RU

Azərbaycan yeni məkanda lokomotivə çevrilir - 500 milyon insan, 76 milyard dollar ÜDM...


Müasir dünyada regional əməkdaşlıq və inteqrasiya qlobal inkişaf proseslərinin mühüm tərkib hissəsinə çevrilib. Bu fonda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO – Economic Cooperation Organization) mühüm regional qurumlardan biri kimi çıxış edir.

1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən yaradılan bu təşkilat sonrakı illərdə daha geniş coğrafiyanı əhatə edərək, hazırda 10 üzv dövləti birləşdirir. Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran qurumun üzvləridir.

ECO-nun əsas məqsədi üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı genişləndirmək, regional ticarəti təşviq etmək və dayanıqlı inkişafı təmin etməkdir. Təşkilatın əsas fəaliyyət sahələrinə ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və ətraf mühit daxildir. Bu sahələrdə birgə layihələr və təşəbbüslər vasitəsilə üzv dövlətlər arasında əlaqələrin dərinləşdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Azərbaycan 1992-ci ildən etibarən ECO-nun tamhüquqlu üzvü kimi bu təşəbbüslərdə fəal iştirak edir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. ECO üzvləri arasındakı illik ticarət dövriyyəsi isə 76 milyard dollara çatır. Ölkəmizin qurumda həyata keçirdiyi iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ölkənin artmaqda olan iqtisadi potensialı, əlverişli geostrateji mövqeyi və çoxşaxəli xarici SİYASƏTİNƏ fonunda xüsusi əhəmiyyət qazanır. Azərbaycan ECO məkanında ticarət, enerji, nəqliyyat və logistika sahələrində irəli sürdüyü layihələrlə təşkilat daxilində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tiflis-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan ECO ölkələri ilə ticarət dövriyyəsinin və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin apardığı araşdırmaya əsasən, ​2024-cü il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinə nəzər yetirildikdə, ixracın həcminin 26,5 milyard dollar, idxalın isə 21 milyard dollar təşkil etdiyi müşahidə olunur. 2024-cü il üzrə Azərbaycanın ECO-ya üzv ölkələrlə xarici ticarət əlaqələrinin statistik təhlili göstərir ki, bu ölkələrlə aparılan ixrac və idxal əməliyyatlarının həcmi və strukturu əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, İranın Azərbaycanın ümumi ixracında payı 0,05 faiz, ümumi idxalında isə 3,01 faiz təşkil edib. Özbəkistanla ticarət əməliyyatları çərçivəsində ixracın ümumi ixracdakı payı 0,15 faiz, idxalın payı isə 1,01 faiz olub. Pakistanla aparılan ticarət əməliyyatları isə son dərəcə məhdud xarakter daşıyır – ölkənin ümumi ixracında payı yoxdur, idxalında isə 0,1 faiz təşkil edib. Qazaxıstanla xarici ticarət dövriyyəsində ixrac 0,5 faiz, idxal isə 1,6 faiz səviyyəsində qeydə alınıb. Qırğızıstan üzrə bu göstəricilər müvafiq olaraq 0,11 faiz və 0,05 faiz, Tacikistan üzrə isə 0,02 faiz və 0,01 faiz təşkil edib. Ən yüksək ticarət dövriyyəsi Türkiyə ilə qeydə alınıb. Belə ki, 2024-cü ildə Azərbaycanın ümumi ixracının 14,38 faizi, idxalının isə 10,97 faizi məhz Türkiyənin payına düşüb.Türkmənistanla ticarət əlaqələrində ixrac 0,3 faiz, idxal isə 1,44 faiz səviyyəsində olub. Əfqanıstanla isə 2024-cü il ərzində heç bir ticarət əməliyyatı həyata keçirilməyib. Ümumilikdə, Azərbaycanın xarici ticarət dövriyyəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında Türkiyə ikinci mövqedə qərarlaşır. Bu göstərici iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi sahədə də intensiv şəkildə inkişaf etdiyini təsdiqləyir. Azərbaycan ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

ECO həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Müxtəlif iqtisadi səviyyəyə malik ölkələrin bir araya gəldiyi bu platforma, onların maraqlarını uzlaşdırmaq və ortaq iqtisadi məkan yaratmaq üçün mühüm vasitədir.ECO çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Təşkilat Orta Asiyanı Yaxın Şərq və Avropa ilə birləşdirən strateji marşrutların inkişafına dəstək verir. Bu baxımdan Transxəzər və Şimal-Cənub nəqliyyat dəhlizləri, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu kimi layihələr regional iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm rol oynayır.Üzv ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və birgə logistik mərkəzlərin yaradılması ticarətin həcmini artırmaq üçün həyata keçirilən əsas tədbirlər sırasındadır. Bu təşəbbüslər sayəsində ECO regionu beynəlxalq ticarət üçün daha cəlbedici bir məkana çevrilməkdədir. Xüsusilə Azərbaycanın tranzit potensialı, enerji resursları və nəqliyyat infrastrukturu təşkilat daxilində əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Azərbaycan ECO çərçivəsində keçirilən enerji forumları, nəqliyyat nazirlərinin görüşləri və iqtisadi forumlarda öz təşəbbüslərini irəli sürür. Bakı-tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistik mərkəzlər, üzv ölkələr üçün yeni ticarət imkanları yaradır. Bu da Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir. ECO-nun regional əməkdaşlıq üçün platforma rolunu oynaması, onun üzv ölkələrin iqtisadi inkişafına töhfə verməsini təmin edir. Təşkilat üzv dövlətlər arasında qarşılıqlı asılılığı və əməkdaşlıq mədəniyyətini gücləndirərək, onları qlobal iqtisadiyyatda daha sabit və dayanıqlı mövqe tutmağa təşviq edir. Azərbaycanda ECO-nun 17-ci Zirvə görüşünün keçirilməsi isə ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin qurum daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

Ramil QULİYEV

Избранный
3
50
baki-xeber.com

10Источники