RU

Zelenskini Bakıya zənginə görə hədəf aldılar

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin niyə Ukrayna prezidentini “təxribatlar ustası” adlandırdı? 

“Avropadakı qüvvələr Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamağa çalışırlar”.  Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin səbəbləri haqda danışarkən belə deyib. Onun sözlərinə görə, “Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr Moskva ilə Bakı arasındakı münasibətləri dağıtmağa çalışırlar”.

Qriqori

Onun fikrincə, Moskva-İrəvan münasibətlərində baş verən gərginliklərdə də oxşar qüvvələr suçludur. 

Karasin həmçinin bildirib ki, münasibətlərin  gərginlikləşməsinə “təxribatlar ustası” Ukrayna Prezidenti Vladimir Zelenski də qoşulub".

“Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza ümid etməliyik. Nifrəti qızışdırmağa ehtiyac yoxdur. Biz buna imkan verməməliyik”, - o deyib.

“Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür”. Bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyətdə odun üstünə yağ tökəcək”, - deyə Peskov əlavə edib. Peskov onu da qeyd edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”.

Bəllidir ki, iki gün əvvəl Ukraynanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib. Zelenski Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarda həmvətənlilərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətinin başsağlığını çatdırıb. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib. Aydındır ki, bu zəng Moskvanın narazılığına səbəb olub və Zelenski bu səbəbdən hədəf seçilib.  

O cümlədən “Avropadakı qüvvələr” dedikdə də Rusiyanın Avropa Birliyini nəzərdə tutduğuna şübhə yeri qalmır.

Azərbaycan

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a qeyd etdi ki, son 1 həftədə Rusiya və Azərbaycan arasındakı münasibətlərdə yaranmış eskalasiyanın səbəbkarlarını kənarda axtarmaq Rusiyanın hər zamankı xüsusiyyətidir: “Azərbaycan-Rusiya münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrin mövcudluğunu inkar etmirik. Amma bu o demək deyil ki, yaratdığın problemin məsuliyyətini Avropa İttifaqı ölkələrinin, yaxud Böyük Britaniyanın üzərinə qoyasan. Yekaterinburqda vəhşicəsinə əməliyyatı xarici qüvvələr həyata keçirmişdi? Həbs edərkən soydaşlarımızı onlar döyüb öldürmüşdülər? Yaxud hadisələrdən dərhal sonra Rusiyanın digər federal subyektlərində oxşar hadisələri də Qərbin xüsusi xidmət orqanları etmişdi? Yəni Rusiya tərəfinin verdiyi açıqlamalar və bəyanatlar çox məntiqsiz və gülüncdür. Rusiyanın olaylara bu şəkildə yanaşması ilk dəfə deyil. Ümumiyyətlə, müxtəlif illərdə baş verən hadisələr olub ki, günahkar açıq aşkar özü olduğu halda, hər hansı üzr və etiraf görməmişik. Belə çıxır ki, Rusiya üçün hətta səhvini belə etiraf etmək imkansızdır. Amma gördüyü işləri başqalarının üzərinə yıxmaq təcrübəsi isə böyükdür. Tutaq ki, Qərbdə iki ölkə arasında münasibətlərin korlanmasında maraqlı olan qüvvələr var. O zaman həmin ölkələrin bu istəklərini həyata keçirməkdə vasitəçi olan da sənsən. Yaxud hadisələrdən sonra Ukrayna prezidentinin Azərbaycan prezidentinə zəng etməsinə də Rusiyadan verilən reaksiya gülüncdür. Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir. Azərbaycanla hər zaman yaxşı münasibətləri olub, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını hər platformada dəfələrlə bəyan edib. Belə bir münasibətin olduğu ölkənin prezidentinin zəng edib başsağlığı verməsi, fikir mübadiləsi aparması çox təbiidir və Ukrayna prezidentinə bu diqqəti üçün təşəkkür etmək lazımdı. Rusiyanın buna münasibət bildirməsi isə ümumiyyətlə yersizdir”.

İran

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya Azərbaycanla münasibətlərin bərpasını istəyirsə, Qərbi günahlandırmaqdan əl çəkərək, törətdiyi əməllərə nəzər yetirməlidir: “Əks təqdirdə, qeyri-müttəfiq, qeyri-dost xarakteri daşıyan bu əməllər iki ölkə arasında münasibətləri geri dönüşü olmayan bir məcraya sala bilər. Bunun qarşısının alınması, Cənubi Qafqazda sülhün, sabitliyin qorunması, Rusiya-Azərbaycan münasibətlərinin bərpası üçün ilk növbədə hadisələrin kökü, əsas səbəbi olan təyyarə "qəzası"nın qəza olmadığı, bilərəkdən, yaxud bilməyərəkdən (PUA hücumunu dəf edərkən səhvən) törədilən cinayətin məsuliyyətinin üstlənilməsi, azərbaycanlılara qarşı zorakı davranışların durdurulması, mediada nifrət nitqinə son verilməsi və bütün bunlar üçün qarşılıqlı məsləhətləşmələrin keçirilməsi vacibdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
14
41
musavat.com

10Источники