Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması labüddür: "Bu yöndə səmərəli mexanizm olan Ali Dövlətlərarası Şuranın birinci iclasını keçirdik. Bilirsiniz, biz İlham Heydər oğlu ilə həmişə razılığa gəlirik, tapşırıq veririk, həm də nəzarət edirik. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi. Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var".
Onu da qeyd edək ki, səfər çərçivəsində Bakıda Özbəkistan səfirliyinin yeni binasının açılması, "Özbəkistan" parkının təməlinin qoyulması və mədəni-humanitar layihələrin təşviqi münasibətlərin simvolik qatını gücləndirir. Eyni zamanda Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəbin tikilməsi və 2023-cü ildə istifadəyə verilməsi bu münasibətlərin mənəvi və praktiki ifadəsidir.
Ümumilikdə 2022-2024-cü illər ərzində hər iki dövlət başçılarının qarşılıqlı səfərləri, o cümlədən İlham Əliyevin üç dəfə Daşkəndə səfər etməsi və Mirziyoyevin azad edilmiş ərazilərə baş çəkməsi, siyasi mesajdan daha çox ideoloji və tarixi bağlılığın nümayişidir. Bu səfərlər münasibətlərin protokol xarakterini aşaraq xalqlar arasında da qarşılıqlı rəğbətə çevrilib.
Bütün bunların fonunda bu səfər Azərbaycan Özbəkistan münasibətlərində mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Həm dostluq, həm də müttəfiqlik ruhunda keçən bu səfər ikitərəfli münasibətlərin strateji səviyyəsini bir daha təsdiqləyir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı