RU

Ukrayna necə bərpa ediləcək?

Müharibənin davam etməsi Ukraynaya böyük ziyan vurub. İnsan itkisi ilə yanaşı, bu ölkədə dağıntılar da kifayət qədər çoxdur. Bu da iqtisadiyyatın və əhalinin sosial vəziyyətinin ağırlaşmasına səbəb olub. Ona görə də, Ukraynanın bərpası üçün milyardlarla dollar vəsait lazımdır. Bu məsələ beynəlxalq birliyin də diqqət mərkəzindədir.

Yeri gəlmişkən, 10-11 iyulda  İtaliyanın paytaxtı Roma Ukraynanın Bərpası Konfransına ev sahibliyi edib. İtaliya və Ukrayna hökumətləri konfransda iştirakla bağlı 100-dək ölkəyə, onlarla beynəlxalq və maliyyə təşkilatına, 2500 şirkətə, yerli hakimiyyət orqanlarına, iki ölkənin və beynəlxalq vətəndaş cəmiyyəti birliklərinə dəvət göndərib. Konfransda Ukraynanın yenidən qurulması, islahatlar və modernləşdirilmə planları kimi məsələlər müzakirə olunub. İki günlük konfransda sahibkarlıq, humanitar, yerli, regional və Avropa İttifaqına üzvlük prosesində islahatlara dair mövzular da diqqət mərkəzində olub.

Vatikan sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Konfransdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq, İtaliyanın Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sercio Mattarella ölkəsinin mövqeyinin tamamilə qəti olduğunu və Ukraynaya hərtərəfli dəstək olacağını bildirib.

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo isə Ukrayna Prezidentini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahında qəbul edib. Papa Leo Rusiya və Ukrayna nümayəndələrini danışıqlar üçün Vatikanda qarşılamağa hazır olduğunu bir daha qeyd edib. Görüşdə sülhə aparan ədalətli və davamlı yolların aktuallığı, bunun üçün də dialoqun vacibliyi vurğulanıb.

Ukraynanın bərpasına 500 milyard avro lazımdır

Qeyd edək ki, Dünya Bankının münaqişə nəticəsində dəyən zərərlə bağlı ən son qiymətləndirməsində yenidənqurma işlərinin ümumi dəyəri 500 milyard avro təşkil edir. Hesablamalara görə, növbəti 10 il ərzində nəqliyyat sektorunun yenidən qurulması üçün təxminən 78 milyard dollar tələb olunur. Bu məbləğdən təkcə dəmir yolu sektorunun bərpası təxminən 15 milyard dollar investisiya tələb edir.

Konfransda çıxış edən V.Zelenski deyib ki, ölkəsi bərpa və yenidənqurma üçün böyük koalisiya yaratmağa çalışır. Onun sözlərinə görə, Ukraynanın yenidən qurulması üçün Marşal planına ehtiyac var. Zelenski 10 milyard avrodan çox ümumi dəyəri olan təxminən 200 sazişi imzalamağa hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, ölkə rəhbərliyinin növbəti aylarda prioriteti enerji sahəsi olacaq: “Hamımız Rusiyaya təzyiq göstərməyə davam etməli və mümkün qədər tez real atəşkəsə nail olmaq üçün müdafiəni gücləndirmək üzərində işləməliyik”.

Ukrayna üçün 10 milyard avro öhdəlik...

Tədbirə ev sahibliyi edən İtaliyanın Baş naziri Ciorcia Meloni isə bildirib ki, Romada keçirilən konfransın iştirakçıları Ukraynaya kömək etmək üçün 10 milyard avrodan çox (11,73 milyard dollar) vəsait vəd ediblər. “Düşünürəm ki, biz - millətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları, yerli hakimiyyət orqanları, biznes sektoru və vətəndaş cəmiyyəti bu gün birlikdə əldə etdiyimiz nəticə ilə fəxr etməliyik. Biz bu konfransda 10 milyard avrodan çox öhdəlik götürdük”, -deyə Meloni açılış nitqində vurğulayıb.

Bununla yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də Ukraynanın bərpası və yenidən qurulması səylərini dəstəkləmək üçün beynəlxalq və ikitərəfli dövlət maliyyə institutları ilə birlikdə 2,3 milyard avroluq yeni sazişlər paketini açıqlayıb. O qeyd edib ki, bu, Aİ-nin Ukraynanın bərpasına və onun Aİ-dəki gələcəyinə sadiqliyini göstərir.

“Reuters” agentliyinin məlumatına görə, Ukrayna İnvestisiya Planı çərçivəsində beynəlxalq və ikitərəfli dövlət maliyyə institutları ilə imzalanmış yeni 2,3 milyard avroluq sazişlər paketinə 1,8 milyard avro kredit zəmanəti və 580 milyon avro qrant daxildir. Ukraynaya 10 milyard avroya qədər investisiyanın səfərbər ediləcəyi gözlənilir.

Bundan əlavə, ötən il Berlində keçirilmiş Ukraynanın Bərpası Konfransında öz öhdəliyini yerinə yetirən Fon der Lyayen Avropa komandası yanaşmasında Ukraynanın ən böyük səhm fondunu elan edib: Avropa Komissiyası tərəfindən dəstəklənən Ukraynanın yenidən qurulması üçün yeni Avropa Flaqman Fondu Fransa, Almaniya, İtaliya və Polşa vasitəsilə bu missiyanı həyata keçirəcək.

İlkin kapitalı 220 milyon avro olan fond 2026-cı ilə qədər 500 milyon avro səfərbər etməyi hədəfləyir, həmçinin təhlükəsizlik şəraitinin yaxşılaşması ilə daha çox vəsait toplamaq nəzərdə tutulur. Flaqman Fondu Ukraynada özəl kapital ekosisteminin inkişafına kömək edəcək, yeni maliyyə vəsaitləri cəlb edəcək və mövcud bazar oyunçuları ilə birgə fəaliyyəti maksimum dərəcədə artıracaq. Avropa Komissiyasının prezidenti deyib: “Bu gün Aİ Ukraynanın ən güclü tərəfdaşı rolunu bir daha təsdiqləyir, təkcə onun əsas donoru deyil, həm də gələcəyinin əsas investorudur. İmzalanmış 2,3 milyard avroluq sazişlərlə biz binaların yenidən inşası, xəstəxanaların açılması, biznesin canlandırılması və enerji təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün 10 milyard avroya qədər sərmayə açmağı hədəfləyirik. Bu, hər gün Ukraynanın Aİ-yə daha bir addım yaxınlaşması deməkdir. Avropa bu gün və sabah Ukraynanın yanındadır”.

N.BAYRAMLI

Избранный
15
yeniazerbaycan.com

1Источники