RU

Danimarkalı biznesmen diplomatın Bakı xatirələri

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hazırda yaşadığım Danimarkada və ona qonşu olan digər Skandinaviya ölkələrinin kitabxanalarında, ayrı-ayrı şəxslərə məxsus kolleksiyalarda və muzeylərdə xalqımızın tarixi, ədəbiyyatı ilə bağlı saxlanılan yazılı mənbələrlə yaxından tanış olur və aşkara çıxardığım ən mühüm məlumatları toplamağa çalışıram. Mən 2007-2010-cu illərdə İsveçin paytaxtı Stokholmun Çalmers Universitetində informasiya texnologiyaları ixtisası üzrə magistr təhsili aldıqdan sonra Kopenhagendən dəvət aldım və 2010-cu ildən bugünədək burada informasiya texnologiyaları mühəndisi kimi şirkətlərdən birində çalışıram. Bu yaxınlarda, vaxtilə - 1901-1920-ci illərdə Bakıda əvvəlcə biznes, ayrı-ayrı vaxtlarda və o cümlədən, Azərbaycan Cümhuriyyəti hakimiyyəti illərində diplomatik fəaliyyət göstərmiş danimarkalı Erik F.Bieringin Bakı haqqında xatirələrindən ibarət, 1960-cı ildə Kopenhagen şəhərində nəşr etdirdiyi "Mənim Qafqazda 20 ilim" (Mine tyve Aar i Kaukasus. af Erik F.Biering, 1960) adlı kitabına rast gəldim. Kitabda bir əcnəbi vətəndaşın Bakı ilə əlaqədar, öz gözü ilə görüb, qələmə aldığı çox maraqlı məlumatlar var.

Biznesmen, diplomat Erik F.Biering (23.12.1876-4.7.1964) Danimarkanın Svendborq regionunun Svindinge kəndində 17 uşaqlı ailədə ən kiçiyi olaraq dünyaya gəlib (Erik.F.Biering haqqında wikipedia səhifəsi

https://en.wikipedia.org/wiki/Erik_Biering).

O, 1901-ci ildə Bakıya qardaşı Adam Bieringin yanına iş üçün gedir. Adam Bakıda Nobel qardaşlarına məxsus neft şirkətlərindən birində mühəndis-mexanik vəzifəsində çalışırdı. Qardaşından maliyyə dəstəyi alan E.F.Biering 1901-ci ilin dekabrında Bakıda "Biering and Raabe" (sonralar E.F.Biering & Co. adlandırılır) şirkətini qurur və bu şirkət qısa zamanda böyük uğurlar qazanır. Erik F.Biering 1906-cı ildə neftqazma işləri üçün müəssisə, 1907-ci ildə Bakı və ətraf ərazilər üçün telefon konsessiyasını (telefon sistemini) təsis etmişdir. Biering həm də "Orient and Bank Fishing Net" şirkətinin direktorlar şurasının sədri və Bakı Kommersiya Bankında bank şurasının üzvü olmuşdur. O, 1904-cü ildə Danimarkanın, 1905-ci ildə Norveçin Bakıda vitse-konsulu, 1908-ci ildə isə Danimarkanın Qafqaz üzrə konsulu təyin edilir.

1920-ci ilin mayın 28-də Bakı Sovet Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra onun bütün biznesi bolşeviklər tərəfindən təzminatsız müsadirə edilərək milliləşdirilir. O, Bakıdan sonra bir çox Avropa ölkələrində diplomat kimi fəaliyyətini davam etdirir və 1964-cü ildə vəfat edir (https://biografiskleksikon.lex.dk/Erik_Biering Kirsten Biering, 2021.

https://fonsboel.dk/onewebmedia/Erik%20F.%20Biering.pdf).

Erik F.Biering Bakını tərk etdikdən sonra şəhərin o zamankı qaynar həyatını, insanlarını, neft milyonçularını, Azərbaycan Cümhuriyyətinin rəhbərləri ilə görüşüb yaxından ünsiyyət qurmasını, o cümlədən şəhərin mədəni həyatını - məscidləri, tarixi abidələri, xalqımızın adət-ənənələri haqqında çox illər keçəndən sonra olduqca maraqlı xatirələrini qələmə alıb. Həmin kitabdan hissə-hissə olaraq bəzi fraqmentləri dilimizə tərcümə etmişəm. Aşağıda, Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev haqqında olan hissənin tərcüməsini oxucuların diqqətinə çatdırıram.

