RU

Xankəndi Zirvə görüşü Azərbaycanın ECO timsalında təşəbbüskar mövqeyə malik olduğunu bir daha təsdiqlədi - ŞƏRH

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O, qeyd edib ki, son beş ilin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir: “Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır”.

Vüqar Rəhimzadə bildirib ki, ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək: “Cənubi və Mərkəzi Asiyadan Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır. Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Azərbaycan yerləşdiyi geostrateji mövqeyə görə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bu məqamları xüsusi qeyd etdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə ölkəmiz dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Deputatın sözlərinə görə, hər bir beynəlxalq əhəmiyyətli tədbir gündəmə gətirdiyi məsələlərin, onların həllinə nail olmaq üçün atılacaq addımların təqdimatı ilə diqqətdədir: “Zirvə görüşündə ECO-ya üzv ölkələrin dövlət başçılarının çıxışlarında da günümüzün əsas çağırışları öz əksini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqını təbrik etdi. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib olan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru qərar olduğunu bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hər hansı sülh və inkişafın bünövrəsinin öncə iqtisadi əməkdaşlığa söykəndiyini önə çəkərək vurğuladı ki, təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Təşkilatın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etmək üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanın qəbulunun zəruriliyi bildirildi. Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29 iqlim konfransında qəbul edilən qərarların uğurlu icrası təqdir olundu. Çıxışların hər birində belə bir əminlik ifadə edildi ki, Zirvə görüşü qarşıya qoyulan məqsədlərə, planlara nail olmaq işinə stimul olacaq, çoxtərəfli və praktiki əməkdaşlığı yeni səviyyəyə qaldıracaq”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir: “Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi”.

 

 

Избранный
7
23
azertag.az

10Источники