RU

Bir il rəsmi müttəfiqlik Bakıya və Daşkəndə nələr verdi...


Hüseyn İbrahimov: “İki ölkə arasında genişlənən əlaqələrin perspektivi böyükdür”

Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir. Bu fikirləri Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib.

Daha sonra ölkə başçısı bunları qeyd edib: “Keçən il Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq iki ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən plan və layihələrlə nümayiş etdiririk. Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq”.

Özbəkistan Qarabağın bərpasında fəal iştirak edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov buna bir neçə aspektdən yanaşdı: “Postsovet ölkələrindən olan Özbəkistanla Azərbaycan arasında xüsusi münasibətlər var. Adət-ənənələrimiz arasında yaxınlıq var. Bizi həm də SSRİ dönəmində formalaşan əlaqələr birləşdirir. Sovet dönəmində də Azərbaycanla Özbəkistan arasında sıx əlaqələr mövcud olub. Əlaqələr çoxşaxəli olub. Həm mədəni, həm iqtisadi, həm də digər sahələrdə sıx əlaqələr mövcud olub. İttifaq ölkələri arasında Özbəkistanla Azərbaycanın çox sıx əlaqələri olub. Deməyim odur ki, Özbəkistanla Azərbaycan arasında əlaqələr müstəqillikdən sonra formalaşmayıb. Ondan əvvəl iki ölkə arasında sıx əlaqələr mövcud olub. Müstəqillikdən sonra, təbii ki, iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə keçdi. Özbəkistan sıradan bir ölkə deyil. Özbəkistan əhalisinin sayına görə türkdilli ölkələr arasında Türkiyədən sonra ikinci dövlətdir. Orada 40 milyon əhali yaşayır. Böyük və çoxşaxəli iqtisadiyyata malikdir. Özbəkistan Çin və postsovet ölkələri ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə də sıx iqtisadi-ticarət əlaqələrinə malikdir. Avroittifaqın aparıcı dövlətləri Özbəkistanda bir sıra böyük layihələr həyata keçirir, son illər əlaqələrin genişləndirilməsi ilə bağlı yeni layihələr gündəmdədir. Özbəkistan xarici sərmayəni cəlb etmək üçün sistemli islahatlar aparan ölkələrdən biridir. O cümlədən, Özbəkistanla Azərbaycan arasında əlaqələr daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə qalxıb. Özbəkistan Qarabağın bərpasında fəal iştirak edir. Bu ölkə həm də Azərbaycanın ixrac məhsulları üçün böyük bazardır. O baxımdan hesab edirəm ki, iki ölkə arasında genişlənən əlaqələrin perspektivi böyükdür”.

Vidadi ORDAHALLI

Избранный
21
26
baki-xeber.com

10Источники