Sayqılarla, Vüsal Əli (Kopenhagen)

Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev

...Bu mərhələdə ilk dəfə idi ki, Bakıda yerli sahibkarlara məxsus bank yaradılırdı. O vaxta qədər böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün bank əməliyyatları, əsasən Rusiyadakı yerli və xarici böyük bankların filialları vasitəsilə həyata keçirilirdi.

Bakı Ticarət Bankının qurucuları və sahibləri şəhərin tanınmış ən varlı adamları, tatarlar (azərbaycanlılar - V.Ə.) - Hacı Abdul Zeynal Tağıyev (Hacı Zeynalabdin Tağıyev - V.Ə.) və Musa Nağıyev idi. Onların hər birinin sərvəti təxminən 50 milyon rubl dəyərində qiymətləndirilirdi. Bu iki sahibkar birlikdə fəaliyyət göstərir və bizneslərinə xam neft satmaqla başlamışdılar. Onlar şəhərin kənarındakı mədənlərdə kustar üsulla çıxardıqları xam nefti çəlləklərədə arıq atların qoşulduğu ikitəkərli arabalarda lazım olan ünvanlara çatırırdılar. Əslən tatar olan bu sahibkarlar Balaxanı və digər şəhərətrafı yerlərdə istehsal etdikləri neftlə böyük nüfuz və şöhrət qazanaraq məşhurlaşmışdılar. Getdikcə varlanan sahibkarların neft torpaqları üzərində sahibkarlıq hüquqları qanuni şəkildə öz təsdiqini tapdıqdan sonra, daha yeni-yeni neft mədənləri yaradır və sərvətləri xeyli artmağa başladı.

Bütün bunlardandan başqa, əlbəttə, onların hər ikisi (xüsuusilə Tağıyev) mükəmməl dərəcədə işgüzar, qabiliyyətli idilər və nəyin sərfəli olduğunu dərhal, anındaca çox gözəl anlayırdılar.

Tağıyev çox maraqlı bir adam idi. Mən Bakıya ilk dəfə gələndə o, artıq şəhərin əsas küçələrindən birində çox gözəl bir bina tikdirmişdi. Hər səhər tezdən "Pollak & Co."nun ofisinə gedəndə yolüstu onu yuxarıda aynabəndli eyvanda oturmuş görürdüm. Burada onun katibi cənab Schumacher (Şumaxer - V.Ə.) "Dagens Aviser"dən ona alman qəzetlərini oxuyub tərcümə edirdi.

O, Bakının aparıcı qəzeti olan "Kaspi"nin sahibi idi. Oxumaq və yazmaq bilməsə də, dövri mətbuatı daim izləyirdi. İmzası çox qəribə idi - daima eyni, üst-üstə düşən, dolaşıq xətlər toplusu, lakin yaddaşı inanılmaz dərəcədə güclü idi və bu, ona uğurlu bir biznes qurmağa imkan vermişdi, heç kim onun yanında xırda bir səhv də edə bilməzdi.

O, neft hasilatı ilə məşğul idi və ona məxsus olan neftayırma zavodları, buxar gəmiləri və tanker gəmiləri vardı. Bakının şimalında böyük siyənək balıqçılıq müəssisəsini yaratmış və müasir avadanlıqlarla təmin olunan toxuculuq fabriki tikdirmişdi. Geniş ərazilərdə çəltik, üzüm və pambıq becərilən təsərrüfatlara sahib idi. O, eyni zamanda şəhərin ən böyük teatrlarından birinin möhtəşəm binasını inşa etdirib əhalinin istifadəsinə vermişdi. Tatar-müsəlman əhali regionda çoxluq təşkil edirdi. Şəhərin müsəlman əhalisi arasında onun o qədər böyük nüfuzu var idi ki, Rusiya hökuməti daim onu dəstəkləyir və Cənubi Qafqazın müsəlman əhalisinə təsir göstərmək üçün lazım gələndə ondan istifadə edə bilirdi. Tağıyev böyük xidmətlərinə görə rus dövlətindən yüksək mükafatlar və ordenlər də almışdı.

