil. Vəzifə olaraq hərənin öz vəzifəsi olsa da, komanda da heç kim heç kimin köməkçisi deyil.

Adın dəyişməsi vacibdir

- Fəxriyyə xanım, sizin ixtisasda təhsil alanlar arasında qızların sayı üstünlük təşkil edir, yoxsa oğlanların?

- Sözsüz ki, qızlar. Amma oğlanlarımız da var. Biz çalışırıq onları motivasiya edək. Dünya praktikasında belədir ki, magistraturanı bitirəndən sonra rəhbər vəzifələrdə işləyə bilərlər. Üstəlik, bizim çox fəal tibb qardaşlarımız da var. Hətta biz məsələ qaldırmışıq ki, ixtisasın adı “tibb bacılığı və tibb qardaşlığı” olsun. “Qardaş” sözü mütləq bura əlavə edilməlidir. Adın dəyişməsi vacibdir.

- Bu ixtisası bitirənlər hansı müəssisələrdə işləyə bilirlər?

- Həm dövlət, həm də özəl tibb müəssisələrində. Sadəcə üstünlüyümüz həm də ondan ibarətdir ki, bizim təhsil daha hərtərəflidir. Tədqiqat aparmaq bacarıqları ilə bağlı, marketinq menecmentiylə bağlı fənlər də tədris olunur ki, bu da məzunların sonrakı karyerasında çox kömək olacaq. Artıq bəzi özəl klinikalardan bizə xoş rəylər gəlir. Bizim məzunların daha müstəqil, sərbəst işləmək qabiliyyətinə malik olduğunu vurğulayırlar.

- Bəs burada dərs deyənlər kimdir?

- Təəssüf ki, hələ ki, ölkədə dərs demək hüququna malik ali təhsilli tibb bacıları yoxdur. Ona görə də, bu ixtisasda tədrislə hələ ki, həkimlər, dosentlər məşğul olur. Bizim həm də yaxşı əlaqələrimiz var. Türkiyənin bir çox universitetlərindən mübadilə ilə dosent və tibb bacıları gəlir, dərs deyir, mühazirələr keçirlər. Bunu da qeyd edim ki, çalışırıq ki, gələcəkdə ikili diplom layihəsi də reallaşsın. Yəni, bizim ixtisası bitirənlər diplomları ilə xaricdə də işləyə bilsinlər.

- Hansı tibbi fənlər tədris edilir?

- Baza fənlər (anatomiya, patologiya, fiziologiya, fəlsəfə və s.) və klinik fənlər, (pediatriya, cərrahi xəstəliklər, daxili xəstəliklər və s.) hamısı da tibb bacılığı prizmasından tədris edilir.

- Fəxriyyə xanım, dərs materialları, vəsaitlərlə bağlı problem var?

- Vəsaitlə bağlı bir problemimiz yoxdur. Artıq özümüz bir neçə dərs vəsaiti hazırlamışıq. Hazırda ailə təbabəti, cərrahiyyədən tibb bacısı üçün dərs vəsaitlərimiz var. Bu yaxınlarda pediatriyadan da dərs vəsaitimiz hazır olacaq. Türkiyədən də xeyli hədiyə kitablar verilib. Bəzilərini isə özümüz almışıq. Bu vəsaitlərdən tərcümə materiallar da götürülür.

- Sizin məzunların gələcəkdə xarici ölkələrə mübadilə proqramlarına göndərilməsi gözlənilirmi?

- Bizdə artıq bir neçə tələbə mübadilə çərçivəsində xarici universitetlərə gediblər. İlk tələbəmiz Türkiyənin Qazi Universitetinə göndərildi, orada bir semestr təcrübə keçib, qayıtdı. Ondan sonrakı il isə 4 tələbəmiz – ikisi Qazi, ikisi Ege Universitetinə getdi və bir semestr təhsil alıb, qayıtdılar. Bunun qarşılığında Türkiyədən də bizə iki türk tələbə gəlib. Bizdə Qazaxıstanda magistratura oxuyub gələn tibb bacıları da var. Türkiyədə bu sistem əlli ildir var, Qazaxıstanda iyirmi ildir qurulub. Baxmayaraq ki, bizdə sistem yeni qurulub, amma heç nə ilə onlardan geri qalmırıq. Bunu bizə gələn xarici tələbələr özləri deyir. Biz elmi konfranslar təşkil edirik, elmi jurnallarımız var. Xarici tələbələr bu jurnallarda çap oluna bilirlər. 2024-cü ilin 6-8 may tarixlərində bizim beynəlxalq konfransımız oldu. Orada həm bizim, həm də Qazaxıstanın heyəti iştirak edirdi. Türkiyədən də onlayn qoşulanlar vardı. Nəzərə alsaq ki, biz cəmi dörd ildir ki, fəaliyyətdəyik, məncə, bu, ciddi uğurdur.

Tibbi tərcümə ilə tibbi savadı olan şəxslər məşğul olmalıdır

- Doktor, bayaq tərcümələrdən danışdınız. Tərcümə işində çətinliklərlə üzləşirsiniz? Məsələn, terminlərin tərcüməsi...

