RU

Sözün Nübar Çağından Gələn Ənvər Çingizoğlu – Xatirələrlə Anım

"Sözün nübar çağından" gəlmişdi

   Ona görə danışanda dilində, yazanda qələmində sözlər gül açırdı

   Bu gün Azərbaycanın sayılıb-seçilən jurnalist-etnoqrafı, folklor bilicisi, publisist Ənvər Çingizoğlunun anım günüdür.  

    ...Dan yerinin qızartısı yavaş-yavaş kəndin yaxasına çökmüşdü. Aydınlıq ayaq tutub yeridikcə gecənin qaranlığı köçünü sürüb kənddən uzaqlaşırdı.

    Qonaqlarım (əslində "qonaq" ifadəsi o qədər də yerinə düşmür, çünki aramızdakı doğmalıq buna "izn" vermir. Mənimlə bərabər, Ənvər qardaşı Mail də elə öz doğma bacısıgilə gəldiyi düşüncəsindəydim) hələ şirin yuxuda idilər. Bakıdan Qazaxın Şıxlı kəndinə uzanan 500 kilometrlik yolun yorğunluğu, görünür, hələ canlarından çıxmamışdı. Amma onları Kürün tamaşasına aparacağımın sevincindən, demək olar ki, səhərə qədər gözümə yuxu getməmişdi.

    O gecə Kürün səsi, bir də Qarayazıdan gələn cürbəcür qəribə, bir qədər üşüntülü, bəzən də vahimə dolu səslər elə bil kəndə doluşmuşdu. Apaydın eşidilirdi səsləri. Bu səslər kiçik yaşlarımdan mənə tanış idi. Bəlkə də doğma idi- desəm, daha yerinə düşər. Uşaqlıqdan heç unutmadığım, indinin özündə də yaz-yay gecələrində babamgilin bağındakı kollara, xüsusən də bacımgilə qonaq gedəndə həyətlərindəki əzəmətli ceviz ağaclarının hansınınsa nəhəng budaqlarına qonduğunu zənn etdiyim bir quşun hüznlü  səsidir. Qırıq-qırıq, üzüntülü səs. Gecənin, tənhalığın səsi. Bəzən düşünürdüm ki, əslində, hər kəs həm də yalqızdır. Elə anlarda, nədənsə özümə baxmış kimi olurdum və özümü bütün aydınlığı ilə görürdüm. Və içimdə bir əminlik vardı ki, tənhalığın səsi elə bu cür olur.

     Bu gecə də oxuyurdu. Uşaqlıqda necə eşitmişdimsə, eləcə. Heç nə dəyişməmişdi. Yenə hüznlü, yenə aydın səslə. Bu dəfə də saydım, hər beş saniyədən bir bu qərib səs təkrarlanırdı.

       Bacım səhər süfrəsinin hazırlığını təzə başlamışdı ki, gözləməyə səbrimiz çatmadı. Kəhriz nə qədər çalışdısa, bizi inadımızdan döndərə bilmədi. Onu inandırdıq ki, tezcə Kürə dəyib gəlirik, o vaxta kimi də süfrə hazır olar.

   Evdən bir qədər aralıda- yolun kənarında məftil torla əhatəyə alınan kəndin qədim qəbirstanlığındakı məzar daşlarının qənşərində ayaq saxladıq. Əsrlərin dizini yerə gətirib özü ayaqda olan, əyilsə də tarazlığını hələ də qoruyan bu məzar daşları arasında XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidaninin qəbirüstü abidəsi ilk baxışdan diqqətimizi çəkdi. Ənvər bir qədər uca səslə qəbir daşının üstünə həkk olunmuş beyti oxudu: 

   "Kim Vidadi xəstənin qəbrin görüb etsə dua, Edə həq rəhmət, şəfi ola Məhəmməd Mustafa".

   Böyük şairimizin, Haqq dünyasına qovuşanların ruhuna dua oxuduq. Ənvər yolboyu görkəmli şairimizin yaradıcılığından, onun Qarabağdakı maarifçilk fəaliyyətilə bağlı bilmədiyimiz tarixi faktlardan özünəməxsus şirinliklə, həm də şövqlə danışdı (Onun geniş dünyagörüşünə, zəngin biliyinə,  güclü məntiqinə, fenomenal yaddaşına heyran qalmamaq mümkün deyildi. Mən hər zaman qardaşımın zəkası ilə fəxr edir, öyünürdüm).  