Buxara əmiri hər dəfə Peterburqa çarı ziyarətə gedəndə yolunu həmişə Bakıdan salar və o, mütləq Tağıyevin qonağı olardı.

Tağıyev sonralar özünün müstəqil şəxsi bankını da yaratmışdı və köhnə dostluğa, ortaqlığa sadiq qalaraq Musa Nağıyevi özünə şərik etmişdi.

Musa isə tamamilə fərqli bir şəxsiyyət idi. Onun kommersiya məsələlərində xüsusi istedadı yox idi. Sərvəti əsasən neft sahələrindən gəlirdi ki, burada onun xüsusi marağı və təşəbbüsü də vardı. Özü olduqca sadə yaşayırdı və Tağıyev kimi daim qara paltoda (diplomat paltoda) gəzmirdi, çox zövqlü geyinirdi. Onun şəxsi ambisiyaları olsa da, əsas marağı Bakıda müasir binalar tikdirmək idi. Parketli döşəmələri sevir və liftdən istifadə etməkdən zövq alırdı, lakin nədənsə özü bu cür evlərdə yaşamaq istəmirdi.

Musa ən yaxşı memarları işə götürür, çox sayda gözəl evlər tikdirirdi və bu fəaliyyəti ilə o, şəhərdə sahibkarlar arasında xüsusi olaraq seçilir və şöhrət qazanmışdı. Amma bütün bunlara baxmayaraq, bu evlər onun üçün elə də xüsusi maraq kəsb etmirdi.

O, hər axşam şəhər klubuna gedərdi və tam savadsız olduğu halda həmişə klubun zəngin menyusuna uzun-uzadı diqqətlə baxar və sonda şəhadət barmağının hərəkətilə ilə menyuda təsadüfi bir yeri göstərərək ofisianta deyərdi: "Şaşlık" (Şişdə qızardılmış quzu əti, tatar milli yeməyi). Onun bu vərdişini bilənlər üçün bu, adi hal idi. Bu hərəkəti onun necə etdiyini özüm görməmişdim, amma onun həmişə belə etdiyi hamıya məlum idi.

"E.F.Biering & Co." şirkətinin ofisi əvvəllər Musa Nağıyevin böyük evlərindən birinin həyətinin arxa tərəfində yerləşirdi. Bir dəfə ondan xahiş etdim ki, mənə 500 rubl dəyişsin. Onun gənc, yetkin oğlu ofisin önündə oturmuşdu. O nə istədiyimi eşidən kimi, mənimlə birbaşa atası Musanın qəbuluna getdik. Musa köhnə seyfi açdı və mənə 100 rublluq əskinas pullar verdi. O isə bu pulun müqabilində məndən vekseli aldı və dedi, kifayətdir?

Musanın bir oğlu və bir qızının olduğu deyilirdi. Hər ikisi də uzun illər vərəmdən əziyyət çəkmiş və gənc yaşlarında vəfat etmişdilər. Onun ailəsi haqqında çox şey məlum deyildi. Qadınları ilə bağlı isə heç nə bilinmirdi.

Tağıyevdə isə vəziyyət tamam fərqli idi. O, nikahda olduğu qadından başqa, yaşlı vaxtında çox gənc bir xanımla da ailə qurmuşdu. Evləndiyi gənc xanımının ləzgi millətindən olduğu deyilirdi və bu millət Bakının şimalında Dağıstan tərəflərdə (Qafqaz dağlarında) yaşayırdı. Bu tayfa orada sünni müsəlmanlar kimi tanınırdı. Tağıyevin ailəsində isə məxsus olduğu dini məzhəbə aid adətlər hakim idi. Tağıyevin qohumları da onun bu evliliyindən çox narahat olmuşdular, amma Hacı onlara belə cavab vermişdi ki, peyğəmbərin özü də yaşlananda cavan bir qadınla evlənməyin gəncliyi qorumağın ən yaxşı yolu olduğunu tövsiyə etmişdir. Beləliklə, bu məsələ birdəfəlik həll olunmuşdu.

