RU

Xankəndidən dünyaya ünvanlanan mesaj: Ən mühüm rol Azərbaycana məxsusdur

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının strateji hədəflərinə uyğun addımlar atır. Təşkilatın Xankəndidə keçirilən 17-ci Zirvə görüşü də bunun təsdiqi kimi qiymətləndirilə bilər.

Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Xankəndidə təşkil olundu. Vaxtilə separatizm, terror yuvası olan Xankəndi indi Azərbaycanın ən təhlükəsiz şəhərlərindən biri kimi dövlət və hökumət başçılarını qonaq etdi.

ECO-nun 17-ci Zirvə görüşünün ölkəmizdə yüksək səviyyədə təşkili, qəbul edilən mühüm qərarlar və səsləndirilən bəyanatlar Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu təşkilat çərçivəsində rəsmi Bakının üzv dövlətlərlə istər çoxtərəfli, istərsə də ikitərəfli formada sahib olduğu münasibətlər həm regional, həm də beynəlxalq səviyyədə mühüm rola malikdir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Xankəndidən dünyaya ünvanlanan mesaj

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. Bu illər ərzində Bakı təşkilat daxilində özünün fəallığı, həyata keçirilən layihə və təşəbbüslərə mühüm töhfələri ilə seçilib. Üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə çoxistiqamətli əməkdaşlıq platformaları yaradılıb. Mövcud əməkdaşlıq təşəbbüsləri tək iqtisadi və humanitar yox, həm də təhlükəsizlik, sülh və sabitliyin təminində də önəmli rol oynayır. Bu baxımdan Zirvə görüşünün Xankəndidə təşkili həm də Azərbaycanın dünyaya ünvanladığı mesaj kimi dəyərləndirilə bilər. Bakı yerləşdiyi bölgədə uzun illər mövcud olmuş separatizm, terror və hərbi qarşıdurma təhdidlərini ali rəhbərliyinin uzaqgörən və düşünülmüş addımları ilə, hərbi-siyasi yollarla ortadan qaldırıb.

Ən mühüm rol Azərbaycana məxsusdur

Xatırladaq ki, hazırda geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyətə malik böyük bir coğrafiyanı əhatə edən ECO 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən "Regional İnkişaf üçün Əməkdaşlıq" adı altında yaradılıb. Təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq fəaliyyətini daha da genişləndirib. Üzv dövlətlərin coğrafi mövqeləri, Avropa və Çin arasında yerləşməsi təşkilata olan marağı və onun əhəmiyyətini daha da artırır. Mövcud beynəlxalq konyunkturada yeni təhlükəsiz tranzit dəhlizləri, nəqliyyat qovşaqları və enerji sistemlərinə ciddi tələbin yarandığı heç kimə sirr deyil. Qərbin Mərkəzi Asiya və Çinlə, cənub dövlətlərinin şimalla tranzit bağları məhz təşkilata üzv ölkələrin yerləşdiyi coğrafiyada kəsişir. Bu məsələdə ən mühüm rol isə təbii ki, Azərbaycana məxsusdur.

Beynəlxalq tranzit dəhlizləri

Ölkəmizin birbaşa təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələr, həyata keçirilən iqtisadi təşəbbüslər, regional liderlik mövqeyi Azərbaycanın ECO üzvləri üçün nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunun göstəricisidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu təşəbbüslərin sadəcə bir qismidir. Təşkilat daxilində üzv dövlətlərlə əməkdaşlıq qarşılıqlı hörmət və bərabər hüquqluluğa əsaslanır. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar atır. Bununla da regionda sabitliyin və inkişafın təmininə mühüm töhfələr verir. Bu təşəbbüslərin ardıcıl həyata keçirildiyini müşahidə etməkdəyik. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat və enerji marşrutları Azərbaycanda kəsişir və ölkəmiz açar rolunu oynayır. Bakı ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi təşəbbüslərin reallaşdırılmasında vazkeçilməz tərəfdaş rolundadır. Bu gün Azərbaycan ECO regionunda nəqliyyat, tranzit sahəsində aparıcı aktor kimi çıxış edir.

Enerji təhlükəsizliyinə mühüm töhfə

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi layihələr isə təşkilatın əhatə etdiyi coğrafi məkanda enerji təhlükəsizliyinin təminində son dərəcədə mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın etibarlı tərəfdaş və istehsalçı, tranzit ölkə olduğunun göstəricisidir.

Ölkəmizin təşkilat çərçivəsində və daha böyük coğrafiyada enerji təhlükəsizliyinin təminində reallaşdırdığı layihələr tək ənənəvi enerji mənbələri ilə çərçivələnmir. Azərbaycan yaşıl enerji layihələrinə də böyük vəsait yatırır. Bu istiqamətdə ECO üzvü olan Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə imzalanan anlaşmanı xüsusi qeyd edə bilərik. Bu təşəbbüs regionda alternativ enerji mənbələrinin səmərəli istifadəsini, enerji təhlükəsizliyinin artırılmasını və dayanıqlı inkişafın təmin olunmasını hədəfləyir.

Üçüncü Zirvə görüşü

Xatırladaq ki, Azərbaycan artıq iki dəfə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib. 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşləri də uğurla reallaşıb. Həmin Zirvə görüşlərində əldə edilən razılaşmalar ECO-nun keyfiyyətcə yeni bir mərhələyə, əməkdaşlığın bir üst müstəviyə keçməsində mühüm rol oynayıb. İstər əvvəlki, istərsə də Xankəndidə təşkil olunan 17-ci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə qəbul edilən qərarlar, ideyalar təşkilat çərçivəsində ölkəmizin lider mövqeyə malik olduğunu bir daha göstərir. Bakının regional inteqrasiya, iqtisadi inkişafla bağlı addımları təqdirlə qarşılanır və dəstəklənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
6
oxu.az

10Источники