Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Heftelik.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.