Tağıyevin neçə yaşında olduğunu heç kim dəqiq bilmirdi, özü də heç bilmirdi. Ondan kimsə soruşanda belə cavab verirdi: "Qara şəhərdə dördüncü körpü tikiləndə, mən Bakıya gəlmişəm" - bundan artıq daha heç nə deməzdi.

Onun 1910-cu ildə təxminən 75 yaşında olduğu güman edilirdi. O, orta boylu, diqqətçəkən sifəti və təbii, olduqca ləyaqətli davranışı vardı. Geyimi - həmişə qara diplomatik paltosu və qara fəsi (papaq) ilə təsvir olunurdu.

Onun bir neçə övladı vardı ki, onlardan heç biri o qədər də tanınmırdı. Oğlanlarından biri xaricdə təhsil almış və zabit kimi orduda xidmət göstərirdi.

Bakı Ticarət Bankının ilk məclis üzvü və bank direktoru Yakuboviç seçiləndə, Tağıyevin adından bankın əsas filiallarında direktor olduğu üçün ona bank məclisinə üzv olmaq təklif olunmuşdu. O da bu dəvəti məmnuniyyətlə qəbul etmişdi.

Bu vaxtadək mən Tağıyevi yalnız səthi tanıyırdım, onunla konsul vəzifəmdə olarkən bir çox rəsmi tədbirlərdə qarşılaşmışdım, lakin aramızda heç vaxt ciddi bir söhbətimiz olmamışdı. O, az danışan biri idi, amma bank direktoru ilə yaxşı tanış idim. Düşünürəm ki, konsulluq işi və qubernatorla münasibətlərim mənə bu mühüm insanlarla olan tanışlığı qazandırmışdı. Bank idarəetmə şurasında 2 tatar, 2 rus, 2 malakan, 2 erməni və s. etnik qrupların nümayəndələri təmsil olunurdu, mən özümü əcnəbi maraqları təmsil edən biri kimi təqdim etmişdim.

Bir neçə il ərzində ayda ən azı iki dəfə bank şurasının iclasları keçirilirdi. Tağıyev və Nağıyev əsasən bu iclaslarda iştirak edərlərdi. Onlar bank direktorunun hər iki tərəfində, masanın sonunda bank sahibi kimi əyləşərdilər. İclasa təqdim olunan məsələlər müzakirə olunur, qərarlar qəbul olunurdu. Onlar çox az danışardılar. Xüsusilə, ən vacib qərarlar qəbul olunanda bu iki yaşlı sahibkar qısa və konkret olaraq danışıb bir neçə kəlmə ilə fikirlərini bildirərdilər.

Mən heç vaxt Musanın bir kəlmə belə danışdığını eşitməmişdim, amma Tağıyevə aid bir misal gətirə bilərəm:

Bir dəfə tatar meyvə tacirinin 5000 rubl məbləğində kiçik kredit məsələsi müzakirə olunurdu. Bank direktoru dedi: "Bəli, bu cüzi məsələni sizə təqdim etdiyimə görə sizdən üzr istəyirəm, çünki bu adamın təklifi o qədər də maraqlı görünmür və rədd etməyi təklif edirəm. O, şəhərin ən köhnə tacirlərdən biri sayılır. Siz onun haqqında nəsə eşitmisiniz?"

Hamı başını yellədi, amma Tağıyev söhbətə müdaxilə etdi: "Mənə de görüm, o, Hacıyevin evində yaşayan Abdul Alibekov deyilmi?"

Təsdiq cavabını aldıqdan sonra davam etdi:

"O, etibarlı bir adamdır. 30 il əvvəl mən ona 1000 rubl borc vermişdim və o, tam ödəyib qaytardı - halbuki elələri var, qaytarmır. İcazə verin o, 5000 rublu alsın".

Bu söhbətdən sonra artıq heç nə deyilmədi.

Zamanla mən bu qoca ilə çox yaxşı dostlaşdım və həmişə borc pul lazım olanda etiraz etməyib verərdi.