   Söhbətin gedişində Vidadinin çox sevilən, ağrı, həsrət, nisgil dolu məşhur "Könlümün" şeirinin ilk misralarını deməyə başladım:

   Еy həmdəmim, səni qanə qərq еylər,

   Gəl tərpətmə yaralanmış könlümü.

   Ayrı düşmüş vətənindən, еlindən,

   Həmdərdindən aralanmış könlümü.

    Qardaşım məəttəl qalardı? Bənd tamam olan kimi xüsusi şövqlə şeirin sonrakı misralarını dedi:

    Könül vеrdik hər bivəfa yadlara,

   Hayıf оldu ömür gеtdi badlara,

   Fələk saldı dürlü-dürlü оdlara,

   Şan-şan оlmuş, paralanmış könlümü.

   ...Çatdıq. Bir andaca Qarayazının yaz ətri Kürün sazaq dolu mehinə qarşıb üzümüzə sığal çəkdi. Dayandığımız hündürlükdən baxanda qollarını geniş açıb böyük bir ərazini axuşuna alan Dəli Kürün möhtəşəmliyi ilk andaca adamı heyrətə salırdı. Təlatümlərini, nəriltilərini içində gizlətmişdi. Sakit axırdı. Şırıltısı ruhumuzu oxşayırdı. Ara-sıra bir-birini qovan iri şıltaq ləpələr bu səsə dadlı ahəng qatırdı. Suyu dupduru idi. Günəşin şüaları üzərində bərq vurur, soyuqdan üşümüş kimi tezcə də səhərin aydınlığında yox olurdu.

   -Hə, qardaş, bu mənzərə sənə nə deyir?

   Olduqca baməzə, yumorlu olduğunu bildiyimdən bir az da ciddiləşdim:

   -Amma düzünü de, Ənvər. Belə gözəllik harda var?

    Mail həmin anda dilləndi:

   -Qardaş, çox gözəldi. İnan ki, saatlarla baxaram, doymaram.

   Gözüm Ənvərdə idi. Əsas marağında olduğum onun nə deyəcəyi idi.

    -Qardaş, nə deyirəm ki?- Ənvərin adı haqqı (o, səsinə yumor qatıb çox zaman belə and içərdi) gözəldi, çox gözəl! - Eynən bizim Yağlıvənd kimi!

   Yağlıvəndi görmüşdüm axı. Müqayisəyə gələsi deyildi. Ona görə gerçəkdən bir qədər tutuldum. "Köməyimə" Mail gəldi:

- "İnsafın olsun, Ənvər."

  Bundan sonra məni saxlamaq olardı? Üçümüzün də qəh-qəhi elə oradaca Kürün gətirdiyi yaz mehinin şirinliyinə qarışdı.    

   Azərbaycan Televiziyasının Uşaqlar üçün proqram redaksiyasında uzun illər birgə çalışdıq: Ənvər, Cəlal, Gülayə, Bəturə... Bir-birimizi yaxından tanıdıq. Dar günlərimizdə bir-birimizə dayaq olduq. Şən günlərimizin sevincini bölüşməyə vaxt itirmədik. Baş redaktorumuz Kamran İbrahimov Ənvərin istedadını hər zaman qiymətləndirirdi, onunla münasibətdə bizdən fərqli, daha həssas olardı. Hazırlanan verilişlərdə Ənvər Fərəcovun- Ənvər Çingizoğlunun dəst-xətti anındaca seçilirdi. Onun uşaqlar üçün yazdığı mətnlər elə uşaqların özü kimi saf, sadə, oxunaqlı, öyrədici idi. Sözlərindən təbəssüm yağırdı. Balaca dostlarına müraciətdə çox zaman "kövrək-kəpənək" ifadəsini işlədərdi. Bu ifadəsilə gözlərimiz önündə fidanlarımızın məsum, pak, şirin çöhrəsinin rəsmini çəkərdi. "Bir əli belində, bir əli telində" dediyi uşaqların mənəvi zənginliyi üçün yalnız kitablardakı bəlli nümunələri deyil, həm də özünün el-obadan minbir həvəslə "dərib-döşürdüyü" (özünün dili ilə deyirəm) sanamaları, cırnatmaları, düzgüləri, oxşamaları... tamaşaçılar ilk dəfə Azərbaycan    Televizyasının uşaq proqramlarından eşidirdilər:

 

   Quyu quyuya dayaqdı,

   Quyunun suyu boyaqdı.

