RU

"Onluq"un hədəfi: İslam həmrəyliyi, turançılığa sadiqlik! - TƏHLİL

 İqtisadi Əməkdaşlıq Təşkilatının  Xankəndidə keçirilən 17 –ci  Zirvə görüşü  təşkilatda təmsil olunan 10 dövlətin siyasi iradəsinin ifadəsi olmaqla,  ölkəmizin dünya siyasətində   XXI əsrin mühüm strateji oyunçularından olmasının   təsdiqidir

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi qurum daxilində həyata keçirilən  tədbirlərdə təşəbbüsləri ilə  seçilən, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verən  Azərbaycan  mədəni, elmi və humanitar islahatlarda   təşəbbüskarlıq göstərir.

«Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik» söyləyən Prezident İlham Əliyev  Qlobal Cənubun önəmli həlqəsi olan, geosiyasi baxımdan əlverişli məkanda yerləşən
Azərbaycanın  təşkilatın məqsəd və prinsiplərinə sadiq  üzvü kimi     regionda sabitliyin təminatına,   əlaqələrin möhkəmlənməsinə önəmli töhfələr  verdiyini diqqətə çatdırır. Enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə, zəngin təbii  ehtiyatlara malik  Azərbaycan  tranzit ölkə kimi enerji resurslarının hasilatında deyil, onların beynəlxalq bazarlara daşınmasında da  mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz kəmərləri, Cənub Qaz Dəhlizi kimi layihələri ilə  ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasında fərqlənən,   Şimal-Cənub,  Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan dövlətlərarası nəqliyyat- logistika infrastrukturunun şaxələndirilməsində , regional tranzit imkanların artırılmasında önəmli rola malikdir. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu  (Orta Dəhliz) kimi təşəbbüslərin reallaşdırılmasında ölkəmizin rolu danılmazdır.   Prezident İlham Əliyevin  ECO-nun Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında söylədiyi «Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik» sözləri” təşkilata üzv dövlətlər arasında ticarətin asanlaşdırılmasını və iqtisadi inteqrasiyanın gücləndirilməsini şərtləndirən amildir.

  Təşkilat  çərçivəsində yaşıl enerji təşəbbüslərinə  böyük diqqət yetirən Azərbaycan bu sahədə də öncüllüyünü  beynəlxalq səviyyədə dəstəklənən layihələri reallaşdarmaqla təsdiqləyir. Ötən il Azərbaycanda qlobal  iqlim dəyişlikliyi kimi önəmli problemələrin  müzakirə olunduğu  COP29-un keçirildiyi günlərdə  Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl  enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə  Sazişin imzalanması  ECO-nun önəmini daha da artırdı. Bakıda ECO regionu üçün «Təmiz Enerji Mərkəzi»”nin yaradılması ilə bağlı aparılan müzakirələr də Azərbaycanın bu sahədəki liderliyinin  təzahürüdür.

 Təcrübə göstərir ki,  təşkilata üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə başlıca iş prinisipi  kimi diqqət yetirilən   ECO  Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm  platformadır.

 ECO-nun  IX və XII Zirvə görüşlərinin keçirildiyi Azərbaycan hazırda  təşkilatın 17-ci  Zirvə görüşünə də ev sahibliyi edir. Əvvəlkilərdən fərqli olaraq bu görüşün Ermənistanın işğalından azad edilən Qarabağın cənnəti sayılan Xankəndidə təşkili  xüsusi önəmi ilə fərqlənir.  Azərbaycanın beynəlxalq aləmdə  möhkəmələnən  nüfuzunun ifadəsi olan bu  Zirvə görüşü  İslam həmrəyliyinin uğuru , turançılığa gedən yolun başlanğıcı kimi də dəyərləndirilir.   Azərbaycanın  Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi ECO-nun əsas məqsədlərinə töhfə verdiyi təsdiqlənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr təşkilata üzv ölkələrin birgə səyi ilə  beynəlxalq terimin kimi qəbul olunur.
Təbii ki, bu cür mühüm tədbirlər  ölkəmizə təkcə siyasi-diplomatik nüfuz deyil, eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya cəlbediciliyi baxımından da yeni imkanlar  qazandırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan  bərpa- quruculuq işlərinin modeli beynəlxalq ictimaiyyətə təqdim olunur. ECO-nun 17-ci Zirvə görüşü Azərbaycanın regional və qlobal siyasətdə yüksələn xətt üzrə irəlilədiyini, əməkdaşlıq və tərəfdaşlıq platformalarında mühüm rol oynadığını nümayiş etdirir.  Ölkəmizin dünya siyasətində   XXI əsrin mühüm strateji oyunçularından olması  təsdiqlənir.

İyulun 3-də Azərbaycan  Özbəkistan, Qırğız, Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri  İlham Əliyevin, Şavkat Mirziyoyevin,  Sadır Japarovun,  Ersin Tatarın və  ECO- nun 17-ci Zirvə görüşünün digər iştirakçılarının  Ağdamdakı «İmarət” Tarix-Memarlıq Muzey Kompleksi»ndə Qarabağ atlarının «Zəfər” şousu»nu  birgə izləmələri  türkçülüyün zəfəri,  birlik və həmrəyliyin ifadəsidir.

