RU

Qrossinin xəbərdarlığı bu reallığa ciddi yanaşmağın vacibliyini bir daha göstərir - ÖZƏL

"Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin nüvə silahlarının yayılması ilə bağlı verdiyi xəbərdarlıq qlobal təhlükəsizlik sistemində yaranan yeni risklərə diqqət çəkmək baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əgər Avropa ölkələri nüvə silahı əldə etməyə cəhd etsələr, bu, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin əsas prinsiplərinin pozulması ilə nəticələnəcək və dünya çox qısa zamanda çoxqütblü nüvə silahlanması mərhələsinə keçəcək. Belə bir ssenaridə artıq beynəlxalq hüquq deyil, güc üstünlüyü və qarşılıqlı hədələr əsas rol oynayacaq."Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib:"

Qrossinin "cəngəllik qanunları" ifadəsi, müasir beynəlxalq münasibətlərdə hüququn deyil, hərbi gücün tənzimləyici amilə çevriləcəyi bir xaos vəziyyətinə işarədir. Əgər nüvə silahı yayındırıcı vasitə kimi effektivliyini itirərsə, onun reallaşdırılması riski də ciddi şəkildə artar. Bu isə nəinki regional, həm də qlobal miqyasda fəlakətli nəticələrə gətirib çıxara bilər.

Qrossinin açıqlaması eyni zamanda Qərb ölkələrində zaman-zaman səsləndirilən "avtonom nüvə strategiyası" çağırışlarına cavab olaraq da qəbul edilə bilər. Xüsusilə NATO-nun qoruyucu çətiri altında olan bəzi Avropa ölkələrində ABŞ-dan müstəqil nüvə gücünə malik olma ideyaları son illərdə müəyyən dairələrdə müzakirə edilir. Lakin belə addımlar beynəlxalq sabitliyə xidmət etmək əvəzinə, təhlükəli silahlanma yarışına və qarşılıqlı inamsızlığa yol açacaq.

Müasir dünya nizamı bir çox zəif tarazlıqlarla idarə olunur və nüvə silahlarının yayılmasının qarşısının alınması bu tarazlıqların ən başlıcasıdır. Nüvə silahı texnologiyasına malik olmaqla bu silahı əldə etmək potensialı fərqli məsələlərdir. Bir çox ölkə, o cümlədən Avropada və Asiyada yerləşən dövlətlər, texniki baxımdan bu silahı istehsal edə bilər, lakin siyasi iradə və beynəlxalq öhdəliklər onları bu addımı atmamağa vadar edir. Bu öhdəliklərin pozulması isə dünya miqyasında domino effekti yarada bilər. Qrossinin xəbərdarlığı bu reallığa ciddi yanaşmağın vacibliyini bir daha göstərir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
84
50
olaylar.az

10Источники