İstanbulun simvolik abidələrindən biri olan Ayasofya, 24 iyul 2020-ci ildə yenidən məscid olaraq ibadətə açılıb. Bu tarixi qərarın verilməsinin 5 ili tamam olub.
Redaktor.az xəbər verir ki, Ayasofya, 29 may 1453-cü ildə İstanbulun fəthi ilə birlikdə Fatih Sultan Mehmet tərəfindən kilsədən məscidə çevrilmişdi. Fəthdən sonra ilk Cümə namazı 1 iyun 1453-cü ildə Ayasofyada qılınıb. O gündən etibarən əsrlər boyu ibadət məkanı kimi fəaliyyət göstərən Ayasofya, 1934-cü ildə Nazirlər Kabinetinin qərarı ilə muzeyə çevrilmişdi.
Lakin 2020-ci ilin iyul ayında Türkiyə Dövlət Şurasının qərarı ilə bu dəyişiklik ləğv edildi və Prezident Ərdoğanın imzaladığı fərmanla Ayasofya yenidən ibadətə açıldı.
Hazırda Ayasofya həm ibadət məkanı, həm də turistlərin ziyarət etdiyi tarixi abidə kimi fəaliyyətini davam etdirir.
Kənan YUSİF