Onunla olacaq görüşlərdən insanların qabaqcadan xəbəri var idi və görüşlər adətən bu formada keçirilirdi. Müxtəlif təşkilatlar, xeyriyyə cəmiyyətləri, saysız-hesabsız şəxslər və s. Tağıyevdən yardım istəmək üçün bu görüşlərə gələrlərdilər. Çünki küçədə ona yaxınlaşmaq çox çətin idi, amma kimsə görüşə gəlib çıxmışdısa, Tağıyev onları çox da pis qarşılamazdı. Mən bir dəfə ona yaxınlaşıb hal-əhval tutaraq təbəssümlə dedim:

"Hacı, nə var-nə yox?" O isə cavab verdi: "Bu gün nə istəyirsən?" O, bütün insanlara "sən" deyə müraciət edərdi və umumiyyətlə, rus dilində danışmaq istəmədiyi halda belə, rusca komik ifadələrlə danışardı.

O, mənə görüş zamanı məsələləri sakit şəkildə, aramla bildirməyə imkan verirdi və heç vaxt bir sözümü rədd etdiyini xatırlamıram. Digər tərəfdən, onun məbləğləri azaltmağının şahidi olmuşam ki, bunlar da mənim üçün gözlənilən idi.

Amma hər şey onun üçün problemsiz deyildi. O, Rusiyanın bütün bölgələrində olduğu kimi, həm də xaricdə müxtəlif universitetlərdə oxumaq üçün öz hesabına tələbələrə təqaüdlər ayırırdı. Bu tələbələrdən olan bir tatar, Karlsruedən (Almaniyada şəhər) mühəndis kimi qayıtmışdı və Tağıyevin müəssisələrindən birində işə düzəlmişdi. Bir il sonra qoca Tağıyevə bildirdilər ki, bu gənc mühəndis onun gözəl xanımı ilə münasibətdədir. Bu xəbərdən sonra, Hacı ailə məclisini (Bakıda yaşayan ailənin ağsaqqallarını) topladı. Nəticədə aydın oldu ki, mühəndisin onun xanımı ilə münasibəti var imiş və qərar verildi ki, ailənin gənc üzvləri ona ciddi cəza versin və o, dərhal Bakıdan qovulsun. Cəza o qədər sərt icra olundu ki, işgəncə verildikdən sonra mühəndis yaralı vəziyyətdə güclə sürünərək özünü həkimə çatdıra və polisə təqdim edilməli olan tibbi arayışı ala bilmişdi.

Bu hadisə o zaman ölkədə çox böyük səs-küyə səbəb oldu və bütün Rusiya mətbuatında yayımlandı. Sonra baş verən bu hadisə, böyük bir qalmaqala çevrildi. Hadisənin sonu isə belə oldu: Məhkəmə Hacını iki il həbs cəzasına məhkum etdi. Lakin hökm Rusiya çarına təqdim edildikdən sonra, Hacının yaşı nəzərə alınaraq, hökm dəyişdirildi. Onun haqqında olan hökm 8 günlük ev dustaqlığı ilə əvəz olundu və o da, həmin müddəti Bakıdakı idarələrindən birində saxlanılmaqla başa vurdu.

Hacı heç vaxt bu hadisəyə əhəmiyyət verməz və onun ətrafı da bu barədə danışmazdı, çünki onun əhali arasında nüfuzu böyük idi. Ona görə də, yerli əhali onun davranışını çox insani və səssiz qəbul etdı. Onlar inanırdılar ki, o, əgər belə bir reaksiya verməsəydi, bu, ictimai asayiş üçün çox təhlükəli ola bilərdi. Hökm icra olunduqdan sonra isə ara sakitləşdi.

Yayda Bakıda yalnız olanda tez-tez Xəzər sahilindəki nəcib ailələrin bağ evlərində qonaq olurdum. Orada adətən bazar günləri səhərlər Tağıyevin xanımı ilə eyni nəsildən olan 4-5 qadın bir yerə toplaşar və söhbətləşərdilər. Onlar çox azad düşüncəli idilər. Bəziləri xaricdə təhsil almışdı və Bakının zənginləri ilə ailə qurmuşdular. Təbii ki, onların məclislərdə kişi kimi davranmaq istəkləri artıq dərəcədə çox idi. Belə ki, onlar çox vaxt verandada (eyvanda) gözəl nahar süfrəsinə oturardılar və böyük stəkanda badələr qaldırardılar. Onların süfrəsində "Martell" və ya "Hen-nessy" kimi spirtli içki brendlerinin şüşələri olardı.

