RU

Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun və geniş tərkibli iclası ilk dəfə olaraq Şəki şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində rektor Anar Eminovun sədrliyi ilə keçirilən iclasda universitetin Elmi Şurasının üzvləri, struktur bölmə rəhbərləri, eləcə də cari tədris ilini başa vuran və sosial fəaliyyətlərdə aktivliyi ilə fərqlənən tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib.

İclas torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rektor Anar Eminov gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. O, əsas gündəm məsələsi MDU-nun yeni strateji hədəfləri, idarəetmədə institusional dəyişikliklər və tələbələrin təqaüd imkanlarının təkmilləşdirilməsi ilə bağlı məlumat verib. Bildirilib ki, ali təhsildə keyfiyyətin artırılması, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və sosial dəstək mexanizmlərinin genişləndirilməsi universitetin əsas prioritetlərindəndir.

Elmi Şura tərəfindən qəbul olunmuş qərara əsasən, struktur bölmələrin yenidən formalaşdırılması, strateji hədəflərin icrası, eləcə də təhsil göstəricilərinə və sosial meyarlara görə fərqlənən tələbə və magistrantlara əlavə təqaüdlərin verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Belə ki, fakültələr üzrə ümumi orta müvəffəqiyyət göstərici yüksək olub təqaüdə düşə bilməyən, eləcə də sosial həssas qrupa aid tələbələrin müvafiq say üzrə siyahısının tərtib edilməsi və onlara birdəfəlik təqaüdlərin verilməsi barədə qərar qəbul edilib.

Daha sonra MDU-nun Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri ilə bağlı geniş hesabat təqdim edib. Hesabatda imtahan sessiyasının təşkili, fakültə və ixtisaslar üzrə statistik məlumatlar barədə ətraflı məlumat verilib.

Ardınca Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov 2025/2026-cı tədris ilinə hazırlıqla bağlı təkliflərini iclas iştirakçılarına təqdim edib. Təkliflər sırasında universitetin elektron idarəetmə sisteminin təkmilləşdirilməsi, istehsalat və pedaqoji təcrübədə yeni yanaşmaların tətbiqi, tədris proqramları və dərs sillabuslarının keyfiyyətinin artırılması və digər məsələlər yer alıb.

Təhsil fakültəsinin dekanı Nizami Zeynalov isə III və IV kurs tələbələrinin MİQ və digər kütləvi imtahanlara hazırlıq imkanları barədə məlumat verib. O, çıxışında 2020–2025-ci illər üzrə məzunların MİQ və magistratura imtahanlarındakı nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edib. Bildirib ki, universitet daxilində xüsusi hazırlıq qrupları, seminarlar, mentorluq dəstəyi və test bazaları yaradılacaq. Bu hazırlıq qruplarının məqsədi məzunların əmək bazarına və müvafiq imtahanlara daha hazırlıqlı şəkildə çıxışını təmin etməkdir.

Daha sonra, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova tərəfindən 2024/2025-ci tədris ili ərzində tələbə vətənpərvərliyi sahəsində görülən işlər barədə hesabat təqdim olunub.

Təqdim olunan hesabat və təkliflər Elmi Şura üzvləri tərəfindən müvafiq tapşırıq və tövsiyələrlə qəbul edilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Digər bir məsələ MDU-da Ömürboyu Təhsil Məktəbinin yaradılması ilə bağlı olub. Təkliflə çıxış edən rektorun Tədris prosesinin təşkili və idarə olunması üzrə müşaviri Ceyhun Mahmudov əsas məqsədin universitetin cəmiyyətlə inteqrasiyasını gücləndirmək, fərdi inkişaf və peşə bacarıqlarının təkmilləşdirilməsi üçün geniş təlim imkanları yaratmaq olduğunu bildirib.

Sonda universitet həyatında nümayiş etdirdikləri yüksək sosial və ictimai fəallığa, tədbir və layihələrdə göstərdikləri təşəbbüskarlığa görə bir qrup məzun, eləcə də 30 iyun 2025-ci il tarixində keçirilmiş “Məzun Günü” tədbirinin təşkilində göstərdikləri məsuliyyət və səmərəli fəaliyyətə görə MDU-nun əməkdaşları təltif olunublar.

İclasın sonunda rektor A.Eminov 2024/2025-ci tədris ilinin başa çatması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, onlara xoş istirahətlər arzulayıb.

Избранный
18
14
azertag.az

10Источники