ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, “Palmali Şirkətlər Qrupu”-nun prezidenti Mübariz Mənsimov Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı prezident İlham Əliyevə müraciət edib.
Gununsesi.info həmin müraciəti təqdim edir:
“Hörmətli cənab Prezident!
Son günlər Rusiya Federasiyasında yaşayan soydaşlarımıza qarşı həyata keçirilən qanunsuz, insanlığa sığmayan davranışları, hüquq-mühafizə orqanları tərəfindən edilən işgəncə və qəddarlığı dərin həyəcan və qəzəblə izləyirəm. Günahsız həmvətənlərimizin təhqir olunması, döyülməsi və hətta həyatlarına qəsd edilməsi təkcə onların hüquqlarına deyil, bütün azərbaycanlıların ləyaqətinə və varlığına yönəlmiş açıq təhdiddir.
Bu ağır məqamda, Sizin birbaşa nəzarətinizlə Azərbaycanın rəsmi qurumları tərəfindən nümayiş etdirilən prinsipial mövqe və dərhal verilən sərt reaksiyalar hər birimizə qürur verdi. Siz bir daha sübut etdiniz ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və ədalətli bir dövlət – Azərbaycan dövləti dayanır!
Sizin yorulmaz fəaliyyətiniz, soydaşlarımızın təhlükəsizliyini təmin etmək uğrunda apardığınız qətiyyətli mübarizə və milli qürurumuzu hər zaman ön planda tutmağınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün regionun və dünyanın nüfuzlu güc mərkəzlərindən birinə çevrilib. Biz – azərbaycanlı iş adamları və diaspor nümayəndələri olaraq – bu yolda hər zaman Sizin yanınızdayıq.
Mən, Mübariz Mənsimov, bir azərbaycanlı kimi, dövlətçiliyimiz və xalqımız naminə apardığınız mübarizədə Sizi hər zaman dəstəklədiyimi bir daha bəyan edirəm.
Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək Azərbaycanın adını dünyada ucaldan Sizin kimi bir liderə sahib olduğumuz üçün qürur duyuram.
Əminəm ki, bu çətin sınaqdan da xalqımız birlik və qələbə ilə çıxacaq”.
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.