RU

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib.

STM-dən Herbiand.az-a bildirilib ki, Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, kitabın müəllifləri – Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, əməkdar mədəniyyət işçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli və əməkdar jurnalist Telli Pənahqızı iştirak ediblər. Tədbirdə çıxış edənlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğulayıblar.

STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib ki, kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımından mühüm vəsaitdir:

“Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir.”

Kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti Tahir Əmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir:

“Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.”

Kitabın layihə rəhbəri Qivami Rəhimli isə qeyd edib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir:

“Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır.”

Əməkdar jurnalist Telli Pənahqızı çıxışında bildirdi ki, bu layihə Azərbaycanın mədəni təhlükəsizliyi və mədəni diplomatiyası baxımından strateji əhəmiyyətə malikdir:

“İrəvan xanlığının adətləri, ənənələri, yaşam tərzi kitabda yaşayır. Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədəni müqavimətin bir vasitəsidir. Bu əsər eyni zamanda, gələcək nəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır.”

Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət tədqiqatçıları və akademik dairələrin nümayəndələri də iştirak edərək fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, bu cür nəşrlər təkcə mədəni irsin deyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm rol oynayır.

Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar bu təşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürü kimi qiymətləndiriblər. Eyni zamanda, vurğulanıb ki, mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir.

Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindən savayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir.

Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalq auditoriyaya çıxmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünya ictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.

Sosial Tədqiqatlar Mərkəzində keçirilən  təqdimat bir daha nümayiş etdirdi ki, Azərbaycan öz mədəni irsinə sahib çıxmaqla yanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olduğu həqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirir.



Избранный
26
9
herbiand.az

10Источники