RU

Paşinyan saxta rəqəmlərlə xalqı aldadır

Məğlub ölkədə minimum əməkhaqqı cəmi bir dəfə artıb

Ermənistan iqtisadiyyatında və sosial həyatında yaranan ağır vəziyyət davam edir. Erməni ekspertlərin özləri də etiraf edirlər ki, belə getsə ölkə daha böyük fəlakətlərlə üzləşəcək. Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak mallarının, xüsusən də ərzaq məhsullarının qiymətində artım yaranır ki, bu da əhalinin vəziyyətini daha da pisləşdirir. 

Ancaq hakimiyyəti sosial problemlər maraqlandırmır. Baş nazir Nikol Paşinyan  açıqlamalarından birində deyib ki, 2024-cü ilin nəticələrinə görə orta aylıq nominal əməkhaqqı 287,172 dram təşkil edib və 2018-ci illə müqayisədə 114,445 dram və ya 66,3 faiz artıb. 2023-cü illə müqayisədə isə 17,178 dram və ya 6,4 faiz çoxalıb. 2024-cü ilin sonunda inflyasiya 1,5 faiz təşkil edib, 2018-2024-cü illər üzrə məcmu inflyasiya isə 25,3 faiz olub. Beləliklə, 2018-2024-cü illər ərzində real əməkhaqlarının artımı təxminən 40 faiz təşkil edib. 

Ermənistan baş nazirinin səsləndirdiyi bu rəqəmlər qətiyyən reallıqla üst-üstə düşmür. Ekspertlərin fikrincə, bu seçkiöncəsi erməni cəmiyyətinə təqdim edilən növbəti yalandır. Əksinə, belə "artımlar"dan sonra Ermənistan iqtisadiyyatının real vəziyyəti daha da pisləşib, iqtisadi artımın və ÜDM-in strukturu daha da təhrif olunub. Belə strukturla iqtisadi artım ölkədə sosial vəziyyətin yaxşılaşmasına kömək edə bilməz və bu, Ermənistanda son 7 ildə demək olar ki, dəyişməyən, hətta geriləyən yoxsulluq göstəricilərində aydın görünür.

Ermənistanın "168.am" nəşri yazıb ki, bu il şahidi olduğumuz iqtisadi aktivliyin azalması vətəndaşların gəlirlərinə mənfi təsir göstərib. Qeyd edilib ki, vətəndaşların gəlirləri, xüsusən də maaş şəklində olan gəlirləri müqayisə olunmayacaq dərəcədə ləng artmağa başlayıb. Amma ən pisi odur ki, bu il maaşların ləng artımı inflyasiya templərinin sürətlənməsi və qiymət artımı ilə müşayiət olunur ki, bu da ağır sosial gərginliyə səbəb olub. Hakimiyyət uzun müddətdir ki, xüsusən cəmiyyətin həssas təbəqəsi arasında bunu yüngülləşdirmək üçün heç bir iş görmür. Son illər nə pensiyalar, nə müavinətlər, nə də minimum əməkhaqqı artırılıb.

Nəşr yazır ki, artıq üçüncü ildir Ermənistanda minimum əməkhaqqı 75 min dramdır. Bu arada hökumətin beşillik planı onu 85 min dram etməyi vəd edirdi. Beşillik proqramın başa çatmasına bir ildən az vaxt qalıb, lakin bizdə olan məlumat budur ki, hazırkı minimum əmək haqqı vəd ediləndən xeyli geri qalır. "İlin sonuna kimi minimum əməkhaqqının arta biləcəyini gözləmək mənasızdır. İndi məlum olur ki, hökumət vətəndaşlara belə bir zövq verməyəcək. Ən yaxşı halda bu, yalnız gələn il olacaq, o da ancaq qarşıdan gələn seçkilər öncəsi xalqa rüşvət verib, onların səsini oğurlamaq üçün ediləcək. 3 il ərzində hökumət minimum əməkhaqqını cəmi bir dəfə 7000 dram artırıb. Bununla da 68 min dramı 75 minə çeviriblər. 4 il ərzində orta pensiya 5500 dram artırılaraq, 43500-dən 49000-ə çatdırılıb", - deyə nəşr bildirib.

Göründüyü kimi, müharibədəki məğlubiyyətdən sonra Ermənistan hələ də özünə gələ bilmir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan ölkə sonu görünməyən tənəzzül dövrünü yaşayır. Siyasi ziddiyyətlər isə paralel şəkildə digər sferalardakı mövcud problemləri də dərinləşdirəcək. Ermənistanda iqtisadiyyat faktiki olaraq iflic olub, əhalinin səfaləti  artıb.

 Elçin CƏFƏROV,

"Azərbaycan"

Избранный
59
azerbaijan-news.az

1Источники