RU

"Caz danışsaydı, deyərdi: "Məni dinləyin və özünüzü kəşf edin"

Şahin Növrəsli: "Musiqi mənim həyatımın ayrılmaz parçasıdır"

Caz - musiqi dünyasında özünəməxsus yeri və xüsusi cazibəsi ilə seçilən bir janrdır. Onun  improvizasiya xüsusiyyətləri, ritmik zənginliyi, həmçinin müxtəlif musiqi ənənələri ilə sintezi cazı unikal və zamanla inkişaf edən sənət növünə çevirir. Dünyanın müxtəlif guşələrində fərqli tərzdə yaşanan caz  Azərbaycanda da özünəməxsus üslub və tərzdə inkişaf etmişdir.

Azərbaycanda caz musiqisi uzun tarixə malikdir və bu janrın inkişafında ölkəmizin görkəmli sənətkarları mühüm rol oynayıblar. Azərbaycan cazı, xüsusilə milli musiqi elementləri ilə zənginləşərək özünəməxsus səslənmə və ifadə tərzi qazanıb. Bu istiqamətdə pianoçular xüsusi önəm daşıyır, çünki piano cazın əsas alətlərindən biri olmaqla yanaşı, improvizasiya üçün geniş imkanlar yaradır.

Bu dəfə isə biz dünya caz ulduzu, Azərbaycan Respublikasının əməkdar artisti Şahin Növrəsli ilə söhbətləşdik. Şahin bəyin musiqi dünyasında qazandığı uğurlar, onun Azərbaycan cazına yanaşması və gələcək planları barədə danışdıq.

-Musiqi sizin üçün nə ifadə edir? O, sizin həyatınızda hansı yeri tutur?

- Bu, elə bir sualdır ki... Musiqi, ümumiyyətlə, hər bir insan üçün ruhun qidasıdır. Hər bir insanın daxili aləmi musiqiyə ehtiyac duyur. Amma biz peşəkar musiqiçilər üçün bu, daha da fərqli və dərin bir anlam daşıyır. Mən musiqiyə uşaq yaşlarımdan bağlanmışam, təxminən üç  yaşından bu sahənin içindəyəm. O vaxtdan bu günə qədər musiqi mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Ona görə də musiqisiz bir həyat düşünə bilmirəm. Təbii ki, həyatın gedişatında elə dövrlər olur ki, musiqi ilə məşğuliyyət bir qədər arxa plana keçir. Məsələn, elə vaxtlar olur ki, yeni əsər yazmırsan, ifa etmirsən, ya da uzun məşqlər olmur. Amma bu hallar uzun çəkmir.

Musiqi öz-özünə yenidən qayıdır, insanın içində o ehtiyac və ilham oyanır. Bu, çox təbii bir prosesdir. Mənim həyatım musiqi ilə birgədir və musiqi olmadan özümü tam hiss etmirəm.

-Səhnədə caz ifa etmək sizə hansı duyğuları yaşadır? Tamaşaçı ilə əlaqə sizə nə verir?

-  Caz - improvizasiyadır. Bu musiqinin gözəlliyi ondadır ki, sən onu yazılmış bir notdan deyil, o an səhnədə, ürəyindən keçəni hissə-hissə ifa edirsən. Caz səhnədə, real zamanda doğulan musiqidir. Bu prosesdə sən musiqinin içində tam mənasıyla yaşayırsan. Və maraqlısı budur ki, dinləyici də bunu dərhal hiss edir. Onunla arasında emosional bir körpü yaranır. Tamaşaçı səmimiyyəti duyur. Əgər sən doğrudan da musiqi ilə bir bütün olursansa, cazın axınına tam qapılırsansa, bu duyğu avtomatik olaraq tamaşaçıya keçir. İmprovizasiya nə qədər təsirli və içdən gələn olsa, o qədər güclü reaksiya doğurur.Caz elə bir janrdır ki, o ifaçı ilə dinləyicini birbaşa və canlı şəkildə b irləşdirir. Hər konsert sanki unikal bir hekayədir - bir daha təkrarlanmayan bir an.

- Musiqinizdə Azərbaycan ruhunu hansı yollarla yaşadırsınız? Muğam elementlərini cazla birləşdirmək sizin üçün sadəcə texniki, yoxsa mənəvi məsələdir?

- Gözəllik ondadır ki, muğam özü də improvizasiya musiqisidir. Cazla muğamın birləşməsi isə çox gözəl və təbii bir sintezdir. Bu, bir tərəfdən texniki məsələdir, amma digər tərəfdən mənəvi yükü çox böyükdür.

