RU

Avropanın ən problemli ölkəsi: Makron Fransası borc çuxurunda

Emmanuel Makronun prezidentliyi Fransa tarixinə xarici siyasətdə yaşanan uğursuzluqlarla yanaşı, iqtisadi problemlərin pik həddə çatdığı illər kimi də düşəcək. Onun idarəçiliyi dönəmində həyata keçirilən səriştəsiz və avantürist siyasət ölkəni fəlakətə sürükləyib. Beynəlxalq ekspertlərin qənaətinə görə, Fransa labirintin girişindədir və yaxın illərdə onun içində çabalayacaq. Ölkədə böhran meylləri davam edir, sadə vətəndaşların narazılıqları artır.

3,3 trilyon avroluq xarici borc

Dövlət borcunun davamlı olaraq artması isə əsas təhdidlərdən biridir. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, ölkənin xarici borcu 3,3 trilyon avronu keçərək ÜDM-in 113,7 faizinə çatıb. Ötən ilin ikinci yarısında Fransanın xarici borcu daha 72 milyard avro artıb. Proqnozlara görə, 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər. Məhz indiki iqtidarın yarıtmazlığı nəticəsində Fransa dövləti hər il 60 milyard avro borc ödəyir. 2027-ci ildə isə bu rəqəmin 80 milyard avroya qədər yüksəlmə ehtimalı var. Bu durum yaxın gələcəkdə dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçidi maliyyələşdirmək imkanlarını azaldacaq. Baş nazir Fransua Bayru da xarici borc öhdəliyinin artmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, Fransanın bütün tarixi ərzində heç vaxt belə böyük xarici dövlət borcu olmayıb: “Ölkəmizin həddən artıq borcu var və bundan hər bir Fransa vətəndaşının xəbəri olmalıdır. İndi bizim vəzifəmiz bu borcu azaltmaqdır. Xarici borc Makronun dövründə daha 12 faiz artıb”. Baş nazir ölkənin xarici borcunu sosial modelin başı üstündən asılan “Damokl qılıncı” adlandırıb. Hazırkı vəziyyət Fransanın sosial modeli, suverenliyi, gələcəyi üçün əhəmiyyətli təhlükə yaradır və ölkəni defolt təhlükəsi ilə üz-üzə qoyur. Bu durum Makronun impiçmenti ilə də nəticələnə bilər.

“Bizim “maliyyə Motsartımız”

Əvvəllər sosial dövlətin tərəfdarı kimi çıxış edən Makron həm varlıları, həm də aztəminatlı təbəqəni özünə tərəf çəkməyi bacarmışdı. Lakin proseslərin gedişi göstərdi ki, o, Fransa tarixinin ən yarıtmaz prezidentidir. Tezliklə məlum oldu ki, o, faktiki olaraq Avropa bürokratiyasının və böyük şirkətlərin maraqlarını müdafiə edir. Atdığı addımlardan sonra Makron 2018-ci ildə fransızların əhəmiyyətli bir hissəsini özündən uzaqlaşdırdı. Müqayisə üçün deyək ki, 2017-ci ilin may ayında, yəni Makronun prezidentliyinə qədər Fransanın dövlət borcu 1,980 trilyon avro idi. “Bizim “maliyyə Motsartımız” (Makron nəzərdə tutulur - A.N.) səkkiz ildə ona 1,366 trilyon avro əlavə etməyi bacardı”, - deyə fransız iqtisadçılar bildirirlər. Qeyd olunur ki, bu borc Makron tərəfindən məqsədli şəkildə yaradılıb. Onu hakimiyyətə gətirən bankirlər və digər kreditorlar bu borcun faizi ilə varlanırlar. İndi Maliyyə Nazirliyi ümid edir ki, fransızlar iqtisadiyyatı canlandırmaq üçün daha çox xərcləməyə başlayacaqlar. Fransanın “Le Figaro” nəşrinin oxucuları Makronu Fransanın dövlət borcunun ÜDM-in 114%-i ilə rekord həddə çatması xəbərinə görə fəal şəkildə tənqid edirlər. Uzun illər Fransada da yaşayıb-yaratmış serb prodüser və rejissor Draqan Milinkoviç Fimon fransızların Makrona görə utandıqları qənaətindədir. O qeyd edir ki, Makronun zəifliyi nüfuzlu və güclü siyasi xadimlər olan sələfləri Şarl de Qoll və Fransua Mitteranın fonunda xüsusilə nəzərə çarpır.

Избранный
9
31
publika.az

10Источники