RU

Trampın növbəti təşəbbüsü Qəzzada iflas ərəfəsindədir...


ABŞ prezidenti Donald Tramp “Truth social” sosial şəbəkəsində bildirib ki, İsrail nümayəndələri ABŞ ilə danışıqlar zamanı Qəzza zolağında 60 günlük atəşkəs üçün lazım olan şərtlərlə razılaşıblar:

“İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb. Bu müddət ərzində biz müharibəni dayandırmaq üçün bütün tərəflərlə çalışacağıq”.

O əlavə edib ki, HƏMAS qruplaşmasının “Yaxın Şərqin rifahı naminə” razılaşmanı qəbul edəcəyinə ümid edir. Amma Trampın sözlərinə görə, HƏMAS-ın bu şərtləri qəbul edəcəyi hələlik məlum deyil: “Mənim nümayəndələrim İsrail tərəfi ilə Qəzza məsələsi ətrafında uzun və məhsuldar görüş keçirib. İsrail 60 günlük atəşkəs üçün müvafiq şərtlərə razılıq verib. Bu müddət ərzində isə biz bu müharibəyə son qoymaq üçün bütün tərəflərlə işləyəcəyik. Qətərlilər və misirlilər sülhün əldə olunması üçün çox işləyib və onlara son təklilər təqdim olunacaq. Ümid edirəm ki, Yaxın Şərqin rifahı üçün HƏMAS bu təklifləri qəbul edəcək. Əks təqdirdə daha da pis olacaq. Bu məsələyə diqqətiniz üçün təşəkkür edirəm!”. Bundan əvvəl CNN telekanalı bildirib ki, Qətər rəsmiləri 60 günlük atəşkəsin əldə olunması üçün HƏMAS və İsrailə yeni təklif verib. Telekanal bəyan edib ki, təkliflər Tramp administrasiyası tərəfindən dəstəklənir. Qeyd edək ki, İsrailin mart ayında qüvvəyə minən atəşkəsə əməl etməyi dayandırmasından sonra iki tərəf arasında dolayı danışıqlar dalana dirənib. HƏMAS sözçüsü “Reuters” agentliyinə deyib ki, onlar vasitəçilərə atəşkəs danışıqlarını bərpa etməyə hazır olduqlarını bildiriblər, lakin hər hansı bir razılaşmanın müharibəni dayandırması və İsrail qoşunlarının sahil anklavından çıxarılmasını təmin etməsi tələbini təkrarlayıblar. Hətta atəşkəsə nail olmaq üçün səylər davam edərkən, İsrail hərbçiləri fələstinliləri gözlənilən hücumlarla bağlı xəbərdar edərək, Qəzza zolağının şimalının boşaldılmasını əmr edib.

Bütün bunlar Trampın Qəzza zolağında atəşkəsə nail ola bilməsini ciddi sual altına alır. Halbuki, iyulun 1-də Qətər hakimiyyəti HƏMAS və İsrailə Tramp administrasiyası tərəfindən dəstəklənən 60 günlük atəşkəs üçün yeni təklif təqdim edib. Təklif prezidentin xüsusi elçisi Stiv Vitkoffun rəhbərlik etdiyi aylarla davam edən pərdəarxası səylərdən sonra yekunlaşdırılıb. Həmin gün İsrailin strateji işlər naziri Ron Dermerin Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri ilə görüşmək üçün Vaşinqtona səfər edib. HƏMAS isə qeyd olunduğu kimi İsraillə atəşkəsə açıq olduğunu bildirib, lakin bir neçə saat əvvəl Trampın ABŞ-ın dəstəklədiyi təklifi qəbul etməkdən imtina edib. Qrup uzun müddətdir ki, hər hansı bir razılaşmanın Qəzzada müharibəyə son qoymalı olduğu mövqeyində qalıb. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu və prezident Trampın gələn həftə ABŞ-da görüşməsi planlaşdırılır ki, bu da İsrail liderinin altı aydan az müddətdə Vaşinqtona üçüncü səfəridir. Netanyahunun gəlişi beynəlxalq diqqətin bir daha Qəzza zolağında İsrail və HƏMAS arasında təxminən iki ildir davam edən müharibədə atəşkəs əldə etmək səylərinə yönəldiyi bir vaxta təsadüf edir. İsrail və HƏMAS arasında dolayısı danışıqlarda atəşkəs əldə olunmaması Qəzzada 2 milyondan çox fələstinli mülki vətəndaşın əzabını və israilli girovların əsirliyini uzadır.

Tahir TAĞIYEV

Избранный
8
50
baki-xeber.com

10Источники