Muğam bizim musiqi köklərimizdir. O, xalqın ruhudur, bizim milli kimliyimizin ifadəsidir. Ona görə də mənim üçün muğamla cazı birləşdirmək təkcə bir musiqi təcrübəsi deyil, həm də bir kimlik nümayişidir. Bu sintez vasitəsilə mən öz musiqimdə Azərbaycan ruhunu yaşadıram və dünyaya çatdırıram. Xarici dinləyicilər üçün bu çox fərqli və təsirli gəlir. Onlar üçün bu, qeyri-adi, amma son dərəcə peşəkar bir üslub kimi səslənir.

Bu səbəbdən də bir çox musiqiçilər bu yoldan gedərək muğam-caz sintezli əsərlər yaradırlar. Bu, həm musiqi baxımından zənginlik, həm də milli irsin yaşadılması baxımından vacibdir.

- Azərbaycan cazı sizin üçün nədir - bir miras, yoxsa özünüzə xas bir musiqi dili?

- Azərbaycan cazı - əslində bir janr kimi yox, bizim yaratdığımız öz musiqi üslubumuzdur. Cazın özü var, muğamın özü var. Amma biz onların sintezindən öz musiqimizi yaradaraq yeni bir üslub formalaşdırırıq.

Amma bu o demək deyil ki, biz yeni janr yaradırıq. Caz həmişə olub - Amerika cazı, Avropa cazı... Biz sadəcə öz musiqimizi onun içində ifadə edirik. Yeni üslub, yeni əsərlər yaranır və bu da bizi fərqli edir.

- Vaqif Mustafazadənin irsi sizə hansı mənada təsir edib? Onun qoyduğu yoldan çıxaraq siz öz musiqi yolunuzu necə formalaşdırdınız?

- Vaqif Mustafazadə təkcə bir sənətkar deyil, bizim üçün bir məktəbdir. Cazla milli musiqimizin vəhdətini yaradan ilk şəxs o olub. Xüsusilə biz gənc musiqiçilər onun musiqilərini öyrənərək böyümüşük. Onun yaratdığı sintez - yəni cazla Azərbaycan musiqisinin birləşməsi - bizim üçün yalnız musiqi yox, həm də düşüncə tərzidir. Biz o əsərləri dinləyib təkcə musiqi yox, bir dünyagörüş qazanmışıq. Onun üslubunu mənimsəyib zamanla öz yolumuzu tapmışıq. Vaqif Mustafazadənin musiqisi hələ də aktualdır, ifa olunur, öyrənilir. O, bizə musiqidə necə azad, eyni zamanda köklərimizə sadiq olmağı öyrədib. Allah ona rəhmət eləsin - o, Azərbaycan caz tarixinin əvəzolunmaz zirvəsidir.

- Bəs siz o yoldan keçərək öz musiqi yolunuzu necə formalaşdırdınız?

- Musiqi yolunu insan çox vaxt özü hiss etmədən tapır. Bu, planla, ya süni şəkildə olmur. Mən sadəcə çoxlu musiqi dinləyirdim - Amerika cazı, klassik musiqi, Vaqif Mustafazadənin ifaları... Bunların hamısı ruhuma hopurdu. Günlərlə məşq edir, öz üzərimdə çalışırdım. Zamanla gördüm ki, mənim içimdən bir üslub çıxır. Bu artıq mənim səsim, mənim nəfəsimdir. Təbii ki, heç vaxt "mən öz üslubumu yaratmalıyam" kimi düşünmürdüm. Bu, illərlə formalaşan, dərinləşən və içdən gələn bir prosesdir. Hər ifa, hər konsert, hər yeni əsər mənim yolumun bir addımı olub.

- Beynəlxalq səhnələrdə çıxış edərkən dinləyiciyə "azərbaycanlı cazmen" olaraq nə çatdırmaq istəyirsiniz?

- Xaricdə səhnəyə çıxanda üzərində bir məsuliyyət hiss edirsən. Orada təkcə özünü yox, ölkəni təmsil edirsən. Afişada "Azərbaycan" yazıldığını görəndə qürur duyuram. Çünki o anda anlayıram ki, mən musiqimlə vətənimi tanıdıram. Bu 25 il ərzində dünyanın müxtəlif ölkələrində səhnələrdə çıxış etmişəm. Hər dəfə düşünmüşəm ki, dinləyici təkcə bir musiqi ifaçısını yox, həm də Azərbaycanın ruhunu, mədəniyyətini tanıyır. Klassik Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəndə, onların musiqisinin xarici dinləyicilər üçün nə qədər dəyərli olduğunu görəndə deyirəm: "Bax, bu mənim xalqımın musiqisidir!" Bu, sözün həqiqi mənasında qürurverici hissdir.

