RU

Telefon diplomatiyası...

Bir saatlıq danışıqda nələr müzakirə olundu?

Son vaxtlar siyasətçilər arasında telefon diplomatiyasına geniş yer verilir və ən kritik qlobal çağırışlar belə telefon danışıqlarında müzakirə predmetlərinə çevrilir. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında  növbəti telefon danışığı baş tutub. Bu, iki lider arasında son bir ay yarımda təşkil olunan sayca dördüncü telefon rabitəsidir.

Əlbəttdə, informasiya-kommunikasiya texnologiyalarının hazırkı yüksək inkişaf səviyyəsini nəzərə alsaq, liderlər arasında genişlənən telefon diplomatiyasını birmənalı şəkildə dəstəkləmək mümkündür. Hər halda yüksək səviyyəli rəsmilərin telefon təmaslarını qurmaq onlar arasında, necə deyərlər, tet-a-tet görüşləri təşkil etməkdən daha asandır. Lakin belə görünür ki, telefon diplomatiyası qurmaq nə qədər asan olsa da, bu zaman  müzakirələrə çıxarılan məsələlərin həlli yenə də uzanır. Təəssüf ki, V.Putinlə D.Tramp arasında baş tutan son bir saatlıq telefon danışığının əsas mövzusu - Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə də dünyanın gözlədiyi razılaşma  əldə olunmayıb.

Müharibənin dəhşət saçan statistikası

Artıq Rusiya-Ukrayna müharibəsi 1228-ci gününə daxil olub. Bu, adi bir rəqəm deyil. Hər ötən gün tərəflər böyük həcmlərdə itkilərə məruz qalıblar, resurslarını itiriblər, şəhər və kəndlər, mülki infrastruktur, strateji əhəmiyyətli obyektlər dağılaraq əhəmiyyətsiz toz-torpağa, külə çevrilib, insanlar həyatlarını itiriblər. Ötən dövrün statistikası dəhşət saçır.  2022-ci il fevralın 24-də başlayan və artıq üç ildən çoxdur ki, davam edən müharibənin həm milli səviyyələrdə, həm də qlobal miqyasda yaratdığı fəsadlar ötən hər gün daha da dərinləşir. Yüz minlərlə gəncin həyatını itirməsi, heç şübhəsiz ki, müharibənin ən ağır nəticəsidir. Ukrayna demoqrafik fəlakət içərisindədir. Verilən məlumatlara əsasən, hələ müharibədən əvvəl Ukraynada bu sahədə böhran olsa da, aktiv döyüş əməliyyatları başlayandan sonra vəziyyət faciəvi hal alıb. On milyonadək insanın məcburiyyət qarşısında ölkəni tərk etdiyi bildirilir.  Ən azı beş milyon ukraynalı isə hazırda Rusiyanın nəzarəti altına keçən ərazilərdə yaşayır. Əgər 1990-cı illərin əvvəllərində Ukrayna əhalisinin sayı 51,5 milyona çatmışdısa, hazırda Kiyevin nəzarətində qalan ərazilərdə cəmi 29 milyon insan yaşayır. Ukraynanın iqtisadiyyatı da iflic hala düşüb. İş o yerə çatıb ki, ölkənin büdcəsi Qərb dövlətləri tərəfindən dəstəklənir.

Müharibənin Rusiyaya vurduğu ziyanın miqyası da kifayət qədər böyükdür. Bu ölkə uzun sürən yorucu müharibənin içindədir. Aktiv döyüşlərdə Rusiyanın daha çox sayda hərbçi itirdiyi bildirilir. Rusiya 3 il ərzində hərbi sənayesini əhəmiyyətli dərəcədə səfərbər etməyi bacarsa da, Qərbin tətbiq etdiyi ardıcıl sanksiyalar fonunda digər sahələrdə geriləmələr qaçılmaz olub. Xüsusilə də, neft-qaz ehtiyatlarının, qiymətli metalların ixracının məhdudiyyətlər altına düşməsi, aktivlərin dondurulması nəticəsində ölkə milyardlarla dollar həcmində gəlirdən məhrum qalır. Buna görə də hazırda Rusiya özünün karbohidrogen resurslarını bir sıra ölkələrə dünya bazarı qiymətlərindən xeyli ucuz satmaq zərurəti ilə üz-üzədir.

Uzanan müharibə həm də demək olar ki, bütün dünya üçün çətinliklər yaradıb.  Müharibə coğrafiyasının genişlənməsi ilə bağlı xəbərlər Avropada böyük həyəcanla izlənilir. Eyni zamanda, Rusiyaya tətbiq olunan sanksiyalar Avropa İttifaqı məkanında təchizata mənfi təsir göstərir, istehsal zəncirində qırılmalar müşahidə edilir, inflyasiya artıb və enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb.

Müharibəni qısa müddətdə bitirmək planı işləmədi - Tramp narazıdır

Təsvir olunan kədərli mənzərə fonunda dünya Trampın hələ seçkiqabağı təşviqat mərhələsində verdiyi “prezident seçilsəm, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyəm” vədini böyük ümidlə qarşıladı. Şübhə yoxdur ki, D.Trampın “müharibə yox, sülh prezidenti olacağam” vədi onun seçki marafonundan qalib çıxmasında mühüm rol oynadı. Dipomatiya müstəvisində Ağ Evin yeni administrasiyasının davamlı səylər göstərdiyi, təşəbbüslər irəli sürdüyü görünür. Ancaq aylar ötsə də, bu səylər nəticəyə çevrilməyib. Bəlkə də, D.Trampın “müharibənin başlamasında ABŞ-ın, Bayden komandasının rolu olub” etirafı cari ilin yanvarından bəri iş başında olan yeni administrasiyanın ən böyük “uğuru” sayıla bilər.

