Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyi iddiası yeni qalmaqala səbəb olub.
Trend Almaniyanın “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ARD kanalının “Kontraste” proqramının, “Die Zeit”, “Le Monde” və “Falter” qəzetlərinin daxil olduğu beynəlxalq araşdırma qrupu tərəfindən əldə edilən 29 səhifəlik hesabatda ID fraksiyasının 2019–2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqazidd şəkildə istifadə etdiyi qeyd olunub. Qeyd edək ki, ötən ilin yayında buraxılan fraksiyanın tərkibində Avstriyanın Azadlıq Partiyası (FPÖ), Fransanın “Rassemblement National” partiyası və “Almaniya üçün Alternativ” (AfD) partiyası yer alıb.
Sənədə əsasən, ID fraksiyası müxtəlif təşkilatlara Avropa İttifaqının fəaliyyət sahəsinə uyğun gəlməyən qanunsuz ianələr ayırıb. Həmin vəsaitin bir hissəsinin dini və ideolojiyönümlü qurumlara, o cümlədən fraksiyaya yaxınlığı ilə tanınan şəxslərlə əlaqəli təşkilatlara ayrıldığı qeyd olunur. Eyni zamanda, tender qaydalarına əməl olunmadan müxtəlif şirkətlərə iri məbləğli sifarişlərin verilməsi, süni qiymət artımı və şəffaf olmayan razılaşmalarla bağlı ittihamlar da sənəddə yer alır.
Hesabatda bəzi maliyyə əməliyyatlarının uydurulmuş “68-ci maddə”yə əsaslandırıldığı, lakin bu cür hüquqi bazanın ümumiyyətlə mövcud olmadığı bildirilib. Fraksiyanın fəaliyyəti ilə əlaqəli olan və Fransa, Avstriya və Almaniyada yerləşən şirkətlərə böyük həcmdə ödənişlərin köçürüldüyü, həmin şirkətlərdən bəzilərinin rəhbərlərinin ifrat sağçı partiyalarla sıx əlaqələrinin olduğu iddia edilir. Belə ki, 3 milyon avrodan çox vəsaitin qanunsuz şəkildə xidmət müqavilələrinə xərcləndiyi, o cümlədən Avstriyadakı ifrat sağçı “Zur Zeit” həftəlik qəzetinə 2019–2024-cü illərdə 600 avroluq reklam və əlavələr üçün vəsait ödənildiyi qeyd olunub.
Hesabatda şübhəli xərclərin əsas hissəsinin Fransaya aid olduğu qeyd edilib. Fraksiyadan 1,4 milyon avrodan çox vəsait alan “Unanime” şirkətinin iki il əvvəl adını “Europacomm” olaraq dəyişdiyi və fransalı ifrat sağçı Marin Le Penə yaxınlığı ilə tanınan Frederik Şatillonun həyat yoldaşı tərəfindən idarə olunduğu qeyd edilib. Daha bir fransız şirkətinin “E-Politic”in isə 1,7 milyon avrodan çox vəsait aldığı bildirilib.