RU

Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı: ortaq tarixdən ortaq gələcəyə

Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayağına çevrilib. Uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yalnız regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunur. Bu reallıqlar fonunda Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu sırada Özbəkistanla münasibətlər strateji mahiyyət daşıyır.

Azərbaycanla Özbəkistanı yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi köklər, mədəni və dini ortaq dəyərlər birləşdirir. Hər iki xalq əsrlər boyu bir-birinə dayaq olub. Əlişir Nəvainin Nizami Gəncəvidən ilham alması, Bakıda inşa edilmiş Buxara karvansarası, Qarabağdan çıxmış Yusif ibn Məhəmmədcan Qarabağinin Səmərqənddə dəfn olunması kimi faktlar ortaq yaddaşın göstəriciləridir.

Sovet dövründə də bu əlaqələr davam edib. 1930-cu illərin repressiyalarından qurtulan minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı il Daşkənd zəlzələsinin bərpasında azərbaycanlı mütəxəssislərin iştirakı isə xalqlarımız arasında humanitar həmrəyliyin daha bir nümunəsidir.

Müstəqillik illərində bu münasibətlər yeni mərhələyə qədəm qoyub. Ümummilli lider Heydər Əliyevlə Prezident İslam Kərimov arasında qurulan dostluq bu əlaqələrin əsasını təşkil edib. 1997-ci ildə Ulu öndərin Özbəkistana səfəri strateji tərəfdaşlıq yolunda mühüm addım olub. Bu siyasət Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin birgə səyləri ilə daha da güclənib.

İki ölkə daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Özbəkistan 2008-ci ildə Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı BMT qətnaməsinin lehinə səs verən yeganə Mərkəzi Asiya dövləti olub. 2021-ci ildə TDT Zirvəsində Prezident Mirziyoyev Azərbaycanı Qarabağın azad olunması münasibətilə təbrik edib. Füzulidə inşa edilən və 2023-cü ildə açılışı olan Mirzə Uluqbəy adına məktəb bu qardaşlığın əyani ifadəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı Azərbaycan–Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Son illər ikitərəfli səfərlər intensiv xarakter alıb. Təkcə 2022-ci ildə Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Tərəflər arasında nəqliyyat, energetika, ticarət, logistika və humanitar sahələrdə əməkdaşlıq güclənib. “Azərbaycan və Özbəkistan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu baxımdan mühüm sənəddir.

Bundan əlavə, COP29 çərçivəsində Bakı şəhərində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü baş tutdu. Görüş zamanı yaşıl enerji sahəsində strateji əməkdaşlığa dair saziş imzalandı. Bu sənəd gələcək texnoloji və ekoloji əməkdaşlıq üçün mühüm yol xəritəsidir.

2024-cü ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri əlaqələrin tarixində yeni səhifə açdı. Onun Füzuli və Şuşaya səfəri, bugünlərdə qardaş ölkənin başçısının yenidən Bakıya gəlməsi, “Özbəkistan” parkının təməlinin qoyulması, səfirliyin yeni binasının açılışı və imzalanan sənədlər, Xankəndidə İƏT zirvəsində keçirilən görüşlər strateji tərəfdaşlığın çoxşaxəli inkişafını təsdiqlədi.

Hazırda Azərbaycan və Özbəkistan arasında 170-dən çox sənəd imzalanıb. Bu hüquqi baza, eləcə də liderlər arasında olan yüksək səviyyəli etimad münasibətləri gələcək əməkdaşlığın daha da möhkəmlənəcəyinə zəmanət verir. Eyni soy-kök və ortaq tarixə söykənən Azərbaycan–Özbəkistan əlaqələri bu gün Türk dünyasının həmrəyliyinə də real töhfə verir.

Şübhə yoxdur ki, bu qardaşlıq münasibətləri gələcəkdə də davam edəcək, xalqlarımızın rifahına və regionda dayanıqlı əməkdaşlığa xidmət göstərəcək.

XQ

Избранный
21
50
xalqqazeti.az

10Источники