RU

Sülh danışıqları prosesi: Azərbaycanın şərtləri qəbul edilməsə...

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənistanda baş verən hadisələr-hökumət kilsə toqquşması İrəvanda daha ciddi təxribatların olma ehtimalını artırır. Baş verən həbslər hökumətin devrilmə ssenarisinin olmasını deməyə əsas verir. Təbii ki burada Rusiya faktoru önə çıxır. Ermənistan daxilindəki gərginlik sülh danışıqları prosesinin hansı məvcradac davam edəcəyi ilə bağl ısuallar yaradır. Ümumiyyətlə danışıqlar prosesi nə yerdədir və hazırki vəziyyətdə hansı perpektivlər var?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasının əslində çox asan və yeganə yolu var. O əlavə edib ki, bu, Azərbaycanın şərtlərini Ermənistanın qəbul etməsidir: “Çox təəssüf ki, Ermənistan da beynəlxalq hüquqa və ədalətə əsaslanan bu şərtləri qəbul etmir. Ona görə də hər nə qədər sülhün bir addımlığında olduğumuzu qeyd etsək də, amma real vəziyyət ondan ibarətdir ki, sülh hələlik o qədər əlçatan deyil”.

“Sülhün olmazsa olmazları var”

H.Babaoğlu əlavə edib ki, Ermənistan və Azərbaycan arasında mümkün sülhün əsas şərtləri var. “Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması məsələsidir. Ermənistan Konstitusiyasından Azərbaycana ərazi iddialarını əks etdirən müvafiq bəndlərin çıxarılmasıdır, ya da preambula hissəsinin çıxarılmasıdır. Eləcə də ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Şərtlərdən ikisi qeyd olunan 19 maddəlik razılaşmada mövcud olsa da biri yoxdur, yəni Zəngəzur dəhlizinin açılması sülh razılaşmasından çıxarılıb. Amma buna baxmayaraq hər kəs bilir ki, Zəngəzur dəhlizi olmasa sülh olmayacaq”.

“Azərbaycanın şərtləri qəbul edilmədən sülh olmayacaq”

Deputat qeyd edib ki, hazırkı mərhələdə Ermənistan daha çox daxili işləri ilə məşğuldur, sülh danışıqları ilə bağlı bir irəliləyiş olacaq qədər xarici siyasətə vaxt ayıra bilmir: “Paşinyan hazırda öz hakimiyyətini qorumaqla məşğuldur. O, Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışan, vassal Ermənistanı bir daha vassal etmək üçün xaricdən gələn qüvvələri neytrallaşdırmaqla məşğuldur. Ona görə də son dövrlərdə biz sülhdən daha az danışırıq. Hazırda vəziyyət belədir. Mənə elə gəlir ki, sülhün əldə olunması ya Ermənistanda 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində mümkündür, əgər o vaxta qədər Ermənistanda referendum keçirilərsə, ya da seçkilərdən sonra yeni formalaşacaq hakimiyyətin verəcəyi yeni qərarlarla mümkün ola bilər. Amma, əlbəttə ki, bunlar ehtimallardır. Məsələ necə olursa olsun Azərbaycanın şərtləri qəbul edilmədən sülh mümkün olmayacaq”.

“İrəliləyiş yoxdur”

Milli Məclisin deputatı Elşad Musayev qeyd edib ki, sülh prosesi demək olar ki, dayandırılıb: “Ermənistanın daxilində gərginlik var, kilsə ilə Ermənistan hakimiyyəti arasında gərginlik davam edir və burada da müxtəlif istiqamətlərdən Ermənistan müxalifətinə dəstək var. Bu dəstəyin də daha çox Rusiya istiqamətindən olduğu hiss edilir. Avropa İttifaqının baş diplomatı Kaja Kallasla görüşdə Ermənistan hakimiyyətinə dəstək verildi. Eləcə də ermənilərin din xadimlərinin bir neçəsi həbs olunub. Yəni hələlik sülh prosesində elə də irəliləyiş yoxdur. Ümumi razılıq əldə olunub. Azərbaycanın təklif etdiyi 5 prinsipə uyğun danışıqlar gedirdi”.

“Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir”

Deputat əlavə edib ki, Ermənistan tərəfi prosesi uzatmaqla məşğul olacaq: “Mən bir neçə il bundan əvvəl də demişdim ki, Ermənistan hakimiyyəti növbəti parlament seçkilərinə qədər bu məsələni uzadacaq. İndi də belədir. Paşinyanın Türkiyədə Ərdoğanla görüşü oldu və bu məsələlər də müzakirə olundu. Hələlik yaxın müddətdə sülh sazişinin imzalanması gözlənilmir. Təbii ki, Azərbaycan da fəal şəkildə təzyiq siyasətini davam etdirməlidir. Biz zamanı uzada bilmərik. Sülh müqaviləsi məsələsində Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma təəssüflər olsun ki, hələlik bu reallaşmayıb. Eyni zamanda, bizim hələ də işğal altında olan tarixi torpaqlarımız var. Qazax rayonunda olan torpaqlarımız, Kərki kəndi işğal altındadır. Ümumiyyətlə, delimitasiya və demarkasiya məsələsi bunlar hələlik dondurulub qalıb. Bütün bunlar bizim maraqlarımıza uyğun deyil”.

“Ermənistan özünə xeyir edən layihə ortaya atıb”

Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün sülh anlaşmasının mətni artıq hər iki tərəflə razılaşdırılıb: “Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı da xüsusi komissiya işləyir və ümid var ki, sərhədlərin tanınmasına dair növbəti mərhələnin də işinə yaxın zamanda başlanılacaq”.

Deputatın sözlərinə görə, bütün bu prosesləri müsbət yekunlaşdıra bilmək üçün Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirməlidir, onlar isə bunu etmir: “Azərbaycan tərəfinin əsas şərti olan Azərbaycana qarşı ərazi iddiasından əl çəkilməsi və ATƏT Minsk qrupunun ləğvi ilə bağlı Ermənistan tərəfinə rəsmi müraciət edilməsi məsələləri hələ də açıq qalmaqdadır. Eyni zamanda, Ermənistanda Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini 2027-ci ilin fevralı ayına qədər uzadıb. Bu da əlavə bir problemdir. Həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfinin öhdəliyinin yerinə yetirilməsi ilə bağlı da hər hansı bir irəliləyişi biz görə bilmirik. Çünki Ermənistan tərəfi özlərinə xeyir edən fərqli bir layihə ortaya atıblar, onu müdafiə edirlər və onun həyata keçirilməsi üçün açıqlamalar verirlər, danışıqlar aparırlar”.

“Başımıza gətirilən müsibətləri qətiyyən unutmamalıyıq”

N.Həmzəyev vurğulayıb ki, bu şərtlər gec-tez yerinə yetiriləcəyi təqdirdə Azərbaycan və Ermənistan arasında sülhün baş tutması reallaşa biləcək: “Biz fikirləşirik ki, 2026-cı ildə Ermənistanda mütləq referendum keçiriləcək, Ermənistan öz Konstitusiyasına və digər qanunlarına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcək. Həmçinin Türkiyəyə qarşı ərazi iddialarından əl çəkiləcək. Bu proseslər baş tutacağı təqdirdə biz inanırıq ki, Ermənistan və Azərbaycan arasında sülh anlaşması olacaq, daha sonra isə bu prosesi daha da irəli apara bilmək, sülhü davamlı edə bilmək üçün bir çox tədbirlər həyata keçiriləcək. Bu da qarşılıqlı fəaliyyət proqramı hazırlanması ilə mümkün ola bilər. Həm vətəndaş cəmiyyətinin, gənclərin yaxınlaşması, həmçinin media mənsublarının, parlament diplomtiyası və parlamentarilərin yaxınlaşması, hər iki hökumət tərəfindən münasibətləri irəli apara bilmək üçün bəzi qərarların verilməsi, bir sözlə, bunlar sülh anlaşması imzalandıqdan sonra həyata keçiriləcək işlərdir. Ancaq sülh baş tutsa da biz tariximizi və keçmişdə başımıza gətirilən müsibətləri qətiyyən unutmamalıyıq. Belə olacağı təqdirdə biz regiondakı öz mövqeyimizi və yaratdığımız yeni reallıqları qoruyub saxlaya biləcəyik və günü-gündən daha da güclənəcəyik”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
50
icma.az

10Источники