   El yatıb, oba yatıb,

  Balam yatmır, oyaqdı.

 

  Quyu quyunun üstədi,

  Quyunun suyu püstədi.

  İgidlər boy-boy gəlir,

  Balam hamıdan üstədi.

    O illər uşaqların sevimli personajları olmuş Ağanəzər pəhləvan, Şən Şəbələ Ənvər Çingizoğlunun yaratdığı obrazlar idi. Həmin personajların dilindəki sadəlik, aydınlıq, yumor, gülüş Ənvərin ssenarilərindən "qanadlanırdı".

   Ənvər Çingizoğlu bir alim, ziyalı, vətəndaş kimi övladlıq borcunu, bəlkə də qədərindən çox yerinə yetirməyi bacardı. Azərbaycanın tarix elmi, folkloru, etnoqrafiyası, genealogiyası ilə bağlı yüzdən çox kitab ərsəyə gətirdi. Müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü gördü. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilirdi.

   Ənvər müəllimin kitablarının adlarını oxuyan kəs, ianamıram ki, onun məzmunu ilə tanış olmaqda tərəddüd edəydi: "Sözün nübar çağından", "Sultanlıq soydan gəlir", Şükür Şənolla birgə yazdığı "Qarabağın Aran ağzı- Arazbar" və s.

   "Sözün nübar çağından" kitabının ilk səhifəsində Ənvər Çingizoğlu sözün mübarək yolunu belə təsvir edir:

  "Söz. Sözün nübar çağı. O çağlar ki, söz düymə, qönçə, tumurcuq bələyindəydi. Hər yüzillikdə bir düymə, bir qönçə açılırdı. Və hər tumurcuq bir atlas yarpaq açdı. Ulu ozan babalarımız bu atlas yarpaq sözləri "bəndəmindən" üzüb sinəsinə qatladı, qəlbinə tay vurdu. Söz tayı- söz yükü bir tərəfi ürəyində, bir tərəfi dilinin ucunda gəzdi Ozan. Ozandan-ozana yetirə-yetirə çatdırdlar oğuzların Dədəsi Dədəmiz Qorquda".  Sonra da "Çiçək sözlər, ləçək sözlər zaman-zaman yaşadı. Solmadı, sozalmadı. Eldən-elə, dildən-dilə adlayıb ta günümüzə gəlib çatdı. Bizə dərib-döşürmək qaldı"- deyir. Dərib-döşürdüklərini oxucusuna pay verəndən sonra sözünü tamama yetirir:

   -"Gəzdik, döşürdük-dərdik.

   Açdıq, oxuduq.

   Aradıq, daradıq.

   İncə ələdik, sıx toxuduq.

  Yazdıq, bitirdik.

  Bir çalışma ərsəyə gətirdik.

  Meyliniz varsa "Bismillah" deyin".

   Yaradıcılığı boyu "Sözün nübar çağı"nın təravətini, ətrini solmağa, sozalmağa qoymadı, hər zaman diri saxladı. O sözlər ssenarilərində pardaqlandı, gül açdı. "Dərib-döşürdüyü" "nübar" sovqatından Azərbaycan Radiosunun "Bulağ"ına, "Xeyirə qənşər"inə də pay düşdü.

   Ömrünün son illərində səhhətində yaranan problemlər onu işindən soyuda bilmədi. Yazıb-yaratmağa davam etdi. Ömürünü həsr etdiyi, cəfasından zövq aldığı işindən usanmadı. Ömür yoldaşı Leysan xanım həyatı boyu onun qayğılarını fədakarlıqla çəkdi.

   Son günlərində tez-tez deyirdi ki, mən gedirəm. Kaş biləydin bu qardaşın özü ilə nələr aparır. Onları heç kəs yazmayacaq, yaza da bilməyəcək.

     Dedi və getdi. Həmin vaxt 2022-ci il iyulun 10-u idi. Düz iki ay əvvəl- mayın 10-da 60 yaşını qeyd etmişdik.

 Nazim Əlifov                                                                               

Избранный
76
news365.az

1Источники