RU

Liderlər tarix yazır - Fikirlər eynidir

Azərbaycan və Özbəkistanın gələcək üçün çox iddialı proqramı var

"Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında çıxışında deyib. 

Azərbaycanın dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbedici ölkədir. Prezident İlham Əliyev qeyd edib ki, biz həm ticarət dövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətimizi bir daha təsdiqlədik: "Bir müddət əvvəl yaradılmış Birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edildi. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir. Əminəm ki, enerji, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur". 

"Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib"

Prezident deyib ki, Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib: “Biz, həmçinin bugünkü imkanları, eləcə də Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”.

"Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir"

Prezident bildirib ki, Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir: "Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq". Dövlət başçısı vurğulayıb: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib ki, Azərbaycanda bizim bütün birgə layihələrimiz dəstəklənir: "Biz dünyanın bir çox ölkələri ilə işləyirik. Amma biz də hiss edirik ki, Azərbaycan Özbəkistana tamam başqa cür yanaşır, özbək xalqına böyük məhəbbətlə yanaşır. Biz də Azərbaycan xalqını bu cür sevirik, çünki bizim köklərimiz yaxındır".

"Azərbaycan və Özbəkistan liderləri regional məsələləri müzakirə edib"

Şavkat Mirziyoyev vurğulayıb ki, burada regional və beynəlxalq məsələlər üzrə ikitərəfli və çoxtərəfli münasibətlər haqqında fikir mübadiləsi aparılıb: "Sizə məmnuniyyətlə demək istəyirəm ki, bizim ciddi məsələlərlə bağlı fikirlərimiz eynidir. Biz bu fikirləri lazım olan bütün platformalarda təbliğ edəcəyik, çünki bu gün bizə beynəlxalq vəziyyətdə çox çətin olan o məsələləri birləşib həll etmək lazımdır. Vəziyyət çətindir, amma birlikdə olmalıyıq". 

Özbəkistan Prezidenti deyib ki, Azərbaycana bugünkü səfərim tarixi xarakter daşıyacaq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə inkişaf edir. Prezidentin keçənilki tarixi səfərindən sonra müttəfiqlik münasibətləri haqqında saziş imzalanıb. Bu, diplomatiyada və ümumilikdə siyasətdə ən böyük nailiyyətdir. Bugünkü səfər də tarixi xarakter daşıyacaq". 

Şavkat Mirziyoyev bildirib ki, Azərbaycan və Özbəkistanın gələcək üçün çox iddialı proqramı var: "Azərbaycan və Özbəkistanın gələcək üçün çox iddialı proqramı var". 



Избранный
24
1
sherg.az

2Источники