RU

Ailə həkimi rubrikası Məsuliyyət daşıyan valideynlər sağlam uşaq böyütmək üçün necə qidalanmalıdır?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Böyüklərin qidalanması uşaqların sağlamlığına birbaşa və dolayı yollarla təsir edir. Bu, hamiləlikdən əvvəlki dövrdən başlayaraq uşağın bütün inkişaf mərhələlərinə qədər uzanır. Hamiləlikdən əvvəl və hamiləlik dövründə ana və ata namizədlərinin düzgün qidalanması genetik sağlamlığa və rüşeymin inkişafına təsir edir. Hamiləlik zamanı isə ananın qida rasionu (fərqli vitamin və minerallar – fol turşusu, dəmir, D vitamini və s.) dölün beyin, orqan və sümük inkişafına birbaşa təsir göstərir. Məsələn; dəmir çatışmazlığı olan hamilələrdə doğulan uşaqlarda anemiya və zəif inkişaf riski artır. Ana südünün keyfiyyəti qəbul etdiyi qidadan birbaşa asılıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb. Həkim-pediatr qeyd edib ki, ananın yediyi qidalar südün tərkibini dəyişir.

“Zəngin və balanslı qidalanan ana daha keyfiyyətli, müdafiə funksiyaları yüksək olan süd ifraz edir. Məsələn; Omeqa-3 ilə zəngin qidalar yeyən anaların südü körpənin beyin inkişafına daha çox töhfə verir”-deyən həkim hesab edir ki, valideynlərin ev mühitində qidalanma vərdişləri olmalıdır.

“Uşaqlar çox vaxt valideynləri təqlid edirlər. Əgər böyüklər sağlam qidalanırsa (tərəvəz, meyvə, su içmək və "fast-food"dan uzaq durmaq), uşaq da eyni vərdişləri mənimsəyir. Misal; ailədə hər gün süfrədə tərəvəz olur və valideynlər onları iştahla yeyirsə, uşaq da tərəvəz yeməyə maraq göstərəcək. Valideynlərdə "fast-food", qazlı içkilər, normadan artıq duz və şəkər istifadəsi varsa, bu vərdiş uşağa da keçir. Bu da uşaqda piylənmə, şəkər, diş çürümələri və digər sağlamlıq problemlərinə səbəb ola bilər”-deyə Şəhla Hacıyeva əlavə edib.

Həkimin fikrincə, sağlam qidalanan valideynlər daha sakit, enerjili və diqqətli olurlar: “Bu da uşağa emosional sabitlik, müsbət münasibət və təhlükəsizlik hissi ötürür – bunlar da uşağın zehni və psixoloji inkişafı üçün vacibdir. Valideynin yediyi hər tikə, uşağın həm fiziki, həm psixoloji, həm də emosional sağlamlığında rol oynaya bilər. Sağlam uşaq böyütmək istəyiriksə, öncə öz qidalanma mədəniyyətimizə diqqət etməliyik. Deməli, sağlam uşaq böyütmək üçün hələ o dünyaya gəlməmişdən öncə onun qayğısına qalmalıyıq.

Hamilə qadınlar və əmizdirən analar balanslı, vitamin və minerallarla zəngin, kimyəvi qatqısız qidalar yeməlidirlər. Xüsusilə; fol turşusu, dəmir və kalsium, Omeqa-3 (balıq, qoz), təmiz zülal (yumurta, toyuq, paxlalılar) mütləq gələcək ananın qida rasionunda olmalıdır ki, döl və körpə güclü immun sistem, beyin və sümük inkişafı ilə böyüyə bilsin”-deyə Şəhla Hacıyeva bildirib.

Şəhal Hacıyevanın fikrincə, valideynlər ailə süfrəsində sağlam qidalanmaq üzrə nümunəvi fərd olmalı və nəzərdən qaçırmamalıdır ki, uşaqlar onların davranışlarını təqlid edir. “Əgər böyüklər tərəvəz, meyvə, su içirsə, uşaq da eyni vərdişləri qazanır. Çalışmaq lazımdır ki, hər gün süfrədə müxtəlif rəngli tərəvəz və meyvələr olsun. “Fast food” yerinə evdə hazırlanmış sağlam yeməklər üstün tutulmalı, zərərli vərdişlərdən uzaq durulmalıdır. Ailə üzvləri qazlı içki, şirinlər, cips, konfetlə dolu dolab saxlayırsa, uşaq da həmin qidalara aludə olur. Uşağın gözü önündə bu tip zərərli qidalar meyvə qurusu, yulaflı ev şirniyyatı, kefir, qatıq, qoz-fındıq kimi sağlamlığa faydalı qidalarla əvəz edilməlidir”.

Həkim bildirib ki, uşaqlarda su içmək mədəniyyətini formalaşdırmaq lazımdır.

“Özünüz su içdikcə uşağa da “birlikdə su içək” deyin. Kompot, meyvə şirəsi deyil, təmiz su gündəlik içki olmalıdır.

Bir nüansı da diqqətdən qaçırmamağı tövsiyə edirik: Ailəvi yeməklər uşağın həm psixoloji inkişafına, həm də düzgün qidalanma rejiminə müsbət təsir göstərir. Həmçinin televizor və telefon qarşısında yeməkdən çəkinin. Çünki diqqət yeməkdə olmalıdır.

Əziz valideynlər, balanslı və keyfiyyətli qidalar qəbul etməyə çalışın.

Karbohidrat – qara çörək, yulaf, düyüZülal – yumurta, ət, paxlalılarYağlar – zeytun yağı, balıq yağıVitamin və minerallar – meyvə, tərəvəz, göyərtiSüd məhsulları – qatıq, pendir, kefir kimi faydalı qidaların istehlakına üstünlük verin.

Unutmayın ki, "Uşaq təkcə yeməyi yemir – o sizə baxır, sizdən öyrənir." Əgər siz sağlam yeyirsinizsə, uşağınız da sağlam böyüyəcək”-deyə həkim vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
bizimyol.info

1Источники