“Moody’s” “Bank of Baku”nun reytinqini təsdiqləsə də, bəzi risklərə diqqət çəkir.
Valyuta.az-ın məlumatına görə, reytinq agentliyi bankın uzunmüddətli depozit reytinqini B1 səviyyəsində sabit proqnozla təsdiqləyib. Bununla belə, hesabatda bir sıra struktur və maliyyə risklərinə də toxunub.
Agentlik bankın yalnız zəmanətsiz istehlak kreditləri üzrə fəaliyyət göstərməsini əsas mənfi amil kimi qiymətləndirib. Moody’s-ə görə, bu model iqtisadi dalğalanmalara qarşı yüksək həssasdır və kənar şoklar zamanı kredit portfelinin keyfiyyəti tez bir zamanda pisləşə bilər.
Digər bir mühüm risk isə bankın likvidlik buferinin məhdud olmasıdır. Hesabata əsasən, 2024-cü ilin sonuna bankın likvid aktivlərinin payı cəmi 15% təşkil edib. Bu göstərici bənzər reytinqli regional və beynəlxalq banklarla müqayisədə aşağı hesab olunur. Agentlik bildirir ki, bu vəziyyət qısamüddətli kredit portfeli ilə qismən kompensasiya olunur, lakin yenə də likvidlik üzrə əlavə ehtiyatlara ehtiyac var.
Moody’s həmçinin qeyd edir ki, kapital adekvatlığı göstəriciləri yaxın dövrdə tədricən zəifləyə bilər. Agentlik bunu bankın kredit portfelini genişləndirməsi və dividend ödənişlərini davam etdirməsi ilə izah edir. 2024-cü ilin sonuna kapitalın risk çəkili aktivlərə nisbəti (TCE/RWA) göstəricisi 16,9% olsa da, növbəti 12–18 ayda bu göstəricinin aşağı düşməsi gözlənilir.
Hesabatda bankın gəlirliliyi ilə bağlı da ehtiyatlı proqnoz verilib. 2024-cü ildə mənfəət yüksək olsa da (27,1 milyon manat), Moody’s gəlirliliyin rəqabətli depozit bazarı və əvvəlki problemli portfeldən gəlirlərin tükənməsi səbəbindən zəifləyə biləcəyini bildirir.
Nəhayət, Moody’s bankın reytinqində dövlət dəstəyinin nəzərə alınmadığını qeyd edir. Agentliyin qiymətləndirməsinə əsasən, Azərbaycan hökumətindən dəstək ehtimalı aşağıdır, bu isə fövqəladə vəziyyətlərdə əlavə risk yarada bilər.
NARA