- Gənc musiqiçilərə dəstək verirsinizmi?  Caz musiqisinə maraq Azərbaycanda nə səviyyədədir? Gənclər arasında bu janra münasibət necə dəyişir?

- Əlbəttə! Dəstək vermək mənim üçün yalnız borc deyil, həm də böyük zövqdür. Gənclər çoxdur, maraq da artmaqdadır. Hətta iki oğlum da caz ifa edir - bu, mənim üçün ikiqat sevinclidir. Təsisçi ve direktoru olduğum Bakı Beynəlxalq Piano Festivalı var - orada həm caz, həm klassik musiqiyə yer veririk. Gənclərə səhnə imkanı yaradırıq. İki günlük konsert proqramlarımız olur. Mən özüm də mütəmadi olaraq ustad dərsləri keçirəm. Gələn hər bir gəncə sevə-sevə vaxt ayırıram, təmənnasız dərs keçirəm, yol göstərirəm. Bu mütləqdir. Əgər musiqini sevən bir gənc var və sən ona yol açırsansa, sən həm də musiqinin gələcəyinə xidmət edirsən. Caz sevgisi nə qədər çoxalsa, onun ömrü bir o qədər uzun olacaq.

- Hazırda üzərində çalışdığınız yeni layihələr varmı? Gələcək planlarınızı bölüşə bilərsinizmi?

- Festival yeni bitdi. İki həftədir ki, Bakı Beynəlxalq Piano Festivalının 4-cü buraxılışını təşkil etmişik. Bu dəfə 10-15 ölkədən ifaçılar gəlmişdi, çox rəngarəng konsertlər oldu. Bütün il boyu bu layihəyə hazırlıq gedib. İndi bir-iki başqa ideya var. Böyük oğlum Fransada caz məktəbinə qəbul olunub, onun sənət təhsilini düşünürük. Orada da işlər, layihələr var. İndi yay mövsümündə insan bir az istirahət haqqında da düşünür. Amma sentyabrdan sonra yeni layihələrə başlamağı planlaşdırıram.

- Son olaraq:  əgər caz danışa bilsəydi, sizcə tamaşaçıya nə deyərdi?

- Caz deyərdi: "Mən azadlıq və gözəllik içindəyəm." Caz sərbəst musiqidir, improvizasiya,, amma o sərbəstliyin içində bir nizam, bir daxili düzən var. O, həm təbii axınla gedir, həm də ciddi musiqi mədəniyyətinin nəticəsidir. Caz deyərdi: "Məni dinləyin və özünüzü kəşf edin." Bu janr insanın daxilindəki duyğuları ifadə etməyə imkan verir. Ona görə də hər kəsi cazla tanış olmağa, onu hiss etməyə dəvət edirəm. Bu musiqidə çox gözəl bir dünya var.

Şahin Növrəslinin sözləri və musiqiyə yanaşması Azərbaycan cazının zəngin ənənələrinin nəinki qorunub saxlanıldığını, həm də yeni nəsillərə uğurla ötürüldüyünü bir daha təsdiqləyir. Onun caz musiqisini milli musiqi elementləri ilə sintez etməsi, improvizasiyanın ən yüksək səviyyədə tətbiqi, bu janrın Azərbaycan səhnəsində özünəməxsus yerini möhkəmləndirir. Musiqi sənətində ustadlıq yalnız texniki bacarıqlarla deyil, həm də ruhun dərinliyindən gələn ifadə ilə ölçülür və Şahin bəy bu harmoniyanı mükəmməl şəkildə təmin edir.

Azərbaycanda caz musiqisinə olan maraq və gənc istedadların artması isə gələcək üçün böyük ümidlər yaradır. Şahin Növrəsli kimi sənətkarların festival, ustad dərsləri və gənclərə dəstək layihələri bu sənətin davamlı inkişafını təmin edən əsas sütunlardır. Cazın yalnız bir janr deyil, həm də duyğu, ifadə və yaradıcı azadlıq olduğunu vurğulayan Şahin bəyin fəaliyyəti, Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsinə, dünya musiqi arenasında layiqli yer tutmasına xidmət edir.

Bu müsahibə musiqi sevərlərə və xüsusilə Azərbaycan cazına maraq göstərənlərə dəyərli baxış bucağı təqdim edir. Cazın ruhunu və milli köklərlə bağlılığını daha dərindən anlamaq istəyən hər kəs üçün Şahin Növrəsli kimi ustadların sözləri böyük məna kəsb edir. Qoy bu sənət sahəsi daim inkişaf etsin, yeni istedadlar yetişsin və Azərbaycan cazı dünya səhnələrində öz səsini qürurla eşitdirsin.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
45
olaylar.az

10Источники