RU

Azərbaycan cüdoçularından ilin ilk yarısında 94 medal

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

İlin ilk yarısında Azərbaycan cüdoçuları beynəlxalq arenada 94 medal qazanıblar.

İdman.biz xəbər verir ki, "Judobase" portalının kadetlər, gənclər, böyüklər və veteranlar üzrə yarışların nəticələrini əhatə edən statistik hesablamalarına əsasən, 6 ay ərzində idmançılarımız 32 qızıl, 31 gümüş və 31 bürünc medal əldə ediblər.

Azərbaycan yığmasının ötən həftə Skopyedə kadetlər arasında keçirilən Avropa çempionatındakı nəticələri medal sayının əhəmiyyətli artımına səbəb olub – cüdoçularımız 3 qızıl, 1 gümüş və 3 bürüncə sahib çıxıblar. Şimali Makedoniya paytaxtında Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) çempion, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc mükafatçı olublar.

Əldə edilən nəticələrin bir hissəsi də Dünya Cüdo Turu çərçivəsində keçirilən "Böyük Dəbilqə" turnirlərində göstərilən çıxışlarla bağlıdır. İlin əvvəlindən bu yana cüdoçularımız bu yarışlarda 17 medal (4 qızıl, 4 gümüş, 5 bürünc) qazanıblar: Ruslan Paşayev (66 kq) Parisdə, Zelim Tçkayev (81 kq) Bakıda, Balabəy Ağayev (60 kq) Düşənbədə, zədədən uğurla qayıdan Eldcan Hacıyev (90 kq) isə Astanada çempion olublar.

Bununla yanaşı, Avropa çempionatındakı 1 gümüş və 4 bürünc, həmçinin dünya çempionatının 3 bürünc mükafatı da cari reytinqə daxil edilib.

Hazırda dünya medal sıralamasında Azərbaycan 11-ci yerdə qərarlaşıb. Bizdən öndə olan Almaniya və Ukrayna (hərəsi 34 qızıl) iki qızıl medal çox qazanıblar. Azərbaycan isə Özbəkistan, İspaniya, Kanada, Macarıstan, Qazaxıstan, ABŞ və digər ölkələri qabaqlayır.

Fransa 112 qızıl, 84 gümüş və 143 bürünc medalla liderdir. Ardınca Gürcüstan (74-72-89) gəlir, ilk üçlüyü isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar (63-43-76) tamamlayır.

İlin ikinci yarısında da kifayət qədər beynəlxalq yarış var. Dünya Cüdo Turunun yeddi turniri, həmçinin müxtəlif yaş qrupları üzrə Avropa və dünya çempionatları qarşıdadır.

Zəki Feyzullayev

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
27
icma.az

10Источники