ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinlə son telefon danışığından narazı qaldığını bildirib.
KONKRET.az xəbər verir ki, Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandıran Tramp, Ukrayna prezidenti Volodimir Zelenski ilə də “yaxşı bir danışıq” apardığını deyib və vurğulayıb ki, Putinlə bir gün öncə baş tutan söhbətindən “çox narazı qalıb”.
O, Ukraynaya əlavə “Patriot” raketlərinin verilib-verilməyəcəyi ilə bağlı suala cavabında bildirib: “Onlara bu raketlər müdafiə üçün lazım olacaq… Onlara başqa silahlar da gərək olacaq, çünki kifayət qədər ağır zərbələr alırlar”.
Atəşkəs ehtimalı ilə bağlı suala isə Tramp belə cavab verib: “Bu çox çətin vəziyyətdir… Prezident Putinlə söhbətimdən çox narazı qaldım. O, sona qədər getmək, sadəcə insanları öldürməyə davam etmək istəyir”.
Natiq Səlim,
KONKRET.az