RU

“RUSİYA ÖZ İÇƏRİSİNDƏN PARTLAYA BİLƏR…” – “Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi son dərəcə vacibdir”

Politoloq Qabil Hüseynli  müsahibəsində Rusiya ilə Azərbaycan arasında gərginləşən münasibətlərin perspektivi, narazılıq yaradan əsas məqamlar, gələcəkdə atılacaq addımlar və sair barədə sualları cavablandrıb.

Müsahibəni oxuculara təqdim edirik.

– Qabil bəy, Rusiya–Azərbaycan münasibətlərində baş verən hadisələri necə dəyərləndirirsiniz? Kremlin təzyiq cəhdləri nədən qaynaqlanır?

– Bu, mənim üçün də olduqca qəribədir. Ukraynaya hücum etməzdən bir gün əvvəl Azərbaycanla strateji müttəfiqliklə bağlı müqavilələr imzalayan bir dövlət indi qarşıdurma mövqeyinə çəkilib. Qroznıya uçan sərnişin təyyarəsi vuruldu. Buna görə Azərbaycandan üzr istənilmədi, kompensasiya ödənilmədi. Bu mövzuda hər hansısa danışıqlar aparmağa ehtiyac duymadılar. Bu, təkəbbürün, yekəxanalığın bir nişanəsidir. İndi isə Azərbaycan vətəndaşları üzərinə hücumlar başlayıb. Bu hücumlar ən kobud formada həyata keçirilir. İnsan itkiləri ilə müşayiət olunur. Bu məsələdə Azərbaycan tərəfi Rusiyadan izahat tələb etsə də, hər hansı bir izahat ala bilməyib. Rusiya baş verənləri adi bir hadisə kimi qiymətləndirir, bu məsələyə vaxt itirməyə ehtiyac olmadığını düşünür. Böyük dövlət, imperiya ədaları ilə hərəkət edir. Rusiya başa düşmür ki, onda bu cür hərəkətlərini qidalandıracaq lazımi potensial yoxdur, amma bunu edir.

Rusiya hazırda müxtəlif arzuların içərisində yanıb qovrulur: Çar imperiyasının, Sovet İttifaqının bərpası, mümkün qədər daha çox Sovet İttifaqından çıxan ölkələri öz ətrafında cəmləşdirmək, ərazisini ilkin mərhələdə SSRİ əraziləri ilə yaxınlaşdırmaq, gücə sahiblənmək və beləcə dünyanın yeni düzəninin müəyyən edilməsində ABŞ ilə birgə iştirak etmək…

Dünya çox təhlükəli məqama qədəm qoyub. Burada Rusiyanın rolu həddən artıq böyükdür. ABŞ-də elə bir prezident var ki, açıq-aşkar Rusiyanı müdafiə edir. Bundan ilhamlanan Rusiya ətrafındakı dövlətlərə – Moldovaya, Ukraynaya, Qazaxıstana, Azərbaycana təzyiqlər göstərməyə başlayıb. Bu, dünyanın ümumi vəziyyətini gərginləşdirəcək, böyük mübahisələrə və qarşıdurmalara sövq edəcək. Elə Rusiya da öz içərisindən partlaya bilər.

– Erməni mətbuatı yazır ki, Paşinyanın Türkiyəyə səfəri zamanı Prezident Ərdoğanla Zəngəzur dəhlizinin açılması və Azərbaycanla yaxın zamanlarda sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə olunub. Rusiyanın qəzəbi də bununla bağlıdır…

– Bəli, Paşinyan Türkiyəyə səfəri zamanı aranı qarışdıran mühüm problemlərə toxunub. Burada Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılığa gəlinməsi, Azərbaycanla sülh sazişinin imzalanması məsələsi Rusiya–Türkiyə münasibətlərini də xeyli gərginləşdirib. Rusiya Ermənistanı əldən buraxmaq və bölgədə sakitliyin olmasını istəmir. Zəngəzur dəhlizindən də təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Hətta İran belə Zəngəzur məsələsində əvvəlki “qırmızı xətlər” strategiyasından istifadə etmir. Belə olan təqdirdə meydanda tək qaldığını görən Rusiya buna mane olmaq üçün hansısa provokasiyalar törətməyə çalışır.

– Türkiyə və Pakistan liderləri bu günlərdə İƏT zirvəsində iştirak etmək üçün Xankəndiyə gələcəklər. Nə gözləyirsiniz, Rusiya ilə böhranlı münasibətlər kontekstində Azərbaycana ciddi siyasi dəstək ifadə olunacaqmı?

– Azərbaycanın müttəfiqləri Azərbaycana sadiqdir, ölkəmizin arxasında dayanıblar. Bizə qarşı hər hansı bir avantüra olarsa, onun qarşısını almaq üçün tədbirlər görəcəklər. Burada Pakistanın olması da kifayət qədər əhəmiyyətlidir. Rusiya bu görüşdən təbii ki, razı deyil. Güman edirəm ki, sabahkı toplantıdan sonra Rusiyanın yumşalması hiss olunacaq.

– Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi barədə çağırışlar var. Bunu mümkün və zəruri sayırsınızmı?

– Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi son dərəcə vacibdir. Əvvəlcə buna Naxçıvandan başlanılmalıdır. Məncə, orada müəyyən hissələr yerləşdirilib, təməl atılıb. Daha sonra işğaldan azad olunmuş bölgələrə Türkiyə qoşunlarının yerləşdirilməsi davam etməlidir. Pakistanla da bu iş aparılmalıdır. Düşünürəm ki, yaxın vaxtlarda bu qardaş ölkələrin elit bölmələri Azərbaycanda yerləşdiriləcək və onlar çoxlarının məzmununu itirmiş duyğularını yerinə qaytaracaq.

 

– Bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər. Bu məsələdə sadəcə aranı qatmaq istəyənlər var. Bu, nə deməkdir?

– Azərbaycan Rusiya ilə strateji müttəfiqlik sazişi imzalayıb. Şimal-Cənub dəmir yolu xəttinin işə salınması, Azərbaycan dəmir yolu qovşağının qurulması bundan xəbər verir. Belə məsələlərdə aranı ABŞ və Avropadakı qüvvələrin qatmaq istədiyi barədə iddialar ola bilər. Onlarla münasibətlər isti deyil. Azərbaycan Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyir. Şimal-Cənub dəhlizi artıq istifadəyə verilmək üzrədir. Bundan başqa, Azərbaycanla Rusiya arasında strateji əlaqələri daha da inkişaf etdirmək istəyi var. Azərbaycanın hər hansı pis niyyəti yoxdur. Bizə qonşularla dinclik, əmin-amanlıq lazımdır.

– Bundan sonra münasibətlərin daha da gərginləşməsi – səfirlərin geri çağırılması, siyasi əlaqələrin dondurulması mümkündürmü?

– Bunu mümkün hesab etmirəm. Çünki strateji müttəfiqlik haqqında müqavilə imzalamışıq. Üstəlik, bunu inkişaf etdirmək əzmini nümayiş etdirmişik. Münasibətlərin bundan sonra soyuması tendensiyasının qarşısı alınacaq. Tərəflər arasında münasibətlərin bərpası istiqamətində addımlar atılacaq. Münasibətlərin kəskin qarşıdurmaya, hətta münaqişəyə aparıb çıxarılmasına imkan verilməyəcək. Azərbaycan Prezidenti bu istiqamətdə zəngin təcrübəyə sahibdir, o bu təcrübəsindən istifadə edib münasibətlərin nizama salınmasına çalışacaq.

– Rusiyada yüz minlərlə soydaşımız yaşayır, işləyir, evlərinə vəsait göndərirlər. Bu hadisələr onların həyatı, işi üçün risklər yaradır. Bu istiqamətdə nələr gözləyirsiniz?

– Rusiya demoqrafik problemlərlə üzləşmiş ölkədir. Hər il ölkənin rus əhalisi azalır. Ölkədə demoqrafik fəlakət gözlənilir, işçi qüvvəsi çatışmır. Əgər miqrantlar olmasa, Rusiya çox ciddi problemlərlə rastlaşar və iqtisadiyyatı pozular. Bu səbəbdən Rusiya miqrantlara lazımi şərait yaratmağa məcburdur.“AzPolitika.info”

Избранный
8
28
moderator.az

10Источники