Qoca Tağıyev nadir hallarda süfrəyə oturardı. Tez-tez sahildəki başqa tatar dostlarımızın dəniz sahilindəki malikanələrını ziyarət edirdik, onların orada hündür hasarlarla əhatə olunmuş çox gözəl bağları vardı. Biz ev sahibinin və onun dostlarının qaldığı qonaqlar üçün nəzərdə tutulmuş otaqlarda gecələyərdik.

Olduğumuz otağın divarının digər tərəfində isə qadınlar yerləşirdi və oraya baxmaq qadağan idi. Amma günorta çay süfrəsində, biz yalnız ev sahibi ilə böyük tut (sarı, çox dadlı meyvəsi olan) ağacının altında oturanda müasir geyimli və söhbətlərə maraqla qulaq asan qadınlar olduğu zaman, bir yad qonaq gələrdisə, o, qadınları görmədən qapıda dayanan nəzarətçi tərəfindən geri qaytarılırdı. Tatarların dediyi kimi, orada əgər "qadınlar yarı çılpaqdırsa", o zaman bu, şərəf, namus məsələsi hesab edilirdi.

Bəzən belə olurdu ki, qoca Tağıyev bizi çaya dəvət edirdi, əlbəttə, yalnız kişiləri. Və bilirdik ki, onun nə isə bizə çatdıracaq bir "plan"ı da var, yəni Rusiyada baş vermiş böyük bir fəlakət və ya hadisə haqqında danışar və yardım üçün özü də xeyriyyəçilik kampaniyasına başçılıq edərək, sadə bir tərzdə desək, vətəndaşları "soymaqla" məşğul olurdu. Bu, belə olurdu:

Təxminən əlli nəfər kişi qonaqları sarayın böyük salonunda toplaşır, burada divarın bir tərəfində "Konstantinopola (İstanbul) giriş - Qızıl Buynuz" təsvir olunmuşdu. Çay, şərab və tortlar verilirdi, lakin müzakirə olunan bir məsələ günün əsas mövzusu olurdu. Tağıyev bu dəfə komitənin rəhbərliyi üçün əlavə bir masa düzəltdirmişdi. Bu masaya bir nəfər çağırılırdı və Tağıyev ona belə deyirdi:

- Bəli, bu böyük bir fəlakətdir, Bakının humanistlik göstərməsinin zamanı gəlib çatıb. Onlar yəqin ki, 5000 rubl nəzərdə tutublar.

- Məncə, bu, bir az çoxdur, mən 3000 rubl düşünmüşdüm", - deyə cavab verir.

- Onda, bu da yaxşıdır, yazın 4000 rubl, - dedi o.

Beləcə, məbləğ qeyd olunurdu.

Tağıyev özü 100.000 rubl pul verdi və az sayda qonaq vardı ki, onlar 50.000 rubl dəyərində ərzaq yardımı təklif etdilər. Bu barədə bütün Rusiya qəzetlərində yazılmışdı. Komitə adından təbii fəlakətlər və ya daşqınlarla mübarizə üçün kimin nə qədər yardım etdiyi bildirilirdi.

İllər keçdi və Tağıyev yaşlandı, lakin o, öz nüfuzunu hələ də saxlamışdı. O, Bakının tərəqqisi üçün də çox işlər yerinə yetirmişdi. Məsələn, şəhər həyatı üçün olduqca böyük əhəmiyyət kəsb edən su təchizatının təmin edilməsində bəzi işlər görmüşdü. Bu, illərlə davam edəcək bir hazırlıq tələb edirdi. O, bunu bacardı və Bakıya, həqiqətən, yaxşı, saf su gətirilməsi, ilk növbədə onun səyləri sayəsində baş tutdu. O, mədəniyyətin inkişafının ən yeni üsullarını öyrənmək üçün xaricə dəfələrlə səyahətlər edərdi.

Bir dəfə belə bir səfərdən qayıdanda, o, mənimlə söhbətində Bakı gənclərinin tənbəlliyindən və bacarıqsızlığından gileyləndi və dedi:

"Xaricdə mən belə bir təəssürat əldə etmişəm ki, mədəniyyət ilk növbədə intellektual zəhmət və çalışqanlıq ilə inkişaf edir, bizdə isə mədəniyyət ya qəhvəyi rəngli ayaqqabı, ya da parıldayan laklı çəkmə ilə başlayır. Belə olan halda, bu gənclər arasında ciddiyyət necə olacaq?"