- Tibbi tərcümə ilə tibbi savadı olan şəxslər məşğul olmalıdır. ATU-nun kafedralarında üç dili bilən müəllimlər var. Yeni terminlər olanda biz çalışırıq ki, onları maksimum dərəcədə dilimizə uyğunlaşdıraq. Burada dilçilər işə qarışır. Bilirsiniz ki, Tibb Universitetinin Azərbaycan dili kafedrası da var. Onlara müraciət edirik. Digər dilçilər bizim terminalogiyanı yaxşı bilmir deyə onlara yox, öz kafedramıza müraciət edirik.

Magistratura pilləsində ixtisaslaşma gedəcək

- Maraqlıdır, sizin ixtisası bitirənlər üçün işləyəcəyi sahələrlə bağlı hansısa bölgü varmı? Məsələn, ginekologiyada işləyəcək tibb bacıları ayrı, pediatriya, stomatologiya və cərrahiyyədə işləyəcəklər ayrı...

- Bu ixtisası bakalavr üzrə bitirənlər istənilən sahədə işləyə bilər. Çünki bu, ümumi tibb bacısı işi ixtisasıdır. Amma biz istək vermişik ki, magistratura pilləsində artıq ixtisaslaşma getsin. Bir müddət öncə nazirliyin və işəgötürənlərin iştirakı ilə bu mövzuda böyük bir iclas da oldu. Bilmirik bu istəyimiz qəbul ediləcək, ya yox. Hər halda, qəbul edilsə, daha yaxşı olar. Onda artıq pediatriyada, cərrahiyyədə, təcili yardımda və digər sahələrdə işləmək üzrə ixtisaslaşacaqlar. Dünya praktikasında da belədir.

Tibb bacısını həkimin köməkçisi hesab etmirik

- Bir az da tibb bacısının işindən danışaq: tibb bacısı hansı işləri görə bilər?

- Əvvəllər bizdə belə bir fikir vardı ki, tibb bacısı ancaq prosedur yerinə yetirir: iynə vurur və s. İndi isə paradiqmanı dəyişmişik. İndi tibb bacısı müstəqil fəaliyyət göstərməlidir. Onun işi sadəcə həkimin göstərişlərini yerinə yetirmək olmamalıdır. Xəstədə hansısa bir əlaməti görübsə, mütləq həkimə xəbər verməlidir. Həkimin təyinatını yerinə yetirəndə xəstədə hansısa qeyri-adi, diqqətini çəkən bir nüans olarsa, yenə də mütləq həkimlə məsləhətləşməlidir. Əvvəllər həkimlər “tibb bacıları bizim sağ əlimizdir”, “tibb bacıları bizim göz bəbəyimizdir” deyirdilər. Müasir tibb bacıları bu yanaşmanı doğru hesab etmir. Bu düşüncə tibb bacısının müstəqilliyini məhdudlaşdırır. Biz isə istəyirik ki, tibb bacıları sərbəst komanda üzvləri olsunlar. Biz artıq tibb bacısını həkimin köməkçisi hesab etmirik. Həkimlə tibb bacısı birlikdə işləyən komanda üzvləridir.

Dünya üzrə 9 milyon tibb bacısı, tibb qardaşına ehtiyac var

- Fəxriyyə xanım, may ayında Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə tibb bacısı çatışmazlığı olduğunu bəyan etdi. 2030-cu ilə qədər dünya üzrə bu çatışmazlığın bir az da artacağı gözlənilir. Bəs Azərbaycanda tibb bacısı işçi qüvvəsi çatışmazlığı varmı?

- Ümumiyyətlə, dünyanın hər yerində tibb bacısının işi olduqca ağırdır. Biz pandemiya dövründə buna bir daha əmin olduq. Tibb bacısının üstünə düşən iş çoxdur. Eyni zamanda, dünyanın əksər yerlərində hərbi münaqişələr hökm sürməkdədir. Ona görə, dünya üzrə belə bir tendensiya var. Bu reallıqdır. Dünya üzrə əlavə 9 milyon tibb bacısı, tibb qardaşına ehtiyac var. Düzdür, hazırda bizim qəbulumuz çox deyil, amma bu sayı çoxaltmağa çalışırıq. Ali təhsilli tibb bacılarının daha yüksək maaşlı işlərdə işləmək şansı da çoxdur. Karyerasını davam edib müəllim, tədqiqatçı da ola bilərlər. Bütün bunlar ali təhsilli tibb bacısı olmaq üçün stimul yarada bilir.

Özəl klinikalar saxta tibb kurslarını bitirmiş tibb bacılarını hansısa yollarla işə götürürlər

- Saxta tibb kursları məsələsinə də toxunaq. Oranı bitirən tibb bacıları harada işləyirlər?