 Həmin gün prezidentlər İlham Əliyevin və  Şavkat Mirziyoyevin Xankəndi şəhərindəki  Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan «Businesstex JV”» tikiş fabrikinin fəaliyyəti ilə tanışlığı qardaşlıq  töhfəsinin ifadəsidir. 2024-cü ilin aprelində Ağdam rayonunun Xıdırlı kəndində təməli dövlət başçımız İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən  qoyulan  528 şagird yerlik tam orta məktəbin 1-ci mərhələsinin açılışının  Zirvə görünə təsadüf etməsi də tarixi hadisədir.

  İyulun 4-də  Xankəndidə   yenicə  istifadəyə verilən Konqres Mərkəzində  ECO-nun  17-ci Zirvə görüşünün  açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini ev sahibi kimi  qarşılayan Prezident İlham Əliyevin  sammitdəki  çıxışı maraqla qarşılandı. Bu günkü görüşün xüsusi məna daşıdığını  diqqətə çatdıran dövlət başçımızın bildirdiyi kimi, Ermənistanın işğalından  azad edilmiş Qarabağda keçirilən mühüm əhəmiyyətli  beynəlxalq tədirlərin hər biri türk dünyası üçün də əhəmiyyətlidir.  Ötən il mədəniyyət paytaxtı Şuşada keçirilən   Türk  Dövlət Təşkilatının  qeyri-rəsmi Zirvə görüşünü, bu ilin may ayında  Laçında  Azərbaycan , Türkiyə və Pakistan liderlərinin üçtərəfli   görüşlərini tarixi hadisə kimi  qeyd etmək olar.  ECO-nun  Xankəndidə  təşkil olunan  ECO-nun 17-ci Zirvə görüşü isə  türk dövlətlərinin, İslam ölkələrinin birgə toplandıqları növbəti görüşdür. 

«Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim» söyləyən  Prezident İlham Əliyev    Ermənistanın işğalından azad edilən  Şərqi Zəngəzurda və Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirak edən türk dövlətlərinin dəstəyini qardaşlıq köməyi kimi dəyərləndirdi.  Bildirildi,  Ermənistan  Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.

 Torpaqlarının işğalı  ilə barışmayan Azərbaycan xalqı və dövləti  müstəqilliyini və suverenliyini  tam və qəti bərpa etməklə  Ermənistana və onun arxasında duran dövlətlərə  əbədi  dərs verdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

«İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb» sözləri ilə  Ermənistanın etnik təmizləmə və islamofob siyasətinin mənfur nəticələrini diqqətə çatdıran dövlət başçımız İlham Əliyev bildirdi ki, işğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində  ziyan vurulmuş, Ermənistan vəhşilərinin  torpaqlarımızda  basdırdıqları   minaların partlaması nəticəsində 400-ə yaxın soydaşımız  həlak olmuş və ya ağır yaralanmışdır.

«İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. «Böyük Qayıdış»” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır» soyləyən Prezident İlham Əliyev Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi ilə bağlı görülən işləri də diqqətə çatdırdı.  Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin qurumun bütün 57 üzv ölkəsinin yekdil qərarı, «İstanbul Bəyannaməsi»nin qəbulu   türkçülüyün birlik rəmzidir.   17-ci   Zirvə görüşünün proqramına uyğun olaraq  təşkil  edilən   «ECO Həftəsi» çərçivəsində  Şuşada ECO-nun Biznes, Ağdamda Gənclər, Laçında  Qadınlar forumlarının təşkili,  aparılan müzakirələr, dünya ictimaiyyətinə  ünvanlanan çağırışlar  Azərbaycanın humanist siyasətinin daha bir nümunəsi kimi dəstəkləndi. 2026-cı ilin Şuşa şəhərinin «ECO-nun Turizm paytaxtı”» elan olunması türkçülüyün qalibiyyət rəmzi, turançılığın  zəfər yoludur.

 Zirvə görüşündə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün  ECO-nun xətti ilə  görülən işlərin əhəmiyyəti diqqətə  çatdırılmaqla bildirildi ki, təşkilatın üzvü Azərbaycanın təbii qazı müxtəlif  boru kəmərləri vasitəsilə Avropanın  12 ölkəsinə ixrac edilir. Qitə dövlətlərinin enerji təhlükəsizliyinin  təminatına  görə Azərbaycan  dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

 Zirvə görüşündəki  çıxışlarda  Azərbaycanın siyasi, iqtisadi. diplomatik uğurları, dövlətimizin,  xalqımızın türk  həmrəyliyinin möhkəmlənməsində göstərdiyi qətiyyət yüksək dəyərləndirilmişdir. ECO-nun   17-ci Zirvə görüşünün  Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında  keçirilməsindən məmnunluğunu «Səmimi olaraq əminliyimi bildirirəm ki, qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən mövqeyi sayəsində qədim Xankəndi şəhəri Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcək» sözləri ilə ifadə edən  Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğanın «Bu görüşün işğaldan azad edilmiş Xankəndidə təşkil olunması tədbirə xüsusi əhəmiyyət və məna verir» kəlmələri  Azərbaycan haqqında  deyilən  ürək sözlərindən yalnız bir nümunədir. Təşkilat üçün yeni , mühüm mərhələ Qarabağdan başladı.

Xuraman İsmayılqızı, “İki sahil”

Избранный
19
3
ikisahil.az

10Источники