Mən ona yalnız bu cavabı verə bildim ki, Qərbi Avropadakı bir çox varlı ailələrin övladları da bu xəstəlikdən əziyyət çəkirlər.

Tağıyevlə son görüşüm 1918-ci ilin yazında, inqilabdan sonra, Bakıda siyasi vəziyyətin çox gərgin olduğu bir dövrdə baş tutdu.

Şəhərin əhalisini təşkil edən əsas zümrələr - bolşeviklər, tatarlar və ermənilər silahlanmaq üçün bütün mövcud vasitələrə əl atırdı və aydın idi ki, gec-tez bir toqquşma baş verəcək.

Tatarlar Bakının cənubundakı Lənkəran şəhərini toplantı, yəni səfərbəylik mərkəzi kimi seçmişdilər və Tağıyevin böyük oğlu oraya zabit kimi göndərilmişdi. Bir gün Bakıya xəbər gəldi ki, gənc Tağıyev orada həlak olub. Baş vermiş hadisənin təfərrüatı heç vaxt açıqlanmadı, lakin ertəsi gün cənazəsi Bakıya gətirildi və böyük izdihamın müşayiəti ilə dəfn olundu.

Şəhərin bütün müsəlman əhalisi bu hadisə ilə bağlı böyük hüzn içində idi və dəfn mərasimində iştirak etmək üçün toplaşmışdı. Yaşlı ata isə dəfnlə bağlı öz üzərinə düşəni yerinə yetirdi. Bu, çox təsirli bir səhnə idi.

Mən də şəxsən iştirak etmək üçün onun sarayına yollandım. Hər şey mükəmməl qaydada təşkil olunmuşdu. Qonaqlar üçün xatirə dəftəri qoyulmuşdu, hər gələn adam öz izhari-təəssüfünü ora yazmaqla qeyd edirdi.

Şəxsən başsağlığı vermək istəyim qəbul olundu və mən pilləkənlərlə yuxarı qalxıb böyük salona daxil oldum. Orada qarşılaşdığım mənzərə və ab-hava heç vaxt yaddaşımdan silinməyəcək.

Dörd divar boyunca xalılarla döşənmiş zalda dualar və mərsiyələr oxuyan möhtərəm müsəlman ruhaniləri əyləşmişdi. Oxunan mərsiyə mənim qulağıma uyğun olmasa da, amma olduqca təsirli idi və səs böyük salona tamamilə yayılırdı. Salonun ortasında isə kiçik dairəvi masa var idi. Orada iki dost, ağsaqqal - Tağıyev və Musa Nağıyev dərin kədər içində əyləşmişdi, baxışlarından ağrıları hiss olunurdu. Salonda heç kim danışmır, hamı susmuşdu.

Tağıyevin əlini səmimi şəkildə sıxdım və dərin hüznlə başsağlığı verdim. O, yalnız bir sözlə cavab verdi: "Qismət!" (Tale). Sonra mənə bir fincan türk qəhvəsi gətirildi və mən beş dəqiqə heç bir söz demədən onunla və digər yaşlı dostları ilə birlikdə oturdum. Mollalar isə sakitcə mərsiyələrini oxumağa davam etdilər. Təxminən beş dəqiqə sonra mən sakit və səmimi şəkildə yas içində olanlarla vidalaşdım və bu zaman hər üçümüzün də gözlərində yaş vardı.

Bir müddət sonra inqilabçılar Tağıyevin bütün fəaliyyətlərini dayandırıb, mülklərini əlindən aldılar. O, özü şəhər ətrafındakı bağ evinə köçdü. Bildiyim qədərilə, onu orada rahat buraxdılar, bu, böyük ehtimal ki, müsəlman əhalisini qıcıqlandırmamaq üçün atılmış bir addım idi. Axı həmin müsəlman əhali onu həmişə ən ali, nəcib, xeyriyyəçi bir insan kimi qəbul etmişdi.

Danimarka dilindən tərcümə etdi:

Vüsal ƏLİ

(Kopenhagen)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
525.az

1Источники