- Dövlət müəssisələrində işəgötürmə daha ciddidir. Nəzarət var, sənədləşmə ciddidir. Amma bəzi özəl klinikalar təəssüf ki, saxta tibb kurslarını bitirmiş tibb bacılarını hansısa yollarla işə götürürlər. Təəssüf ki, bu faktdır. Bu cür mənbəyi, mənşəyi məlum olmayan, qısamüddətli kurslarda tibb bacısı kimi yetişmək mümkün deyil. Kolleclər və biz sıfırdan başlayıb anatomiyadan klinik bacarıqlara qədər üç-dörd il hər şeyi tədris edirik, bu qısamüddətli kurslar bir neçə ay ərzində necə tibb bacısı yetişdirə bilər? Hətta orada davamiyyət necədir, təhsilverənlər kimlərdir – bunlar da məlum deyil. Fikrimcə, bu məsələlərə ciddi yanaşılmalıdır. İlk növbədə, işəgötürənlər buna xüsusi diqqət etməlidir. Bu, birbaşa insan sağlamlığı, insan həyatı ilə oynamaqdır.

- Doktor, tibb bacısı səhvi hansı təhlükələrə yol aça bilir?

- Düzünü deyim, hər şey ola bilər, ölümə qədər. Təsəvvür edin, tibb bacısı hansısa ampulanı səhv salır. Tibb bacısı o qədər diqqətli olmalıdır ki, hətta həkimin gözündən yayınan şeyləri də görə bilməlidir. Eyni zamanda, tibb bacısı, tibb qardaşının sayəsində milyonlarla həyat xilas olur. Biz pandemiya dövründə də buna şahid olduq. Nəsə baş verirdi, birinci tibb bacısı müşahidə edir, görür, həkimi məlumatlandırırdı. Mən özüm pediatram, qeyd edim ki, uşaqlarla bağlı hər məqam vacibdir. Tibb bacısı hər detalı görməlidir, çatdırmalıdır. Bu, bir həyatın xilası deməkdir.

Həyatınızı tibb təhsili olmayan “ara həkimləri”nə əmanət etməyin

- Fəxriyyə xanım, heç bir tibbi təhsili olmadan “ara həkimi” kimi fəaliyyət göstərən, iynə vurub, sistem qoşan şəxslərlə bağlı nə deyə bilərsiniz?

- Təhsilsiz hansısa fəaliyyətlə məşğul olmaq cinayətdirsə, təhsilsiz tibbi fəaliyyəti ilə məşğul olmaq ikiqat cinayətdir. İnsan həyatı ilə oynamaq olmaz. Kiməsə baxıb öyrənmək, iynə vurmaq olmaz. Çünki sənin təhsilin yoxdursa, səhv edəcəksən. Bir neçə dəfə uğurlu ola bilərsiniz, amma hadisə bir dəfə baş verir. Nəsə bir fəsad yaransa, tibbi təhsili olmayan şəxs aciz qalacaq. Bəzən elə fəsadlar yaranır ki, xəstəni xəstəxanaya çatdırsalar da kömək etmək olmur. Gecikirik. Həyatınızı bu şəxslərə əmanət etməyin.

Peyvənddən imtinanın artma səbəbi sosial mediada yayılan konspirologiyalardır

- Doktor, sizin pediatr olduğunuzu nəzərə alıb peyvəndlərlə bağlı soruşmaq istəyirəm. Son dövrlər peyvənddən imtina halları artmaqdadır. Bu haqda nə deyə bilərsiniz?

- Birinci onu demək istərdim ki, peyvənddən imtinanın artmasına səbəb sosial şəbəkələrdə, mediada yayılan konspirologiyalardır. Peyvəndlər uzun illərdir ki, istifadə edilir. Peyvəndlər bir çox təhlükəli xəstəliklərin qarşısını almaq üçün əvəzsizdir. Bizim milli peyvənd təqviminə daxil olan bütün peyvəndlər yoxlamadan keçib və hamısı istifadə üçün etibarlı və yararlıdır. Bütün dövlət müəssisələrində arxayınlıqla uşaqlarınızı peyvənd etdirə bilərsiniz.

- Uşaqlar arasında son dövrlərdə nitq geriliyi və autizm meylləri də artmaqdadır. Maraqlıdır, siz bunun səbəbini nədə görürsünüz?

- Burada iki səbəb var. Birinci səbəbi diaqnoz qoyulmasının çoxalmasıdır. Yəni, əvvəllər diaqnoz qoyulmurdu, indi diaqnoz qoyulur deyə autizm meylləri artıb deyə bir fikir yaranır. İkinci səbəb isə sosiallaşma problemidir. Telefondan istifadə, ünsiyyətin onlayn versiyaya keçməsi kimi faktorlar da ciddi təsir edir. Ünsiyyət azlığı uşaqlarda nitq geriliyi və özünəqapanmalara səbəb olur. Digər tərəfdən də stress faktoru var. Uşaqdan çox şey tələb olunur. Valideyn uşağı hərtərəfli istiqamətlərdə inkişaf etdirmək istəyəndə, bu da arzuolunmaz nəticələrə gətirib çıxarır.

Избранный
2
50
teleqraf.com

10Источники