RU

Fransada müsəlmanlara qarşı hücumlar artır

Rəsmi Paris isə susmağa üstünlük verir

Özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən, milli şüarı “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransada bunun əksinin müşahidə edildiyi heç kimə sirr deyil. Bugünlərdə Beşinci Respublikada müsəlmanlara qarşı yönəlmiş hərəkətlərin sayının artdığı məlum olub. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, 2025-ci ilin yanvar-may ayları ərzində belə addımların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 75 faiz artıb.

Bildirilib ki, bu ilin ilk beş ayında müsəlmanlara qarşı 145 hərəkət qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 83 olub. Müsəlmanlara qarşı edilən hərəkətlərin 99-u hücum xarakterli olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 32-ni keçməyib. Nazirlik, həmçinin qeyd edib ki, Fransada antisemitizm yüksək səviyyədə qalır. Yanvar-may aylarında 504 antisemitizm aktı qeydə alınıb.

Qeyd edək ki, Fransa dünyəvi dövlətdir. Vicdan azadlığının konstitusiya qanunu ilə təmin edilməsi nəzərdə tutulub. Sekulyarizm doktrinası da burada yaranıb və inkişaf edib. 1905-ci ildə qəbul edilmiş qanun dövləti bütün dini təşkilatlardan ciddi şəkildə ayırıb. Fransa 1872-ci ildə keçirilmiş milli siyahıyaalmadan sonra rəsmi olaraq dini mənsubiyyətlə bağlı məlumat toplamır və bu, ölkə əhalisinin dini tərkibini qiymətləndirməyi çətinləşdirir. Respublikanın dünyəvi xarakteri identiklik kimi qəbul edilir. Bununla belə, vaxtaşırı keçirilən sorğular əhalinin dini mənsubiyyəti ilə bağlı müəyyən qənaətə gəlməyə imkan verir. Fransa Statistika İnstitutunun 2015-ci ildə apardığı araşdırmaya görə, heç bir dinə mənsub olmayanlar əhalinin 44, katoliklər 43, müsəlmanlar 8, protestantlar 2, pravoslavlar, yəhudilər və buddistlər isə hər biri 1 faizini təşkil ediblər.

Göründüyü kimi, İslam dini Fransada tərəfdarlarının sayı və əhəmiyyəti baxımından ikincidir. Lakin böyümə baxımından birincidir. Yeri gəlmişkən, qeyd edək ki, Fransada müsəlmanlar üçün ən mühüm dini məkan 1926-cı ildə əsası qoyulmuş və hazırda Əlcəzair hakimiyyəti tərəfindən idarə edilən Paris Cümə məscididir. Ümumiyyətlə, müasir Fransada müsəlmanların əksəriyyəti İslam dininin üstünlük təşkil etdiyi keçmiş fransız müstəmləkələrindən (Mərakeş, Əlcəzair və Tunis) olan birinci, ikinci və üçüncü nəsil mühacirlərdir. Müsəlmanlar əsrlər boyu müstəmləkələrdə yaşasalar da, XX əsrin ortalarından onların kütləvi şəkildə metropoliyaya köçməsi başlayıb. Bu gün Fransadakı müsəlman icması Avropanın ən böyük icmalarından biridir. Müsəlmanların əksəriyyəti Məğrib ölkələrindən (Mavritaniya, Mərakeş, Əlcəzair, Tunis və Liviya) olan ərəb və ya bərbər mənşəlidir. Lakin türklər, qaradərili müsəlmanlar və İslamı qəbul edən fransızlar da var. İqtisadi miqrantlarla yanaşı, İslam ölkələrindən və regionlarından, habelə dekolonizasiya dövründə Fransa rejiminə rəğbət bəsləyən xeyli sayda siyasi qaçqın (məsələn, Əlcəzairindən olan harkilər) da Fransada məskunlaşıb. Müsəlmanların əksəriyyəti böyük şəhərlərdə, daha çox Paris və Marseldə yaşayırlar.

Bəlkə də İslam dininin sürətlə yayılması səbəbindəndir ki, Fransada xüsusilə son illərdə islamofobiya həm siyasi ritorikada, həm də ictimai münasibətlərdə daha açıq şəkildə özünü göstərməyə başlayıb. Ölkədə müsəlmanlara qarşı törədilən hərəkətlərin cəmi beş ayda 75 faiz artması təkcə statistika deyil, həm də dərinləşən sosial böhranın göstəricisidir. Ölkə daxilində belə qısa müddətdə 145 islamofobiya aktının qeydə alınması Fransanın insan haqları və dini tolerantlıq sahəsində ciddi problemlə üzləşdiyini sübut edir. Ən narahatedici məqam odur ki, bu aktların 99-u bilavasitə hücum xarakterli olub. Yəni, təkcə nifrət ritorikası yox, fiziki təhlükə də artıq normaya çevrilir. Əgər 2024-cü ildə cəmi 32 belə hücum qeydə alınmışdısa, 2025-ci ildə bu sayın üç dəfə artması prosesin sürətlə radikallaşdığını göstərir. Rəqəmlər həm də onu göstərir ki, Fransa dövləti bu gərginliyi nə tənzimləyə bilir, nə də onu dayandıran siyasi iradə ortaya qoyur. Rəsmi Paris özünün məşhur “sekulyarizm modelini” dini azlıqları hədəfə almaq üçün istifadə edir. Bu isə əslində, dini neytrallıq yox, selektiv basqıdır.