İndiyədək müharibəni dayandırmaqla bağlı çoxsaylı cəhdləri boşa çıxan Donald Tramp Rusiyanın dövlət başçısı ilə baş tutan son telefon danışığının nəticəsindən də məyusluğunu və narazı qaldığını gizlətməyib. O, telefon danışığında yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirsə də, gözlədiyi cavabı almayıb. Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı Ağ Ev rəhbəri yaranmış vəziyyətdən məmnun olmadığını vurğulayıb. O, telefon söhbətinin yekunlarına əsasən bildirib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur. “Bizim söhbətimiz oldu. Kifayət qədər uzun söhbət zamanı biz İran da daxil olmaqla bir çox məsələləri müzakirə etdik. Biz, həmçinin Ukrayna münaqişəsi barədə danışdıq, mən narazıyam”, - deyə D.Tramp vurğulayıb.

Ağ Evdə fikir ayrılığı

Əlbəttdə, Ağ Ev sahibinin ilk 100 gündə və ondan sonrakı mərhələdə müharibəni bitirmək çağırışlarının eşidilməməsinə laqeyd qaldığını söyləmək mümkün deyil. O, sülh çağırışları ilə yanaşı, müəyyən manevrlərə də keçid edir.

ABŞ-ın “Avropanın qorunması poliqonuna”  çevrilən Ukraynaya təzyiq imkanları daha çoxdur. Artıq iyulun 1-dən etibarən Vaşinqton sonadək müqavimət göstərmək istəyində olan Ukraynaya bir sıra silahların tədarükünü dayandırıb. Siyahıda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün sursatların, GMLRS yüksək dəqiqlikli mərmilərin, idarə olunan “Hellfire” raketlərinin, “Stinger” daşına bilən sistemlərin yer aldığı bildirilir. Pentaqonda bunun səbəbi kimi, ABŞ-ın özündə silah-sursat ehtiyatının azalması göstərilsə də, verilən qərarın Kiyevə təzyiq cəhdi olduğu da istisna edilmir. Bu silahlar Ukraynaya müqaviməti davam etdirmək üçün hava, su kimi lazımdır. İş o yerə çatıb ki, artıq Ukraynada ABŞ silahlarının ödəniş yolu ilə alınması barədə müzakirələr başlayıb. Ən optimal variant kimi isə ABŞ silahlarının Avropa İttifaqı tərəfindən alınaraq Ukraynaya tədarük edilməsi göstərilir ki, bunun da baş tutacağı ehtimalı çox azdır.

Belə bir şəraitdə Ağ Evdə yaranan fikir ayrılığı da diqqət çəkir. D.Tramp komandasının bir sıra üzvləri Ukraynaya silah tədarükünün dayandırılması ilə razılaşmırlar. Bu mövqeni bölüşən parlamentarilərin də sayı az deyil. Onlar hesab edirlər ki, əliyalın Ukraynanın sülh masasına əyləşməkdən başqa çarəsi qalmayacaq...

Rusiyaya tətbiq olunan sanksiyalar Ağ Evdə parçalanma yaradan digər bir səbəbdir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof hesab edir ki, energetika sahəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyaları  aradan götürmək zəruridir. Stiv Uitkofun təklifi Ağ Evdə bir növ bomba effekti yaradıb. Bu təklif Kiyevə dolayı təzyiq kimi dəyərləndirilib. O cümlədən daxili işlər naziri Duqlas Berqam bildirib ki, nəinki Rusiyaya qarşı sanksiyalara son vermək lazımdır, əksinə bu ölkə energetika sektorundan tamam sıxışdırılıb çıxarılmalıdır. Yeri gəlmişkən, Ağ Ev sahibinin özü də zaman-zaman rəsmi Moskvaya sülh masasından uzaq durarsa, sanksiyaların əhatə dairəsinin genişləndiriləcəyi barədə mesajlar ötürür...

Moskva mövqeyində israr edir

Uzanan müharibə nə qədər yorucu olsa da, Moskva hələ də mövqeyində israr edir. Bəhs olunan telefon danışığında bu, bir daha təsdiqini tapıb. Artıq dünya mətbuatı iki lider arasında baş tutan telefon danışığının təfərrüatlarını yayır. Bildirilir ki, Putin Ukrayna müharibəsinin necə davam edəcəyi ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. ABŞ mətbuatının yazdığına görə, Putin birmənalı şəkildə bildirib ki, Rusiya “Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmaq məqsədinə nail olacaq” və “məqsədlərindən geri çəkilməyəcək “.

Rəsmi Moskvanın diplomatiya müstəvisində sərgilədiyi bu mövqe həmçinin Rusiya Ordusunun sahədə hücumların miqyasını genişləndirməsi ilə müşayiət olunur. Son günlərdə Kiyevin ağır silahlardan vurulması daha da intensivləşib. Ukraynanın əsas liman şəhrlərindən biri olan Odessanın götürülməsi Rusiyanın yaxın planlarından biri kimi müzakirə olunur. Təsadüfi deyildir ki, bu şəhər də son günlərdə tez-tez dağıdıcı hücumlara məruz qalır. Odessanın götürülməsi ssenarisi baş tutarsa, bu, müharibənin taleyini böyük dəcədə həll edəcək.

Mübariz FEYİZLİ

Избранный
22
28
yeniazerbaycan.com

10Источники