RU

“Çarmıxa çəkilən” “QAİ-şnik” İsa

Rusiyada özünü İsa Məsihin reenkarnasiyası olduğunu iddia edən dini lider Sergey Torop ardıcıllarına psixoloji zorakılıq tətbiq etdiyi üçün 12 il həbs cəzasına məhkum edilib.

Sibirin Novosibirsk şəhərinin məhkəməsi özünü “Vissarion” kimi təqdim edən keçmiş yol polisi əməkdaşı Sergey Toropu ardıcıllarının fiziki və psixi sağlamlığına zərər vurmaqda təqsirli bilib. Toropun şəriklərindən ikisi eyni şəkildə uzun müddətə həbs cəzasına məhkum edilib. Hər üç şəxs onlara qarşı irəli sürülən ittihamları rədd edib.

***

Torop 1991-ci ildə “Son Əhd Kilsəsi” adlanan kultunu təsis edib. Onun qrupu illərdir Rusiya mediasının diqqət mərkəzində olub və minlərlə izləyici toplayıb. Onun tutulması və həbs düşərgəsinə sürgün edilməsi 30 ildən artıqdır ki, mövcud olan kultun sonu ola bilər.

64 yaşlı Torop hərəkatını “ilahi vəhy” nəticəsində qurduğunu söyləyib. Postsovet ideoloji boşluğunda onun kultu 1990-cı illərdə sürətlə böyüdü.

***

Bu illər ərzində minlərlə insan Sibirin ucqar yaşayış məntəqələrində Toropu ziyarət edib. Onun 300-ə yaxın davamçısından ibarət əsas qrup, “Sübh Məkanı” adlandırdıqları təpədə tam təcrid olunmuş vəziyyətdə yaşayırdılar.

Təriqət üzvlərinin ət, spirt və tütün istehlakını qadağan edən Torop, puldan istifadəni də bəyənməyib.

Torop və təriqətin digər iki lideri Vladimir Vedernikov və Vadim Redkin 2020-ci ildə Rusiyanın FSB kəşfiyyat agentliyinin təşkil etdiyi helikopter əməliyyatında saxlanılıb.

***

Üçlük dini qurum yaradaraq üzvlərinin mülki hüquqlarını pozmaqda və bədən xəsarəti yetirməkdə ittiham olunub. İddia zamanı məlum olub ki, 1991-2020-ci illər arasında Torop və köməkçiləri öz ardıcıllarına “psixoloji zorakılıq” göstərib, onları pul və əmək baxımından istismar ediblər.

Regional məhkəmə bu həftə üçlüyün 16 nəfərə “mənəvi zərər” vurduğunu, altısının səhhətində ciddi problemlər olduğunu və bir nəfərin isə “orta” zərər çəkdiyini bildirib.

Prokurorluğun məlumatına görə, təriqət büdcəsindən 5 milyon rubldan çox (təxminən 63 min dollar) da müsadirə edilib.

Избранный
16
vaxt.az

1Источники