Fransa Daxili İşlər Nazirliyinin antisemitizmin də yüksək səviyyədə qaldığını etiraf etməsi göstərir ki, ölkədə dini tolerantlıq təhlükə altındadır. İslamofobiya və antisemitizmin paralel artması cəmiyyətdə dərin bölünmənin və radikallaşmanın xəbərçisidir. Maraqlıdır ki, Fransa hakimiyyəti bu halda da “respublika dəyərləri”ni dünyaya nümunə göstərməkdə davam edir. Müvafiq sahə üzrə ekspertlərin bildirdikləri kimi, əslində, Fransa hakimiyyətinin ölkədəki bütün etnik və dini icmalar arasında özlərinin formalaşdırdıqları milli kimlik çərçivəsində ortaq nöqtə tapmaq istəyi təkcə müsəlmanlara qarşı yönələn addım deyil. Digər irqlərə, eləcə də azlıqlara mənfi təsir göstərən bu proses Fransanı çox təhlükəli istiqamətə sürükləyir.

Fransa daha özünü dünyaya “azadlıq, bərabərlik və qardaşlıq” respublikası kimi təqdim edə bilməz. Çünki bu üç əsas prinsipin heç biri ölkənin müsəlman əhalisinə verilmir. Müsəlmanlar Fransanın yüksək səviyyəli rəsmiləri, mediası və bəzi alimləri tərəfindən “solçu islamçılar”, “islamofaşistlər”, “dövlətin düşmənləri” kimi damğalanır, şərlənir və böhtanlara məruz qalırlar. Dini və digər azadlıqların məhdudlaşdırılması və sıxışdırılma müsəlmanların şəxsi həyatına getdikcə daha dərindən müdaxilə etmək deməkdir. Bəzi ekspertlərin qeyd etdiyi kimi, Fransa hakimiyyəti dövlətlə İslam arasındakı münasibətlərdə düşüncə və dini inancın kriminallaşdırılmasının qırmızı xəttini keçib. Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özünü insan hüquqlarının keşiyində duran “demokratik ölkə” qismində təqdim edən Fransada hazırda islamofobiya bir növ dövlət siyasətinə çevrilib. Bu ölkədə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır.

Bu kontekstdə İslam dininin və inancının istənilən əlaməti, o cümlədən, sadəcə, namaz qılmaq, Ramazan ayında oruc tutmaq və ya hicab taxmaq, müsəlmanların hər hansı vətəndaş fəaliyyəti dövlət orqanları tərəfindən dərhal ekzistensial təhlükə kimi qəbul edilir. 2017-ci ildən ölkəyə rəhbərlik edən Emmanuel Makronun dövründə Fransada müsəlmanlar bilavasitə dövlətin özü tərəfindən fəal və metodik şəkildə təqib edilirlər. İslamı “bütün dünyada böhran içində olan” bir din kimi xarakterizə edən Makron vaxtilə “maarifçi İslam” yaratmaq istədiklərini söyləmişdi ki, bu da müsəlman dünyasında etirazlara səbəb olmuşdu.

Fransada islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmadığı, hətta onun yayılmasının təşviq edilməsi məyusedici haldır. İslam dinini və müsəlmanları Qərb identikliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı Avropada getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və AŞPA kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər.

Bu cür xoşagəlməz halların artımı fonunda müsəlman cəmiyyətləri arasında yaranan narahatlıq haqlıdır. Çünki Fransa dövlətinin reaksiyası ya gecikir, ya da təəssüf ki, susqunluqla müşahidə olunur. Sosial şəbəkələrdə və mediada müsəlmanlara qarşı düşmənçilik yayan qruplar cəzasız qalır. Hökumətin bəyanatları isə çox zaman konkret tədbirlərdən daha çox ictimaiyyəti sakitləşdirməyə yönəlir. Şübhəsiz ki, əgər bu tendensiya davam edərsə, Fransa cəmiyyəti daxilində parçalanma daha da dərinləşəcək. Həm müsəlmanların, həm də digər dini azlıqların hüquqlarını qorumaq Fransanın konstitusion öhdəliyidir. Lakin bu öhdəliklər real həyatda kağız üzərində qalır. Beynəlxalq ictimaiyyət isə daha “sekulyarizm pərdəsi” altında baş verən ayrı-seçkiliyi görməzdən gəlməməlidir.

Səxavət HƏMİD
XQ

Избранный
9
18
xalqqazeti.az

10Источники